İdman

“Oyunumda eniş hiss etmirəm” – Ramil Şeydayev

“Kifayət qədər yaxşı oynadıq. Əlbəttə, bəzi məqamlarda, səhvlər var idi. Lakin fikrimcə, get-gedə daha yaxşı olacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Ramil Şeydayev deyib.

O, millimizin heyətində Qırğızıstana qarşı keçirdiyi matçdan danışıb: “Təbii ki, qələbə üçün oynayırdıq. Bu üzdən hər şey gözləmək olardı. Daha çox qol vurmağa çalışırdıq. Bu, millidə yeni baş məşqçi ilə ilk qələbəmiz idi. Ümidvaram ki, gələcəkdə qələbələrimizin sayı daha çox olacaq”. 

Şeydayev millinin daha çox zamana ehtiyacının olduğunu açıqlayıb: “Yəqin ki, qarşılıqlı anlaşma daha çox olmalıdı. Elə də uzun müddət deyil ki, bir yerdəyik. Dəyişikliklər olduğundan, yeni futbolçuları çox da tanımırıq. Eləsi var ki, birinci dəfədir görürük. Eləsi də var ki, çoxdan birgəyik. Buna görə də daha çox birgə olmalıyıq. Bundan başqa, öz oyunumdan da razı qalmadım. Öz üzərimdə daha çox işləməliyəm. Lakin oyunumda eniş hiss etmirəm”.

Gənc hücumçu imkanlarının olmasına baxmayaraq, fərqlənə bilməyib. O, bunun səbəbini izah edib: “Fərqlənmək üçün yaxşı imkanım oldu. Ötürmə vermək istədim, amma alınmadı. Sonradan isə iti bucaq altından zərbə vurdum. Amma daha tez vursaydım, qol imkanımı lazımınca dəyərləndirəcəkdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43