Kateqoriyasız

“Özümə həddən artıq tənqidi yanaşan insanam” – Şahruddin Məhəmmədəliyev

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə matç öncəsi AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

 

İdmanxeber.az həmin müsahibəni təqdim edir:

 

– Belə demək mümkünsə, karyeranızın ən pik nöqtəsində ardıcıl iki zədə aldınız. İndi özünüzü necə hiss edirsiniz, əvvəlki formanı tam bərpa etdiyinizi düşünürsünüz?

– Əslində zədələndiyim an karyeramın ən pik nöqtəsində olduğumu düşünmürəm. Amma mövsümdə ilk dəfə yüksək səviyyədə çıxış edirdim. Zədəmə gəlincə, əlimdəki əməliyyatdan sonra formamı tam bərpa etməsəm də, gündən-günə özümü yaxşı hiss edirəm.

 

– Həm “Qarabağ”da, həm də millidə Emil Balayevlə, belə demək mümkünsə, amansız rəqabət aparırsınız. Bu barədə nə deyə bilərsiniz?

– Peşəkarlıq baxımından bu suala cavab vermək nə dərəcədə doğrudur bilmirəm. Ona görə də, bu sualı cavablandırmasam, daha yaxşı olar.

 

– Bir qapıçı kimi özünüzdə bəyənmədiyiniz xüsusiyyət nədir və ya nə kimi çatışmazlığınızın olduğunu düşünürsünüz?

– Ümumiyyətlə, özümə həddən artıq tənqidi yanaşan insanam. Təbii ki, çatışmazlıqlar var və onları aradan qaldırmaq üçün səylə çalışıram.

 

– Azərbaycanda ən çox bəyəndiyiniz qapıçı kimdir?

– Azərbaycanda ən çox bəyəndiyim qapıçılar Emil Balayev və Mehdi Cənnətovdur.

 

– Bəs dünya futbolunda ən çox bəyəndiyiniz qapıçı kimdir?

– Dünya futbolunda isə İsveçrə millisinin qapıçısı Yann Sommerin oyununu bəyənirəm.

 

– Öz oyun üslubunuza bənzətdiyiniz qapıçı varmı?

– Məncə, oyun üslubuma görə, heç bir qapıçıya bənzəmirəm. Amma çox istərdim ki, dünya futbolunun ən məşhur qapıçılarının oyun üslubu, xüsusiyyətləri məndə də olsun.

 

– Sizcə, futbol tarixinin ən yaxşı qapıçısı kimdir?

– Bu suala cavab olaraq birmənalı şəkildə Lev Yaşinin adını çəkə bilərəm. Çünki o, dünya futbolunda qapıçı mövqeyinə bir çox yeniliklər gətirib.

 

– Milli seçmə mərhələyə Portuqaliya yığmasına minimalhesablı məğlubiyyətlə başladı. O qarşılaşmada meydanda ən yaxşılardan biri idiniz, hətta ən çox seyv edən qapıçı oldunuz. Həmin oyun barədə nə deyə bilərsiniz?

– Portuqaliya millisi ilə oyunu səhvim üzündən məğlub olmağımızla xatırlayıram. Bununla belə, həmin görüşdə məndə çox şey alındı, çoxlu seyvlər etdim. Əslində, bir qapıçı kimi bu mənim işimdir. Məğlub olduğumuz üçün Portuqaliya millisi ilə qarşılaşmanı xoş təəssüratlarla xatırlaya bilmirəm.

 

– Bakıda yenidən Portuqaliya millisinə qarşı oynayacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

– Yenidən dünyanın ən yaxşı milli komandasına qarşı oynayacağıq. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

 

– Ümumiyyətlə, millinin heyətində ən yaddaqalan oyun hansını hesab edirsiniz? Və nəyə görə yaddaqalan olub?

– Milli komandanın heyətində ən yaddaqalan oyunum Monteneqro yığmasına qarşı debüt matçım olub. Çünki ilk qarşılaşma həmişə həyəcanlı olur.

 

– Portuqaliya millisi ilə ilk görüşdə sizin də əla oyununla sürpriz edə bilərdik. Necə düşünürsünüz, Bakıdakı oyunda bunu bacara biləcəyik?

– Ümid edirəm ki, yaxşı nəticə qazanmaqla bu dəfə azarkeşlərimizi sevindirəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43