Layihə

Premyer Liqada qış fasiləsi: Kim “yatmış”, kim “oyaq”? (LAYİHƏ)

Artıq Premyer Liqada qış fasiləsi yekunlaşır. Fasilə zamanı bir neçə Premyer Liqa, hətta iki I Divizion klubumuz ("Şəmkir" və "Səbail") da təlim məşq toplanışı üçün Türkiyəyə yollandılar. Təbii ki, maliyyə problemləri ucbatından Premyer Liqada çıxış edən iki klubumuz – “Kəpəz” və AZAL transfer bazarında zəiflik göstərdikləri kimi, ölkə xaricinə də gedə bilmədi.  Transfer pəncərəsinin açılışından lazımınca istifadə edən bəzi komandalarımız heyətini yeni futbolçularla gücləndirdi. Ümumiyyətlə, komandalarımız qış fasiləsindən necə yararlandı?

 

Yanvarın 5-dən Türkiyəyə yollanan son ölkə çempionumuz “Qarabağ” qış fasiləsi zamanı heyətində elə də ciddi dəyişiklər etmədi. Komanda heyətinə 2 futbolçu cəlb etdiyi halda 3 futbolçu ilə yollarını ayırdı. İlin ən səs-küylü transferlərindən olan Elşən Abdullayev və Ağabala Ramazanov bundan sonra Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirəcək. “Neftçi”yə gedən Namiq Ələsgərovla “Səbail”ə icarəyə verilən Emil Balayev komanda üçün elə də ciddi itki sayılmamalıdır. Hər iki futbolçunun ehtiyyatda  qaldıqlarını nəzərə alsaq, onların gedişinə haqq qazandırmaq olar. Komandadan ən gözlənilməz ayrılıq isə bir neçə gün öncə baş verdi. “Qarabağ”ın qol silahı sayılan Reynaldo iki gün öncə komandadan ayrılaraq Türkiyənin “Adanaspor” klubuna transfer oldu. Ağdam klubu Namiq Ələsgərovu “Neftçi”yə azad agent kimi göndərsə də, Reynadonun transferindən 500 min avro qazanc əldə etdi. Antalyada təlim-məşq toplanışı zamanı komandanın düşərgəsinə baxışa gələn Rusiyanın “Amkar” klubunun futbolçusu Rinat Hüseynov isə Qurban Qurbanovun ürəyincə olmayıb. O, yoxlama oyununda sınandıqdan sonra komandanın düşərgəsindən göndərilib.

Yanvarın  23-nə kimi Antalyada olan Ağdam təmsilçisi bu müddət ərzində 4 yoxlama oyununda qüvvəsini sınayıb. Komanda ilk oyunda Albaniyanın “Skenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlib. İkinci oyunda Rumıniyanın “Styaua” klubu ilə qarşılaşan ağdamlılar 2:0 hesablı qələbəyə sevinib. Yanvarın 22-də iki yoxlama oyunu keçirən Qurban Qurbanovun komandası ilk oyunda Qazaxıstanın "Atırau" klubuna məğlub olub – 0:1. Günün ikinci qarşılaşmasında isə “Qarabağ” Polşa yüksək liqa təmsilçisi “Termalika” klubu üz-üzə gəlib. Matç “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Əlverişsiz hava şəraiti ilə əlaqədar Antalyaya getmə planı bir günlük ertələnən “Qəbələ” isə yanvarın 11-də Türkiyədəki hazılıqlarına start verib. “Qəbələ” klubunu da transfer cəhətdən aktiv saymaq olmaz. Qış fasiləsi zamanı “Neftçi”dən Araz Abdullayevi heyətinə qatan “qırmızı-qaralar” Sadiq Quliyev və Petar Frayniç ilə yollarını ayırıb. Bundan əlavə, Qəbələ təmsilçisi qapıçı Dmitri Bezotosni ilə müqavilə müddətini artırıb.

Qəbələ təmsilçisi Antalya toplanışı zamanı 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Komanda ilk oyununda Albaniyanın “Partizani” klubunda 2:1 hesabı ilə məğlub olub. Daha sonra Rumıniyanın “Qaz Metan” klubuna 1:0 hesabı ilə qalib gələn komanda Qazaxıstanın “Ordabası” klubu ilə qolsuz heç-heçəyə razılaşıb. Son oyunda Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşan “qırmızı-qaralar” 2:1 hesablı qələbəyə sevinib.

 

“İnter” də hava şəraiti ilə əlaqədar Antalyaya bir gün gec yollanıb. Komanda təlim-məşq toplanışına yanvarın 11-də start verib.  Yanvarın 15-də Qazaxıstanın “Ordabaşı" komandası ilə yoxlama görüşündə qüvvəsini sınayan “bankirlər” 0:0 hesablı heç-heçəyə razılaşıb.   Komanda ayın 18-i Rumıniyanın  “Botoşani” klubu ilə qarşılaşıb və 1:1 hesablı bərabərlik əldə edib. "Bankirlər" yanvarın 19-u  Tacikistanın “İstiqlol” klubuna 2:1 hesabı ilə qalib gəlib.  Son oyununu yanvarın 21-də Rusiyanın “Orenburq” klubuna qarşı keçirən paytaxt təmsilçisi 1:1 hesablı bərabərliyə razılaşıb.

 

UEFA-nın kluba transfer qadağası qoyduğu üçün komanda heyətinə yeni futbolçular cəlb edə bilməyib. Ağabala Ramazanovun “Qarabağ"a, Ruslan Abışovun isə “Neftçi”yə keçidi komandanın ikinci dövrədəki oyununa təsir göstərəcək. Bundan əlavə, dünən yayılan məlumata görə,  Azərbaycan Beynəlxalq Bankı (ABB) “İnter” klubuna  sponsorluğunu dayandırıb. Bu, qarşıda “İnter”i çətin günlərin gözlədiyindən xəbər verir.

 

“Sumqayıt da Türkiyəyə planlaşdırılandan bir gün gec yollanıb. Yanvarın  11-dən Antalyada təlim-məşq toplanışında olan “kimyaçılar” ilk oyunlarını Albaniyanın “Skendrbeu" klubuna qarşı keçirib və 1:3 hesabı ilə məğlub olub. İkinci yoxlama oyununda Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşan “kimyaçılar” bu görüşdə də məğlub olublar – 1:0. Komanda son oyununda  Qazaxıstanın i “Atırau” klubu ilə qarşılaşıb. Matç 2:1 hesabı ilə “Atırau”nun  xeyrinə başa çatıb.

 

“Sumqayıt” da transferlər etməkdə aktivlik göstərmir. Komanda ilk transferlərini dünən gerçəkləşdirib. Belə ki, “kimyaçılar” Sergey Çernışev və Fərhat Qıstarovla müqavilə imzalayıb. Komandadan ayrılan futbolçulara gəlincə, Amit Quluzadə Yunanıstanın “Larisa” klubuna transfer olunub. Komandadan ayrılan daha 3 futbolçu  İbrahim Abednejad, Afşin İsmailzadə və Vaqif Cavadov isə hələ ki, klubsuzdur.

“Zirə” də təlim-məşq toplanışları üçün Antalyaya üz tutan komandaların sırasındadır. Yanvarın 16-da Türkiyəyə yollanan “qartallar” 2 yoxlama görüşündə qüvvəsini sınayıblar. Komanda ilk yoxlama görüşündə Qırğızıstan təmsilçisi “Dordoy”la qarşılaşıb. Matç “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə" yanvarın 22-də Bolqarıstan təmsilçisi “Lokomotiv”lə qarşılaşıb. Bu görüşdə isə təmsilçimiz 1:0 hesabı ilə məğlub olub.

 

Transferlərə gəlincə, “qartallar” baş məşqçi Adil Şükürovun yerinə əvəzedici komandanın çalışdırıcısı Ayxan Abbasovu gətirib. Komanda hələ ki, 2 transferlə kifayətlənib. "Qartallar" “Qəbələ”dən Sadiq Quliyevi,Türkiyənin “Alanyaspor” klubundan isə Akim Latifunu heyətinə qatıb. 3 futbolçu isə komandadan göndərilib. Bunlar Gerhard Proqni, Cəmil Hacıyev və İsa Cəbiyevdir.

 

Qış transfer pəncərəsinin ən fəal klubu “Neftçi”dir. Premyer Liqada uğurlu çıxış etməyən komanda qış fasiləsi zamanı heyətində ciddi dəyişikliklər edib. Belə ki, Elxan Abdullayev fasilə zamanı 10 futbolçu ilə yollarını ayırdı. Bunlar Vançe Şikov, Denilson Pereyra, Dario Melnyak, Eltun Yaqublu (“Səbail” – icarəyə), Orxan Qurbanlı (“Səbail” – icarəyə), Elşən Abdullayev (“Qarabağ”), Araz Abdullayev (“Qəbələ”), Katalin Tira, Kreşevan Santini və Jonas Pesallidir.

 

Komanda göndərilən futbolçuların yerinə yeni transferləri də həyata keçirib. Bunlar Kirill Petrov (“Olimpik”, Ukrayna), Namiq Ələsgərov (“Qarabağ”), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), Georgi Navalovski (“Veria”, Yunanıstan), İqnasio Errera (“İrtış”, Qazaxıstan), Pavel Dreksa (“Siqma”, Çexiya), Ruslan Abışovdur (“İnter”).

“Neftçi” də hazırlıq üçün Antalyayı seçənlərin sırasında idi. Komanda təlim-məşq toplanışı zamanı 4 yoxlama görşündə qüvvəsini sınayıb. Komanda yoxlama matçlarında “Sivasspor” (Türkiyə, 0:0), “Konkordiya” (Rumıniya, 1:1)  və “Tosno” (Rusiya, 2:2) ilə bərabərə qalmış, Albaniyanın “Kukesi” klubuna 4:2, Özbəkistanın “Nasaf” komandasına isə 1:0 hesabı ilə məğlub olub.

 

Ölkənin böyük tarixə malik olan kublarından biri olan “Kəpəz” isə hazırlıqlarını Bakıda keçib. “Sarı-göylər” hazırlıqları çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Komanda yoxlama görüşləri çərçivəsində AZAL-a 2:1 hesabı ilə məğlub olmuş, MOİK-lə isə qolsuz heç-heçəyə razılaşmışdır. “Kəpəz” yeganə qələbəsini “Qaradağ Lökbatan”la görüşdə qazanıb – 2:1.

 

Transferlərə gəlincə, “Kəpəz” çox acınacaqlı halla üzləşib. Mövsüm boyu futbolçu qıtlığından gileylənən Şahin Diniyev, çox güman ki, mövsümün qalan hissəsini də eyni futbolçularla keçirməli olacaq. Komandaya maddi vəsait ayrılmadığından yeni transferlər etmək mümkün olmayıb. Komanda qış fasiləsi zamanı yanlnız bir futbolçu – “Şəmkir”dən Sahib Abbasovu cəlb edə bilib.

 

Pulsuzluq ucbatından Bakıda qalan daha bir klubumuz isə AZAL-dır. Təlim-məşq toplanışı üçün xaricə getməyə imkanı olmayan komanda hazırlıqlarını klubun bazasında keçib. Komanda hazırlıqlar çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayıb. İlk yoxlama oyununda “Qaradağ Lökbatan”a 3:1 hesabı ilə qalib gələn “təyyarəçilər” ikinci görüşdə MOİK-I məğlub edib – 2:0. Komanda son yoxlama oyununda isə  “Kəpəz”I məğlub edib – 2:1.

 

Transferlərə gəlincə, “təyyarəçilər” 2-si legioner olmaqla 3 futbolçu ilə müqavilə imzalayıblar. Sözügedən futbolçular Tərlan Qasımzadə, Arkadi Qalıperin və Omeqa Robertsdir. Komanda baxışa bir neçə futbolçu dəvət etsə də, müqavilə imzalanmayıb. Xatırladaq ki, qış fasiləsi zamanı Mirzağa Hüseynpur, Taqim Novruzov (hər ikisi "Səbail"), Ruslan Nəsirli (MOİK), Brayan Fok, Adan Koronado, David Canelidze, Qvanzav Maqomedov, Fərhad Budaqov, Mahsun Qəmbərli, Rəşad Əzizli və Hossain Qolamit komandanı tərk edib.

İlkin İsmayılzadə
* Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43