İdman

Pərviz Abdullayevin növbəti rəqibi müəyyənləşdi

Belarusun paytaxtı Minsk şəhərində K1 qaydaları üzrə dünya kəməri uğrunda superdöyüşdə qələbə qazanan Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayevin bu uğuruna həsr olunan mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, 72,5 kq çəki dərəcəsində ən güclü adını qazanmaq üçün baş tutan mərakeşli Rəşid Belani ilə qarşılaşmanın yekunları ilə bağlı tədbir Bakıdakı “Qafqaz Point” otelində təşkil olunub. Mətbuat konfransında kikboksçu ilə yanaşı, “Qəbələ”nin döyüş növləri üzrə əlaqələndiricisi Səbuhi Qarayev və Abdullayevin şəxsi məşqçisi Mehman Umudov da iştirak ediblər.

Qarayev “Qəbələ”də digər idman növlərinə ayrılan diqqətdən, məqsədlərdən danışıb: “Qəbələ” İdman Klubunda bir çox bölmələr fəaliyyət göstərir. Bu yaxınlarda bizdə sərbəst güləş bölməsi də fəaliyyətə başladı. Məqsədimiz, uşaq-yeniyetmələrimizi sağlam ruhda tərbiyələndirməkdir”.

Minskdəki döyüşlə bağlı danışan Umudov isə yetirməsinin asanlıqla qalib gəlməsinə baxmayaraq, rəqibinin zəif olmadığını bildirib. Onun sözlərinə əsasən döyüşün tez bitməsi Belaninin zəif olması ilə deyil, idmançımızın daha güclü olması ilə bağlıdır.

“Həmişəki kimi yenə döyüşə daha hazırlıqlı idim. Belani ilə qarşılaşmaya 2 ay əvvəldən hazırlaşmağa başlamışdım. Bunun nəticəsində də taktiki və texniki cəhətdən heç bir çatışmamazlığım yox idi. Rəqibimi də yaxşı öyrənmişdim. Düzgün üslub seçib, həlledici məqamda afrikalını nokauta göndərdim”

Abdullayev karyerası ilə bağlı planlarını da açıqlayıb. O bildirib ki, növbəti döyüşünü 2015-ci ilin fevralında keçirəcəyi də, rəqibi də müəyyənləşib: “2015-ci ildə də reytinq xarakterli döyüşlərdə qüvvəmi sınayacağam. İlk belə sınaq fevrala planlaşdırılıb. Həmin vaxt “Draqu” ləqəbli erməni kikboksçusu Qoqa Arutyunyanla qarşılaşacağam. Rəqibim K1-də tanınmış rinq ustalarından biri sayılır. Promouterlər bu görüşün maraqlı, gərgin və diqqətçəkən olacağını nəzərə alıb, belə bir dueli təşkil ediblər. Həmin döyüşdə də qalib gəlib, xalqımızı sevindirərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43