Ölkə futbolu

PFL cavab gözləyir: “Ən qısa zamanda hər şey məlum olacaq”

Peşəkar Futbol Liqası (PFL) ilə beynəlxalq internet yayım şirkəti “Insports.tv” arasında danışıqlar yekunlaşmayıb.

Bir müddət öncə PFL Misli Premyer Liqasının oyunlarının beynəlxaq şirkət “Insports.tv”də yayımlanacağı barədə danışıq apardığını açıqlamışdı. Buna qədər çempionat matçları PFL-in rəsmi “YouTube” kanalında yayımlansa da, sonradan bu dayandırıldı.

Ancaq danışıqların davam etməsinə rəğmən, Premyer Liqa görüşlərinin yenidən “YouTube” üzərindən yayımlanmağa başlaması PFL-in sözügedən şirkətlə razılaşa bilmədiyi iddiasını gündəmə gətirib.

Bununla bağlı məsələnin nə yerdə olduğunu bilmək üçün qurumun media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. PFL rəsmisi idmanxeber.az-a açıqlamasında bunları dedi:

“Ötən həftə “Insports”-a sonuncu test ötürüşü idi. Bu həftə qəti cavab verəcəklər. Ondan sonra ya müqavilə bağlayacağıq, ya da əvvəlki kimi “YouTube” üzərindən davam edəcəyik. Bizim tərəfdən hər şey qaydasındadır. Onların istədiyi bütün detalları icra etmişik. Etiraf etdilər ki, bu cür operativliyi gözləmirdilər. Artıq son qərar onlara qalıb. Yəqin ki, ən qısa zamanda hər şey məlum olacaq”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43