Ölkə futbolu

“Oyunu ləngitmək, rəqibi provakasiyaya çəkmək bizim taktiki gedişimiz idi”

“Çox yaxşı, mübariz bir oyun keçdi. Meydança ideal vəziyyət olmadığı üçün orada texnikalı futbol göstərmək çətindir. Bu səbəbdən də mübarizəsi ilə yadda qalan oyun oldu. Ona görə də aqressiyası, vərəqələri ilə bol bir matçı geridə qoyduq. Rəqibi qıcıqlandırıcı, yorucu taktiki gedişlərimiz oldu”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan I Liqası təmsilçisi “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “Karvan” matçı (2:0) barədə danışarkən deyib.

O, Yevlax təmsilçisinin baş məşqçi Kənan Kərimovun görüşdən sonra “Zaqatala” hakimləri də özləri ilə gətirmişdi” sözlərinə  belə cavab verib:

“Bu onun şəxski fikiridir. Nə dediyi özlərinə aiddir, onların düşüncəsidir. Bu barədə rəy vermək istəmirəm. Elə görüb, elə də danışıb. Ancaq bizim matçda hakimlikdən narazı qaldığımız bir epizod yoxdur. Bəli, oyunu ləngitmək, rəqibi provakasiyaya çəkmək bizim taktiki gedişimiz idi. Bunlar futbolda var, bel şeyləri etmək problem deyil. Amma hər hansı bir hakimlə əlaqəmiz yoxdur.

Ümumiyyətlə, həmin referini tanımırıq belə. Bəli, mübahisəli epizod var idi. O da rəqib komandanın qol vurduğu epizoddur. Bunu da hakimlər belə dəyərləndirib. Açığı, futbolçumuz rüstəm Nuruyevə verilən qırmızı vərəqə də bizim üçün aydın olmadı. Çünki o, heç nə etməyib. Sübut kimi videoları da təqdim etmişik. Ümid edirik ki, İntizam Komitəsi bunu nəzərə alacaq”.

Məmmədov bölgə klubunun Premyer Liqada çıxış etmək istədiyini də sözlərinə əlavə edib. O, artıq bunun üçün rəsmi müraciət etdiklərini də bildirib:

“Təxminən iki ay öncə lisenziyalaşdırma işlərini tamamlayıb rəsmi müraciətimizi etmişik”.

Baş məşqçi “Zaqatala”nı Premyer Liqaya buraxacaqlar?” sualana isə belə cavab verib:

“Yaxşı sualdır. Ancaq bunun cavabını Allahdan başqa heç kim bilmir”.

Xatırladaq ki, “Karvan” – “Zaqatala” görüşünün baş hakimi Əli Əliyev olub. O, meydan sahibinin 2, qonaqların bir futbolçusuna qırmızı vərəqə göstərib. Bunlarla yanaşı, ev sahibi “Karvan” komandası matçda qollarının sayılmadığını iddia edərək hakimlərə təpki göstərib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43