Layihə

Premyer Liqamızın iddialılarının media işi (LAYİHƏ)

Müasir zamanda məlumatın oxuculara çatdırılması üçün sosial şəbəkələrdən daha çox istifadə edilir. Xüsusilə, geniş istifadəçi kütləsi olan sosial şəbəkələrdə müxtəlif dövlət qurumları, şirkətlər, xəbər agentlikləri və s. ən son məhsullarını, xəbərlərini və məlumatları çatdırmaq üçün “facebook”, “twitter” və “instagram” kimi sosial şəbəkələrdən daha çox istifadə edir.

Bir çox sahələrdə olduğu kimi futbolda da məlumatın oxuculara rahat çatdırılması üçün sosial şəbəkələrdən istifadə olunur. Avropa klublarının, demək olar ki, böyük bir qismi komandanın rəsmi saytlarından daha çox sosial şəbəkə aktivliyi ilə seçilir. Bəs, görəsən, Premyer Liqamızda çıxış edən komandalarımızın media işi nə yerdədir? Bunun üçün Premyer Liqada turnir cədvəlinin ilk 3 pilləsində də qərarlaşan komandaların sosial şəbəkə və rəsmi saytlarının aktivliyini təhlil etmək qərarına gəldik. İlk olaraq son ölkə çempionu “Qarabağ”ın media işi ilə maraqlandıq.

Ağdam klubu bu işdə, demək olar ki, liderdir. Komandanın rəsmi saytı gündəlik yenilənir və oxucularına komandada baş verən ən son məlumatları, oyunsonrası mətbuat konfarsında baş məşqçinin fikirlərini, futbolçuların açıqlamalarını təqdim edir. Bundan əlavə, “Qarabağ”ın keçirdiyi görüşlərdən də fotolar sayta yerləşdirilir.

Komanda sosial şəbəkələrdə də aktivliyi ilə seçilir. Klubun rəsmi “facebook” səhifəsinin 137 minə yaxın izləyicisi var. Burada əsas komanda ilə yanaşı, aşağı yaş qrupları ilə bağlı da müxtəlif xəbərlər yerləşdirilir. Bundan əlavə, klubun rəsmi “instagram” hesabı da izləyicilərinə gündəlik məlumatları çatdırır. 2 mindən çox izləyicisi olan “twitter” sosial şəbəkəsindəki hesab aktivliyinə görə digərlərindən geri qalsa da, fəaliyyətini davam etdirir. Bunlardan başqa, komandanın rəsmi “Youtube” kanalı da fəaliyyət göstərir. “Qarabağ TV” adlı kanalın 9 minə yaxın izləyicisi var. Burada komandanın oyunlarının və məşqlərinin icmalı, matç öncəsi promo videolar yerləşdirilir.

Aktivliyinə görə “Qarabağ”dan heç də geri qalmayan “Qəbələ”nin də media işi xüsusi qeyd edilməlidir. Əyalət təmsilçisinin də rəsmi saytı azarkeşlərə ən son məlumatları vaxtında çatdırır. Saytda təkcə futbolla deyil, “Qəbələ” İdman Klubu ilə bağlı məlumatlar, keçirilən turnirləri, qalibləri və s. barədə də xəbərlər yerləşdirilir.

Komandanın sosial şəbəkələrdəki səhifələri də aktiv istifadə edilir. 124 minə yaxın izləyicisi olan “facebook” səhifəsi klubda baş verən ən son məlumatları izləyicilərinə çatdırır. Səhifə digər klubların səhifələri ilə müqayisədə daha “creative”dir. Bir müddət öncə hakim səhvlərinə etiraz edən “Qəbələ” klubu “facebook” səhifəsindəki paylaşımları ilə də gündəmə gəlmişdi.

Komandanın “twitter” hesabı isə o qədər də aktiv deyil. 993 izləyicisi olan hesabda sonuncu dəfə yanvarın 30-u paylaşım edilib. “Twitter”dən fərqli olaraq “Youtube” kanalının işi alqışalayiqdir. Burada komandanın oyunlarının icmalı, maraqlı açıqlamalar, aşağı yaş qruplarının oyunları, promo videolar və s. yerləşdirilir. Kanalın 2 min 700 izləyicisi var.

Premyer Liqa təmsilçisi “İnter” də digər iki klubdan geri qalmır. Komandanın rəsmi saytı, demək olar ki, hər gün yenilənir. Burada klubun aşağı yaş qrupları, əvəzedici heyətin oyunları komandada baş vermiş ən son hadisələr barədə  məlumatlar yerləşdirilir.

Komanda sosial şəbəkələrdəki aktivliyini də xüsusi qeyd etməliyik. Klubun “facebook” səhifəsində komandanın məşqlərindən, oyunlarından fotoreportajlar, müsahibələr, icmallar paylaşılır. Bundan əlavə, komandanın məşqləri zamanı “facebook” vasitəsilə canlı yayımlar da təşkil edilir.

Klubun “twitter” hesabı da “facebook”dan geri qalmır. 690 izləyicisinin olmasına baxmayaraq, səhifə tez-tez yenilənir.

2 minə yaxın izləyicisi olan “youtube” kanalı isə digərləri ilə müqayisədə zəif təsir bağışlayır. Kanalda komandanın məşqlərindən, oyunların icmalından və futbolçular barədə hazırlanmış videolar yerləşdirilir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43