Kateqoriyasız

“Qalatasaray” Toral Bayramov üçün təklif göndərib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın müdafiəçisi Toral Bayramovun adının Türkiyənin “Qalatasaray” klubu ilə hallanmasına münasibət bildirib.

İdmanxeber.az xəbər verir ki, o, Çexiyaya səfər öncəsi jurnalistlərə açıqlamasında hər hansı təklif almadıqlarını deyib:

“Bizdə belə məlumat yoxdur. Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir. Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verib. Gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar”.

Türkiyə mətbuatı “Qalatasaray”ın, eyni zamanda digər Super Liqa təmsilçisi “Kayserispor”un və aşağı liqa komandası “Eyüpspor”un Toral Bayramovu istədiyini yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43