Kateqoriyasız

“Oyun boyu “Qarabağ”a qarşı döyüşmədik” – Laurentsiu Regekampf

Misli Premyer Liqasında XVI turunda “Neftçi” doğma meydanda “Qarabağ”a 0:4 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Deyəcək çox şey yoxdur. Bu gün şərhsiz məğlub olduq. Oyundan əvvəl hazırladığımız heç nəyi meydanda etmədik. Bu cür matçlarda ürəklə oynamaq lazımdır. Qaçmalı, mübarizə aparmalısan, lazım olanda qaydanı pozmalısan. Belə görüşlərdə bunlardan istifadə etməyəndə çətin olur. Nəticəyə görə üzülürəm. Azarkeşlər, klubu sevənlərin qarşısında çox utanıram. Özümüzə qayıtmalıyıq. Qarşıda “Zirə”yə qarşı kubok matçlarımız var. Çox çətin olacaq”

– Bu ağır məğlubiyyət sizi nəyi düşünməyə vadar etdi?
– Bir çox şey. Öncə edəcəyim şey oyunu yenidən izləməkdir. Sabah məşqimiz var. Oyundan sonra danışmışıq. Hamı üzgündür. Amma bu, kifayət deyil. Oyundan əvvəl də danışmışdıq. Ən azı oyun boyu “Qarabağ”a qarşı döyüşmədik.

– Azər Əliyev ona yad olan sağ cinahda oynayırdı. Ora uyğunlaşmadığı görünürdü. Digər cinahdakı Azər Salahlı isə çoxlu səhvlər etdi. Cinahdakı problemlər nə vaxt həll olunacaq?
– Mən ilk mətbuat konfransında demişəm ki, futbolçularım barədə danışmayacam. Heyətə də nəzər yetirmək lazımdır. Həftə ərzində kimin özünü daha yaxşı göstərməsinə baxırıq. Azər Salahlı ağır perioddan sonra qayıdıb. Milli komandanın üzvüdür. Mənim üçün vacib olan onu addım-addım qaytarmaqdır. Oyunçu yaxşı formada olmayanda komanda ona kömək etməlidir. Hazırda çox çətindir. Bütün yerli oyunçularımız 100 faiz hazır deyillər. “Qarabağ”la matçda bu təcrübəyə malik futbolçular lazımdır. Ona görə də bu gün hər iki cinahla bağlı belə seçim etmişdik.

– Çempionluğa oynayan komandanın yaxşı hücumçusu olmalıdır. Donyonu müdafiə edirsiz, amma ümidləri doğrultmur…
– Bütün futbolçularımı müdafiə edəcəm. Oyunçularıma qarşı danışmayacam. Bu, düzgün çıxmır. Sizin oyunları analiz edib, fikir bildirmək hüququnuz var. Futbolçularımla tez-tez danışıram. Çalışırıq ki, istədiyimiz şeyi qura bilək. Daxildə çatışmazlıqlar barədə danışırıq. Qışda nələr edə biləcəyimizi müzakirə dirik. Xahiş edirəm, bizə bir az da vaxt verin. Düzgün məqam çatanda hər şey barədə məlumatlı olacaqsız.

– Yeni transferlərə “Neftçi”nin necə klub olduğunu, hara gəldiklərini izah etmirsiz?
– Demək olar eyni şeyləri soruşursuz.

– Çünki düzgün cavabları vermirsiz…
– Mən ümumi komandanın imici barədə danışa bilərəm. Heç kimi işarələməyəcəm. Mənim üçün vacib olan komandadır, futbolçu yox. İkinci qoldan sonra futbol oynamadıq. Meydanda ürəyimizi qoymalıyıq. Təcrübəli oyunçularımız var. Onlar situasiyanı idarə etməlidirlər. Qarşıdakı günlərdə bu mövzu barədə danışacağıq. Oyunlarımız var. “Zirə”yəq arşı kubok matçı vacibdir. Bu gün soyuq duş qəbul etmiş olduq. Hamılıqla bunu düşünməli və sabahdan hazırlaşmalıyıq.

– Oyundan sonra azarkeşlər komandanı çağırdı və Emin Mahmudov onların yanına tək getdi. Daha sonra fanatlar yenə komandanı təhqir etdi, Emin isə formasını çıxardı. Belə vəziyyətdə ən vacib oyunçunuz, kapitanınızın yanında deyildiz…
– Azarkeşlərin bu oyundan sonra narazı olması normaldır. Təhqirlərlə razılaşa bilmərəm. Amma onlar haqlıdırlar. Bugünkü oyunla deyilənlərə layiq idik.

– Qışa qədər vaxt istədiz. Daha sonra “Zirə”yə qarşı vacib matç olduğunu dediz. Qısa zamanda komandanı necə toparlayacaqsız?
– Əminəm ki, futbolçular bu situasiyada qalmayacaqlar. Oyundan sonra gördüm, hamısı daxilən əziyyət çəkir. Bizim üçün “soyuq duşdur”. Güzgüdə özümüzə baxıb, analiz etməliyik ki, nə etmişik, gələcəkdə nə etməliyik. “Zirə”yə qarşı tamamilə başqa komanda olacaq. Belə vəziyyətdə ağlamalı deyilik. Kişi kimi hazırlaşmalıyıq. Futbolçular peşəkardırlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43