İdman

Prezidentdən jurnalistin öldürülməsinə münasibət – “Futbolçunun qohumları…”

Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi məsələsinə münasibət bildirib.

İdmanxeber.com-un “Azərtac”a istinadən yaydığı xəbərə görə, dövlət başçısı bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşdə deyib ki, Avropa Parlamenti tərəfindən hazırlanan bəzi sənədlərdə ölkəmizə qarşı qərəzli və yalan məlumatlar yer alıb.

Prezident deyib: “Guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə Prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır” – deyə prezident bildirib.

Xatırladaq ki, “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov jurnalist R.Əliyevə qarşı hazırlanan cinayəti bilib xəbər verməməkdə ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrub edilib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43