İdman

Orxan Sadıqlı: “Əgər “Kəpəz”i də uda bilməsək…”

“Keşlə”nin qapıçısı Orxan Sadıqlının İdmanxeber.com saytına müsahibəsi.

– Orxan, cari mövsüm “Keşlə”nin oyunlarına necə şərh verərdin?

– Açığı, xatırlamaq istəmirəm. Çünki bizim üçün yaxşı olmadı. Məşqçi dəyişikliyi, transfer qadağası və futbolçu qıtlığı işimizi çox çətinə saldı. Əlimizdə olan futbolçuların çoxu tez-tez zədələndi, yaxşı oyunlar keçirə bilmədik. 

– Bizdə olan məlumata görə, 2 yerli klubdan təklifin var…

– Eşitmisinizsə, demək nəsə var.

– Bunlar “Kəpəz” və “Qəbələ” deyil ki?

– Hələ heçnə məlum deyil və mənim “Keşlə” ilə 6 aylıq müqaviləm durur. Hələ ki, “Keşlə”nin futbolçusuyam. Zaur müəllimlə (Zaur Axundov, klubun preizdenti) görüşüm olacaq. Həmin görüşdən sonra bilinəcək, nə var, nə yox.

– Əgər başqa kluba keçmək variantın da varsa, yəqin ki, səndə yeni komandada oynamaq istəyərsən?

– Bilirsiz, ab-havadan çox şey asılıdı. Hazırda “Keşlə”də əksəriyyəti gənc futbolçulardı. Təcrübəlilərin sayı olduqca azdı. Bir dəfə belə halla üzləşmişəm. “Xəzər Lənkəran”da çıxış edərkən də, təcrübəlilər getdi, cavanlarla qaldıq. Düzdü, mən özüm də gəncəm. Ancaq qapıçı mövqeyi bir başqa olur. 

– Belə başa düşdük ki, eyni vəziyyətdən yorulmusan?

– Yorulmusan deyəndə ki, əgər bir kluba keçirəmsə, demək, canımı qoymalıyam. Futbolumu oynayıram, əlimdən gələni edirəm. Ancaq bəzən təəssüf ki, işlər sən istədiyin kimi getmir. “Keşlə”də də, vəziyyət gərgin oldu. Görək, klubun gələcək planları necə olacaq. Açığı istəmərəm, hər oyunu uduzum.

– Yəqin ki, kubok matçında “Kəpəz”i udacağınıza ümid edirsiz…

– Əlbəttə ki. “Kəpəz”i 100 faiz udmalıyıq. Çünki onların da vəziyyəti, bir o qədər ürəkaçan deyil. Öz səviyyəmizə uyğun olan rəqibi keçməyə borcluyuq. Əgər “Kəpəz”i də uda bilməsək, oturaq, gələcəyimiz haqda fikirləşək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43