Premyer Liqa

Premyer Liqada yeni rekord

Topaz Premyer Liqasının ikinci yarısı rekordla başlayıb. 19-cu turun 3 qarşılaşmasında böyükhesablı nəticə qeydə alınıb ki, bu da cari mövsüm üçün görünməmiş haldır. “Qəbələ” “Sumqayıt”la səfər, “Neftçi” “Simurq”la ev oyununda eyni – 3:0 hesablı qələbə qazanıb. “Bakı” isə öz meydanında “Rəvan”ı 5:1 hesabı ilə yenib. Mövsümün əvvəlki 18 turunda ən çox – 2 böyük hesab 4-cü turda qeydə alınmışdı. Digər turlarda isə 1-dən artıq belə nəticə olmayıb.

Ümumilikdə isə cari mövsümdə 17 dəfə komandalardan biri 3 və daha çox top fərqilə qalib gəlib. “Bakı” 5-ci belə qələbəsini qazanmaqla bu göstəricidə liderliyi ələ alıb. “Qarabağ”ın hesabında isə 4 böyükhesablı qələbə var. “Neftçi” 3-cü, “Qəbələ” 2-ci fərqli qalibiyyətini alıb. Onlardan başqa, “Simurq”un 2, “İnter”in 1 uğuru var. Digər 4 klub isə belə qələbə qazanmayıb. “Rəvan” 5-ci, “Sumqayıt” 3-cü dəfə böyükhesabla uduzub. Sonuncular bu göstəricidə “Xəzər Lənkəran”a çatıb. İkinci dəfə ağır yenilgi alan “Simurq” isə AZAL-a çatıb. “Bakı” ilə “Neftçi” 1 dəfə böyük hesabla uduzubsa, digər 3 komanda belə yenilgi almayıb.

Qeyd edək ki, eyni turda 3 böyükhesablı nəticənin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün 3-cü turunda təsadüf olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43