Kateqoriyasız Müsahibə

“Onlara güvənərək bu yola çıxmışıq” – “Neftçi”nin məşqçisi

“Neftçi” komandasının məşqçisi Füzuli Məmmədov İdmanxeber.az saytına müsahibə verib.

-“Qarabağ” xaric bütün oyunlarda qələbə qazanmısınız. Hazırda lidersiniz. Belə başlanğıc gözləyirdiniz ?

– Təbii ki, gözləyirdik. Heyətimiz yaxşı futbolçulardan ibarətdir. Və onlara rəhbərlik edə biləcək təcrübəli baş məşqçimiz var. Bu çıxışı gözləyirdik.

-Uğurlu start və ardıcıl qələbələrin sirri nədir ?

-Uğurlu çıxışımızın ardıcıl olma səbəbi rəhbərliklə məşqçi heyətinin, oyunçuların arasında olan sıx əlaqədir. Bilirsiniz ki, futbol komanda oyunudur. Bu komandaya yalnız məşqçi heyəti və futbolçular daxil deyil. Eyni zamanda rəhbərlik də daxildir. Hər şey bir-birinə bağlı, zəncirvari şəkildə olmalıdır. Təbii ki, bütün bunlarla yanaşı baş məşqçimizin futbol bilgisi, savadı və təcrübəsi də var.

-Mövsüm sonuna qədər liderliyi davam etdirmək gücündəsiniz ?

-Hazırda elə bir heyətə sahibik ki, hər mövqeydə iki səviyyəli oyunçumuz var. Bütün bunları düşünəndə axıra kimi mübarizə aparıb və çempion olacağımıza ümid edirik.

-Belə görünür ki, çempionluq “Qarabağ” və “Neftçi” arasında keçəcək. Qurban Qurbanovun yetirmələrinin uzun illərdir davam edən hegomonluğuna son qoymaq mümkün olacaq, yoxsa bacardığınızı edəcəksiniz ?

– Əvvəlcə onu deyim ki, yarışda tək rəqibimiz “Qarabağ” deyil. Çempionatımızda “Sabah” və “Səbail” kimi güclü kollektivlər var. Biz yalnız “Qarabağ”la mübarizə aparsaq doğru yol seçmərik. Bütün rəqiblərimizə qarşı mübarizə aparıb sonda çempion olmalıyıq.

-Roberto Bordin “Zirə” ilə oyunda meydandan qovuldu. Qarşıdakı oyunlarda komanda onun yoxluğunda meydana çıxacaq. Bu amil  komandaya necə təsir edəcək ?

-Əlbəttə ki, istər-istəməz oyunçulara təsir edəcək. Komandanın baş məşqçisi öz yerində olanda meydanda futbolçular onun tapşırıqlarını daha yaxşı yerinə yetirməyə çalışırlar. Ancaq baş məşqçimizin kənarda olmaması bizdən uzaqda olduğu mənasına gəlmir. O, yenə futbolçuların arasındadır. Və təbii ki, bütün hazırlıqlar onun göstərişi ilə gedir. Oyundan əvvəl də oyunçularımıza lazımı tapşırıqları verib, bizə yaxın yerdə əyləşəcək. Əgər lazım olarsa, olduğu yerdən fikirlərini deyəcək və biz də öz növbəmizdə onu komandaya çatdıracayıq.

-Yəqin ki, “Qarabağ” – “Qəbələ” matçına baxdınız. Demək olar ki, Ağdam təmsilçisi əsas oyunçularını meydana buraxmayaraq, ikinci heyətlə rəqibi üzərində böyükhesablı qələbə qazandı. Əsas rəqibinizin bu qədər geniş heyətə sahib olması sizi qorxudurmu ?

-Deməzdim ki, “Qarabağ” ikinci heyətlə meydana çıxıb. Bu sözlə razı deyiləm. Hazırda “Qarabağ”ın elə bir heyəti var ki, hər biri kifayət qədər təhlükəli və səviyyəli oyunçulardır. O ki qaldı bizim onlardan qorxmağımıza təbii ki, qorxmuruq. Bizim də yaxşı oyunçularımız, təcrübəli baş məşqçimiz var. Onlara güvənərək bu yola çıxmışıq. Və ümid edirik ki, mövsüm sonunda çempion olan tərəf biz olacayıq.

-Bizdə olan məlumata görə, Qoran Paratski zədəlidir və qarşıdakı oyunu buraxa bilər. Xorvatiyalı “Səbail”ə qarşı meydanda olacaq ?

-Növbəti oyunda meydanda olub-olmayacağı barəsində dəqiq bir söz deyə bilmərəm. Çünki bu hələ dəqiqləşməyib. Ancaq olmasa belə heyətimizdə onun yerini dolduracaq oyunçular var. Yəqin ki, oyunçunun durumuna bir-iki gün içində aydınlıq gələcək.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Marsel”in “Qarabağ”la oyun üçün start heyəti bilindi – Fransa mətbuatı açıqladı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin