Ölkə futbolu

“Qələbə ruhunu qaytarmalıyıq” – Regekamf

“Oyun barədə danışılası heç nə yoxdur. Azarkeşlərdən üzr istəyirik. Kubokda finala çıxdıqdan sonra komandada konsantrasiya yox idi. “Qarabağ”la oyundan bu problem davam edir. Qarşıdakı görüşlərdə düşüncəmizi dəyişməliyik. Qələbə rubunu yenidən qaytarmalıyıq. Zədəli oyunçularımız artıq tam sağalıblar. Rəqibdən belə oyun gözlənilirdi. Kubokun yarımfinalında çox əziyyət çəkmişdilər. Həftəboyu oyunçulara asan olmayacağını demişdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekamf “Turan Tovuz” məğlubiyyətinin ardından deyib. O, daha sonra belə davam edib:

“Bizim səviyyəli komandalarda belə hesablar olmamalıdır. Çox asan qollar buraxdıq. Birinci qolda top bizdə idi, itirdik və qapımızda təhlükə oldu. Çox şeyi müzakirə etmək olar. Əgər ürəyində “Neftçi” loqosunu daşıyırsansa, daha yaxşı mübarizə aparmalısan. 

Məğlubiyyət hamımız üçün utancvericidir. Mən, rəhbərlik və oyunçular hamımız birik. Komanda uğur qazananda da həmişə “biz” deyirəm. Qarşıda çalışmaq üçün 3 həftə vaxtımız var. Bu nəticəni düzəltməliyik, bütün tənqidləri qəbul edirik. Oyunçuları hazırlamaq çətindir. Bu formanı geyirnirsənsə, başqa cür davranmalısan. Bizim komandanın heyəti elə də böyük deyil. Seçim şansım azdı. Buna görə də həssas davranmalıyıq. Mənim haqqımda çoxlu tənqidlər yazılacaq. Bunlar normaldır. 

Oyunun ardından futbolçularla söhbətim oldu. Görüşün əvvəlində dediklərimi təkrar etdim. İzah etdim ki, bunların hamısını demişdim və başımıza gəldi. Əlavə də onlara ayılmalı və daha ciddi davranmalı olduğumuzu dedim.

Əlimizdə kubok qazanmaq şansımız var, bundan istifadə etməliyik. Çünki bu, tituldur. Oyunçulara bunu aşılamaq asan deyil. Finala çıxmaq üçün mübarizə aparıblar, qazanmağa haqqları var. Komanda artıq 3-cü yerə təmin edib, belə halda oyunlara köklənmək çətindi. Təkrar edirəm, hesab bizə yaraşmadı.

Mövsüm sonu 3-cü yer barədə rəhbərlik fikrini mənə bildirəcək və ona görə qərar veriləcək. Onu deyim ki, bəzi əlavələrlə gələn mövsüm çempionluğa oynayan komanda formalaşdıra bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43