Layihə

Premyer Liqada son tur: formal və AL-ə vəsiqə verən oyunlar (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı ikinci yazısı.

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə dünən – aprelin 29-u keçirilən 4 matçla yekun vuruldu. Mövsümün son turunda keçirilən 4 qarşılaşmadan ikisi formal xarakter daşısa da, digər iki matçda “Kəpəz” və “Zirə” Avroliqaya vəsiqə verən 4-cü  yer uğrunda mübarizə aparırdı. Bu mübarizədə “Zirə” AZAL səfərində məğlub olmalı, “Kəpəz” isə “İnter”i böyük hesabla udmalı idi. Lakin bu, baş vermədi.

“Kəpəz”dən layiqli mübarizə

Mövsümün sonuncu – 28-ci turunda keçirilən matçlardan 3-ü eyni vaxtda – saat 16:00-da başlayacaqdı. Bu görüşlərdən biri də Avroliqaya vəsiqə qazanmaq şansı olan “Kəpəz”in oyunu idi. Gəncə təmsilçisi doğma meydanda bürünc medalın sahibi “İnter”lə qarşılaşırdı. Ev oyunlarında ot örtüyü səbəbilə matça hər zaman “1:0” öndə başlayan “Kəpəz” bu görüşdə də asanlıqla təslim olmaq niyyətində deyildi. Buna görə də, baş məşqçi Şahin Diniyev görüşə ən döyüşkən heyətini çıxarmışdı. Son 3 matçda qalib gələn gəncəlilər bu oyunda da sevinən tərəf oldu – 1:0.

Matç gözlənildiyi kimi, “Kəpəz”in hücumları ilə başladı. Bir neçə epizodda “sarı-göylər” hesabı açmağa yaxın olsa da, bəzən “bankirlər”in qolkiperi Orxan Sadıqlı buna mane oldu, bəzən də zərbələrdə dəqiqlik çatışmadı. Lakin bunlara baxmayaraq, “İnter” də asanlıqla təslim olmaq niyyətində deyildi. Matç “İnter” üçün formal xarakter daşısa da, komandanın hücumçusu Rauf Əliyev üçün böyük önəm kəsb edirdi. Bombardirlik yarışında “Qəbələ”nin futbolçusu Filip Ozobiçlə eyni sayda qol vuran hücumçu fərdi mükafata sahib olmaq üçün ən azı bir dəfə fərqlənməliydi. Lakin futbolçu çox çalışsa da, qol vura bilmədi. Görüşün ilk hissəsi 0:0 hesablı bərabərliklə başa çatdı. İkinci hissəyə də “Kəpəz” daha aktiv başladı. Bunun nəticəsində komandaya qələbə qazandıran qolu vurmağa müvəffəq oldu. “Kəpəz”in mövsüm ərzində ən yaxşılarından olan Dario Federiko 49-cu dəqiqədə həmyerlisi Renan Silvanın ötürməsini qolla tamamladı. Qol duyumu və texnikası yüksək olan futbolçunun adının “Qəbələ” və “Qarabağ”la hallanır. Qoldan sonra “İnter”in hesabı dəyişmək üçün irəli atılsa da, bunun nəticəsi olmadı. Beləliklə, “Kəpəz” məğlubiyyətsizlik seriyasını 4-ə yüksəltsə də, AZAL – “Zirə”  matçının nəticəsinə görə Avroliqaya yüksələ bilmədi.

“Zirə”ni Avroliqaya aparan qələbə

Günün daha bir maraqla gözlənilən matçı Şüvəlanda keçirilirdi. Burada “Zirə” AZAL-ın qonağı idi. “Qartallar” bu görüşdə məğlub olmayacaqları təqdirdə, Avroliqaya yüksələcəkdi. Matç AZAL üçün elə də önəm kəsb etmirdi. Artıq Premyer Liqanı autsayder kimi başa vuracağı rəsmiləşən “təyyarəçilər” isə bu görüşə ikinci heyətlə çıxmışdı.

Matç gözlənildiyi kimi “Zirə”nin hücumları ilə başladı. İlk dəqiqələrdən hücuma atılan Ayxan Abbasovun komandası bir neçə epizodda fərqlənməyə yaxın olsa da, bunu bacarmadı. Lakin komanda istəyinə görüşün 34-cü dəqiqəsində çatdı. Komandanın kapitanı Elvin Məmmədov fərqlənməyi bacardı. Fasiləyə qalib yollan “qartallar” ikinci hissəyə daha sürətli başladı. Bunun nəticəsində komanda 53-cü dəqiqədə təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq şansı qazandı. Topun arxasına keçən Milan Duriç 54-cü dəqiqədə dəqiq zərbə ilə komandasının 2-ci qolunu vurdu. Oyunda son qol da standart vəziyyətdən vuruldu. 83-cü dəqiqədə matçın baş hakimi Əliyar Ağayevin AZAL-ın qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Təmkin Xəlilzadə dəqiq yerinə yetirərək, hesab arasındakı fərqi 3-ə yüksəltdi. Bununla da, aktivinə 3 xal yazdıran “Zirə” Avroliqaya vəsiqəni rəsmiləşdirdi.

“Sumqayıt”dan sürpriz

Sonuncu turun formal, amma maraqla gözlənilən matçından biri Sumqayıtda keçirildi. Burada “Qəbələ” yerli “Sumqayıt” klubunun qonağı idi. Gənclərdən təşkil olunmasına baxmayaraq, baxımlı oyun sərgiləyən Samir Abasovun komandası mövsümü qələbə ilə başa vurmaq niyyətindəydi. Gümüş medallarına qovuşan “Qəbələ” üçün isə matç elə də ciddi önəm kəsb etmirdi. Maraqlıdır ki, “Qəbələ” cari mövsümdə “Sumqayıt”la oyunlarda hər zaman çətinliklə üzləşirdi. Komandaların mövsüm ərzindəki görüşlərində çempionluğa iddialı “Qəbələ” “Sumqayıt”la matçlarda 1 qələbə, 2 heç-heçə əldə etmişdi ki, bu da 1-ci yer uğrunda mübarizədə əyalət təmsilçisinə ciddi zərbə idi. Ümumiyyətlə, “qırmızı-qaralar”ın “Sumqayıt”la səfər matçları hər zaman çətin olur. Əyalət təmsilçisi sonuncu dəfə “kimyaçıları” “Kapital Bank Arena”da 2015-ci ildə məğlub edə bilmişdi.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bu görüşdə əsas heyət üzvlərindən bir çoxuna istirahət vermişdi. Mövsümü titulla tamamlamaq istəyən Qriqorçuk gücünü kubokun finalına saxlayırdı. Qriqorçukdan fərqli olaraq Samir Abasov isə komandanı meydana əsas heyətlə çıxarmışdı.

Matç “Qəbələ”nin hücumları ilə başladı. Erkən qol vurmaq istəyən əyalət təmsilçisi istəyinə çata bilmirdi. Komandanın ilk hissədə ən real qol şansını Dabo yaratdı. O, qapıçı Fərhad Vəliyevlə təkbətək mübarizədə topu qapıdan keçirə bilmədi. “Sumqayıt”ın buna cavabı isə qolla oldu. Görüşün 27-ci dəqiqəsində “Sumqayıt”ın hücumçusu Amil Yunanov “Qəbələ”ni mərkəzə dəvət etdi. Bu, həm də “Sumqayıt”ın ev oyunlarında vurduğu 100-cü qol idi. 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparan “kimyaçılar” bu qoladək ev oyunlarında 99 dəfə fərqlənə bilmişdi. Qolun şokundan ayıla bilməyən “qırmızı-qaralar” 2 dəqiqə sonra qapısında ikinci topu gördü. Bu dəfə Mirabdulla Abbasov fərqləndi. “Qəbələ” fasiləyədək buraxılan qollardan birinin əvəzini çıxa bildi. 40-cı dəqiqədə Rəşad Eyubovun ötürməsini Asif Məmmədov qolla tamamladı. Bununla belə, “Sumqayıt” fasiləyə qalib yollandı. Görüşün ikinci hissəsi də “Sumqayıt” daha üstün oyun nümayiş etdirirdi. Rəqibi təzyiq altında saxlayan “kimyaçılar” hesab arasındakı fərqi artırmağa yaxın olsalar da bunu bacarmadılar. Nəticədə, matç “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə başa çatdı.

“Neftçi” yenə uduzdu

Premyer Liqada mövsümün sonuncu oyunu “Neftçi” və “Qarabağ” komandaları arasında baş tutdu. Cari mövsüm kubok oyunları daxil olmaqla 6-cı dəfə üz-üzə gələn bu iki komandanın oyununda sevinən tərəf yenə “Qarabağ” oldu – 1:2.

Çempion üçün bu matç formal xarakter daşısa da, komanda asanlıqla təslim olmaq niyyətində deyildi. Qriqorçukdan fərqli olaraq, Qurban Qurbanov bu matçda komandanın əsas üzvlərinə şans vermişdi. Qarşıdan “Qəbələ” ilə final oyunun olmasını nəzərə alsaq, bu addımı bir az riskli hesab etmək olardı, amma Ağdam klubu üçün heç bir çətinlik yaranmadı. Avroliqaya yüksəlmək şanslarını ötən tur itirən “Neftçi” üçün də bu matç formal xarakter daşıyırdı. Matçın yegənə prinsipiallığı iki tarixi klubun qarşılaşması idi.

Oyun “Neftçi”nin hücumları ilə start götürdü. İlk dəqiqələrdən irəli atılan “ağ-qaralar” hesabı aça bilmədi. Nəticədə, üstünlüyü ələ keçirən Ağdam klubu “Neftçi”nin  müdafiəsində yaranan boşluqlardan istifadə etməyə başladı. Təhlükəli hücular yaradan “Qarabağ” bir neçə epizodda qola yaxın olsa da, Boyan Baykoviç və qapı tiri hesabın açılmasına mane olurdu. Demək olar ki, ilk hissə hesab açılmasa da, “Qarabağ”ın açıq-aşkar üstünlüyü şəraitində keçdi. Stadionun tablosundakı sıfırlar görüşün 47-ci dəqiqəsində dəyişdi. Baykoviçlə təkbətək mübarizədə qapıya zərbə vurmayıb, Dino Ndlovunun fərqlənməsi üçün ötürmə edən Migel Madera komandasının hesabda önə çıxmasında böyük pay sahibi oldu – 0:1. Qoldan sonra hücumlarının kəsərini daha da artıran “Qarabağ” hesabı öz xeyrinə dəyişə bildi. Görüşün 61-ci dəqiqəsində Muarem Muaremin qapı qarşısına göndərdiyi topu “Neftçi”nin kapitanı Ruslan Abışov öz qapısından keçirdi – 0:2. Oyun boyu “Neftçi”ni topsuz qoyan  “Qarabağ” matçın əsas vaxtının sonuncu dəqiqəsində öz səhvindən qapısında qol gördü. 89-cu dəqiqədə Riçard Almeydanın səhvindən sonra qapıçı ilə təkbətək qalan İqnasio Herrera hesab arasındakı fərqi minimuma endirdi. Lakin bu qol “Neftçi”ni məğlubiyyətdən xilas edə bilmədi. Beləliklə, ardıcıl 4-cü dəfə çempion olan “Qarabağ” mövsümün sonuncu oyununda da qələbə qazandı.

Onu da qeyd edək ki, bir neçə tur öncə “Neftçi”nin baş məşqçisi Elxan  Abdullayevin “Forza “Neftçi” azarkeş qrupunu “xuliqan” adlandırması, eləcə də ötən tur “Zirə” ilə matçda eyni qrupun polislər tərəfindən meydandan çıxarılmasından sonra, azarkeşlər bəyanat yayaraq, “Neftçi” – “Qarabağ” oyununa gəlməyəcəklərini bildirmişdilər. “Neftçi” “Qarabağ”la matçı demək olar ki, azarkeşsiz keçirdi. Azarkeşsiz qalan “Neftçi”yə daha bir zərbəni “Qarabağ” fanatları vurdu. “Qarabağ” azarkeşləri tərəfindən açılan banner nə qədər təhqiramiz olsa da, bir o qədər də kreativ düşünülmüşdü. Lakin istənilən halda ölkənin ən köklü klubunun stadionuna belə bir “vaqon” gətirmək qəbuledilməzdi.

İlkin İsmayılzadə

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43