Premyer Liqa

Premyer Liqanın 25-ci turunun TƏHLİLİ

Premyer Liqanın 25-ci turunu da beləcə geridə qoyduq. 

Baş tutan 5 qarşılaşmanın heç birində heç-heçə qeydə alınmayıb. Belə ki, keçirilən oyunların ikisində meydan, üçündə isə qonaq komandalar qələbəni bayram edən tərəf olub. 

İdmanxeber.com isə sizi turun 5 diqqətçəkən məqamı ilə tanış edir.

1. “Xəzər Lənkəran”ın qeyri-stabil çıxışı.


“Ağ-yaşıllar” azarkeşlərini məyus etməkdə davam edir. Gözünü kuboka dikən Cənub klubu Bayılda “Rəvan”la keçirilən matçda əsas heyətin bir neçə üzvünə istirahət vermişdi ki, sonucda bu da yenilgiyə gətirib çıxartdı. Mbilla Etame, Rahid Əmirquliyev, Saido Tounkara kimi aparıcı üzvləri olmadan döyüşə atılan “gəmiçilər” autsaderi məğlub edə bilməməsində başlıca faktor komandanın psixoloji durumu oldu desək, yanılmarıq. Belə ki, Dənizlinin rəhbərlik etdiyi komanda fasilədən sonra “Qarabağ” üzərində qazandığı qələbə 2014-cü ilə yüksək motivasiyada start götürdü. Ardı “Neftçi” (ev, 2:2), “Qəbələ” (səfər, 3:2) ilə gəldi. Lakin “Bakı”yla ev oyununda (xüsusən də ilk yarıda) göstərilən oyun, boşa verilən onlarca qol imkanından yararlana bilməyən XL-in səbr kasası dolunca, “zolaqlılar” fürsəti əldən verməyərək, imkanlarından maksimum istifadə etdilər. Və bundan sonra yenidən xal itkiləri başladı: AZAL – 2:2 (halbuki komanda 2:0 öndə idi), “İnter” 1:1 və sonuncu “Rəvan” yenilgisi – 1:2.

2. “Qəbələ”nin ev sindromu: 3 oyun, 3 məğlubiyyət


Yuri Syominin rəhbərlik etdiyi komanda bu tur “Neftçi”yə yenilməklə bu mövsüm ev oyunlarındakı məğlubiyyət sayısını 5-ə çatdırdı. Əyalət klubunun bu yeniligisi Yuri Syominin rəqibin gücünə uyğun taktika seçməməsi ilə əlaqələndirmək olar. Rusiyalı mütəxəssis son 4 ev oyununda müxtəlif taktikalardan istifadə edib. Misal üçün, 20-ci turda “Qarabağ”la oyunda nominal olaraq bir hücumçu ilə meydana çıxan komanda (Mendi), 21-ci turdakı “Xəzər Lənkəran”la ev oyununda 2 hücumçu (Kamanan, Subotiç), ilə qələbə qazanmağın yollarını axtardı. Autsader “Rəvan”la 23-cü turdakı oyunda da eyni taktika tətbiq olundu: iki hücumçu, Mendi və Subotiç “aslanlar”ın müdafiə xəttini yarmağa çalışdı, ancaq… Nəticə qonaqları sevindirəcək sonucla yekunlaşdı – 0:0. Və sonuncu “Neftçi” oyunu… Bu dəfə isə Syomin əlində olan 4 hücumçunun 3-ünü meydana buraxdı – Mendi, Subotiç və Kamanan. Məğlubiyyət yenə qaçılmaz oldu. 

Syominin yeganə səhvi rəqibin gücünə hesablanmış heyət qurmamasıdı. Yəni, rusiyalı “Rəvan”la matçda 2, “Neftçi”ylə oyunda isə 3 hücumçu ilə komandanı meydana çıxarması anlaşılmazdı. 

3. “Qarabağ”: XL-lə oyunda alınan yenilgidən çıxarılan dərs…


Ağdam klubu sössüz ki, göstərdiyi məzmunlu futbolu nəticələrində əks etdirir. Qurban Qurbanovun yetirmələri üçün fasilədən sonrakı “Xəzər Lənkəran”la oyunda alınan yenilgi soyuq duş oldu və bu məğlubiyyət onları toparlanmalarına sövq etdi. Məhz “Qarabağ” bu yenilginin ardından meydana çıxdığı 6 qarşılaşmada 5 qələbə, 1 heç-heçə əldə edib. 40 gün içərisində 7 oyun keçirən Ağdam klubu “Bakı”nı yenməklə ikinci yerdə qərarlaşan “Qəbələ”ylə xal fərqini 9-a çatdırıb ki, bu da kifayət qədər yaxşı göstəricidi. 

4. Kardozo qayıtdı, “Neftçi” özünə gəldi.


Paytaxt klubunun “Xəzər Lənkəran” səfərində itirdiyi Karlos Kardozo “Neftçi”nin aparıcı üzvü olduğunu dönüşü ilə xatırlatdı. Braziliyalı futbolçunun Lənkəranda qırmızı almasından sonra “ağ-qaralar” keçirdiyi 4 oyunda 3 yenilgi, 1 heç-heçəyə nail olub. Braziliyalının yoxluğunda komanda 10 dəfə rəqib futbolçuların qollarına məyus olub. Lakin ardozonun dönüşü Qəbələ səfərinə təsadüff etdi ki, bu zaman da uğursuz sindorm qırıld.

5. İşlər rəvan gedəndə…


Güvənç Kurtarın rəhbərlik etdiyi komanda ardıcıl olaraq 3 oyunda 7 xal toplayıb. İddialılar – “Qəbələ”ylə (səfər) oyunda alınan heç-heçə və “Xəzər Lənkəran” üzərində qələbə, eləcə də AZAL-ı Adamoviçin tək qolu ilə məyus edən “aslanlar” koamanda adına mövsümün rekorduna imza atıblar. Yəni, bu 3 turda qazanılan 7 xal geridə qalan 25- turluq təqvimdə heç vaxt ard-arda sıralanmamışdı. 

Qəbələdə qaytardığı iki penalti ilə qəhramana, daha sonra göstərdiyi jestlə antiqəhramana çevrilən Lukaş Sapela çərçivəni Kamal Bayramova verdikdən sonra “Rəvan” keçirdiyi iki matçda 6 xal qazanıb.  Bundan əlavə Kurtar son 3 turda Xuan Manuel Vareanı meydana buraxmır. Düzdü, argentinalı forvard onsu da fasilədən sonrakı oyunların yalnız ikisində əsas heyətdə meydana çıxıb. Lakin o, digər oyunlarda sonradan meydana daxil olub. Maraqlıdır ki, “Rəvan”ın 7 xal qazandığı 3 oyunun heç birində Vareaya şans verilməyib. Yəqin ki, çalışdırıcı argentinalının düşərsiz futbolçu olduğunu anlayıb.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43