Kateqoriyasız

“Pul məsələsi olsaydı, burda olmayacaqdım” – “Neftçi”nin yeni baş məşqçisi

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı keçirilib.

Futbolpress.az xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb…

– Hamınızı salamlayıram. Klub rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkür edirəm ki, məni bura dəvət etdilər. Bu gün işimə, komandanı hazırlamağa başlayacağıq. Əminəm ki, birlikdə klubu layiq olduğu yerlərə çıxaraq. Bu, böyük mübarizədir. Konfrans Liqasında uğur qazanmaq, irəli getmək istəyirik. Eyni zamanda ölkə çempionluğu uğrunda mübarizə aparacağıq. Bilirik ki, bu, asan deyil. Ancaq həyatda asan heç nə yoxdur.

– Konfrans Liqası oyununa bir aydan az vaxt qalıb. Bu zaman kəsiyi sizə nə qədər mane olacaq?
– Komandanı hazırlamaq üçün az müddət var. Eyni zamanda, milli komandanın oyunçuları hələ komandaya qoşulmayıb. Bir neçə gün sonra bizimlə birgə olacaqlar. Digər futbolçular artıq məşqlərə başlayıb. İyulun 1-dən təlim-məşq toplanışına başlayacağıq. Bütün futbolçular orada olacaq. Bura vaxtdan şikayətlənmək üçün gəlməmişəm. Vaxtla bağlı həmişə problem olur. Çünki zaman çox sürətli keçir. Biz komandanı hazırlığına başlayacağıq və əminəm ki, komanda Konfrans Liqasının ilk oyununa kimi hazır olacaq.

– “Neftçi”də qapıçı ilə bağlı problem var. Rəşad Əzizli “Səbail”də icarədə idi. O, komandaya qayıdacaq?
– Bu mövzuda suallara cavab verə bilmərəm. Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq. Tez bir zamanda komanda, yeni futbolçular barədə xəbərləri görəcəksiz.

– “Neftçi”nin tələbkar azarkeşləri var və hər uğursuzluqda məşqçini günahlandırırlar. Bu təzyiqə dözə biləcəksiz?
– Bu, mənim üçün problem deyil. Hər yerdə təzyiq altında işləmişəm. Azarkeşləri yaxşı başa düşürəm. Məşqçinin uğur gətirməsini istəyirlər. Mən bu təzyiqi özüm üçün motivasiya kimi görür və oyunçularımı oyatmaq üçün istifadə edirəm. Düşünürəm ki, hər bir oyunda azarkeşlər yanımızda olsunlar və həm dəstək olsunlar, həm də təzyiq yaratsınlar.

– Köməkçilərinizin sırasında yerli məşqçilər olacaqmı?
– Mənim bütün köməkçilərim yanımdadır. Əvəzedici heyətin baş məşqçisi ilə yaxından əməkdaşlıq edəcəm. Çünki klubda hər bir gənc futbolçu barədə məlumat toplamalıyam. Qərar versək ki, yerli məşqçi də olmalıdır, bu baxımdan problem yoxdur.

– Rumıniya mətbuatı aylıq 40 min avro maaş alacağınızı yazır…
– Heç vaxt pul barədə danışmıram. Müqavilə konfidensialdır. Mənimlə klub arasında olan bir şeydir. Mətbuat həmişə belədir. Aydındır, bu məsələ insanlara maraqlıdır. Həmişə həqiqəti əks etdirmir.

– Son illər işlədiyiniz komandalarda uzun müddət qalmamısız…
– Müqaviləm 2 illikdir. Mən klub prezidentini 5 illik sözləşməyə məcbur edə bilmərəm. Gəlin, gözləyən. Gələcəkdə nə olacağını yalnız Allah bilir.

– Vaxtilə həmyerliniz Mirça Rednik Azərbaycanda işləyib. Ondan məsləhət almısız?
– Xeyr. Kimdənsə “Neftçi” barədə maraqlanmağa ehtiyac görmədim. Hər komandaya öz baxış bucağım var. Təklif aldıqdan sonra Bakıya gəldim, rəhbərliklə üzbəüz söhbət etdik, layihə barədə müzakirə apardıq. Sonda qərar verdik. Bilirəm ki, “Neftçi” ölkədə ən tanınmış klubdur. Başqa insanlarla danışmağa ehtiyac yoxdur. Dediyim sözlər aldığım məlumatlardan irəli gəlir.

– Hansı taktiki düzülüşə üstünlük verəcəksiz?
– Məncə düzülüş yox, dinamika daha vacibdir. Çox hücumameyilli futbol oynayacağıq. Mənim futbol fəlsəfəm elədir ki, komandam topa sahib olsun, sürətli oynasın, aqressiv mübarizə aparsın, kompakt olsun. Bunların üzərində çox işləyəcəyik. Düzülüş barədə hər şeyi bilirəm. Bunu ilk rəsmi oyunda göstərmək istəyirəm.

– Azərbaycan çempionatında legioner limiti var. Bu, sizin üçün problem deyil?
– Lazımı mövqelərə nə qədər çox xarici oyunçu gətirsən, uğur qazanmaq imkanın da çoxalır. Eyni zamanda yerlilər də daha çox işləməli olacaqlar. Onlara yaxşı futbolçularla birgə məşq etmək imkanı yaranacaq və səviyyələri artacaq. Heç vaxt media qarşısında şikayətlənməyəcəm. Hakimlərlə bağlı da danışmağı sevmirəm. Ancaq bəzən meydanın kənarında bunları unudursan. Çalışacam ki, öz oyunçularımı dəstəkləyim. Şikayət olduğu zaman da qapalı yerdə müzakirə edim. O insanlarla ki, həll etsinlər.

– Azərbaycan çempionatı barədə hansı təsəvvürə maliksiz? Rumıniya liqası ilə müqayisə edə bilərsiz?
– Xeyr, müqayisə etməyəcəm. Gəlməzdən öncə kifayət qədər məlumatım var idi. Son illər ölkə klubları Avropada uğur qazanıb. Kifayət qədər məlumatım var.

– Rəhbərliyin hansı şərtləri sizi bura gətirdi?
– “Neftçi” Azərbaycanın ən böyük klubdur, Konfrans Liqasında oynayır, yaxşı heyətə, yaxşı idarəçiliyə sahibdir. Burda olduğuma görə məmnunam. Heç də hər şey pulla bağlı deyil. Pul məsələsi olsaydı, burda olmayacaqdım.

– Yaşınız az olsa da, çox klub dəyişmisiz və bəzilərində az qalmısız. Bu, nə ilə bağlıdır?
– Deməzdim ki, çox komanda dəyişmişəm. “Styaua”da böyük uğurlarım olub. Çempionlar Liqasında format dəyişəndən sonra komandanı qrup mərhələsinə daşıyan ilk mütəxəssis olmuşam. İlk məşqçiyəm ki, “Styaua”nı qrupdan çıxarmışam, hətta “Ayaks”ı mübarizədən kənarlaşdırmışam. Səudiyyə Ərəbistanında “Əl-Hilal”ı Çempionlar Liqasının finalına çıxarmışam. Uğursuzluğum o oldu ki, yaponiyalı hakim 4 penaltini vermədi. “Əl-Vahda”da 3 kubok qazandım. “Əl-Vasla”ya getməyim o qədər də yaxşı olmadı. Orada iki prezident arasında gedən kiçik müharibənin qurbanı oldum. Ordan da Rumıniyaya qayıdıb, “Universitatya Krayova”nın baş məşqçisi oldum. Məqsəd Konfrans Liqasına getmək idi. İkinci il çempion olmalıydıq. Ancaq rəhbərliklə görüşdən sonra anladım ki, çempion olmaq şərtinə uyğun dəstək olmayacaq. Ona görə də ayrıldım. Mən Konfrans Liqasında oynayan komandanı çalışdırmağa layiqəm. Azərbaycana açıq ürəklə gəlmişəm. İnanıram ki, bu yolun sonunda uğur qazanacağıq.

– “Neftçi” avrokubokların qurumundan uzaq düşüb. Siz isə bu baxımdan təcrübəyə maliksiz. Komanda yenidən Avropada uğur qazana biləcək?
– İstəyim elə budur. Söz verə bilərəm ki, əlimdən gələni edəcəm. Bu, mənim işim və həyatımın bir hissəsidir. Özümü hər gün hazırlayıram. Həmişə eyni səviyyəni qorumaq asan deyil. Öz üzərində çalışmalı və hər bir çağırışa hazır olmalısan, yeniliklərlə maraqlanmalısan. Mənim üçün ən önəmli şey işdir. Hər gün hazlr olmalıyam.

– Son illər Azərbaycan futbolunda “Qarabağ”ın hegemonluğu var. Onlarla rəqabət apara biləcəksiz?
– Ötən mövsümün demək olar ki, bütün oyunlarını izləmişəm. İndi bu barədə danışmaq istəmirəm. Düşüncələrim var. Klub prezidenti və öz agentimlə danışmışam. Birlikdə komandanı daha yaxşı edəcəyik. Çalışacağıq ki, komandanı bizi qane edən səviyyəyə çatdıraq ki, titulu qazana bilək. Bu, asan olmayacaq. Ancaq dediyim kimi, heç nə asan deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43