Müsahibə

“Qalatasaray”ın əfsanəsi “Xəzər Lənkəran”la bağlı danışdı – MÜSAHİBƏ

"Bakı" klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz müsahibəsində Mustafa Dənizli ilə Güvənc Kurtarın Azərbaycanda işləməsi, ölkə çempionatının səviyyəsi barədə danışıb.

– Hazırda Türkiyənin iki məşqçisi Azərbaycanda çalışır. Bu nə mənada ölkə futbolu üçün yaxşı haldı?

– Mən Azərbaycanda işləyəndə də türk məşqçi və futbolçularının Azərbaycanda çalışdığını görmüşəm. Azərbaycan və Türkiyə yaxın ölkələrdir. Aramızda dil problemi yoxdu. Uyğunlaşmaq üçün çox vaxt lazım olmur. Bu mənada ölkənizə gələn türk məşqçilərinin futbolun inkişafına dəstək olacağını düşünürəm. Xüsusilə Mustafa Dənizli barədə danışmaq istərdim. O həm yaxşı insan, həm də güclü peşəkardı.

– Sizcə Dənizli Toşak edə bilmədiyini edəcək?

– Con Toşakın Lənkəranda işi haqda məlumatım yoxdu. Amma Dənizli komandanı yeni səviyyəyə yüksəldə bilər. Sadəcə zaman lazım olacaq. Azərbaycan çempionatı düşündüyümüz kimi asan turnir deyil. Yerli mentaliteti öyrənmək, futbol fəlsəfəsini duymaq üçün bir az vaxt keçməlidir. Eyni zamanda ona istədiyi futbolçuları gətirməyə imkan yaradılmalıdır. Mustafa Dənizlinin yaratdığı komanda uğur qazana bilər.

– Bu mövsüm XL çempionatda liderlərdən çox uzaqdı, yalnız kubokda şansı qalır…

– Şans həmişə var. Sadəcə Dənizlinin cari mövsüm hansı hədəflər haqda mübarizə aparması mənə məlum deyil. Eyni zamanda Güvənc Kurtardan da "Rəvan"da nə tələb olunduğunu bilmədiyimizdən danışmaq çətindir. "Bakı" klubunda işlədiyim zaman söyləmişdim məşqçiyə zaman verilməlidir. Dərhal uğur tələb etmək olmaz. Mənim proqramın belədir, ola bilər kimsə razılaşmaz. Amma heç olmasa 3 il işlədiyim yerdə çalışmaq istəmişəm. Çünki 6 aya və ya 1 ilə nəsə yaratmaq bu uzun müddətli uğur ola bilməz.

– Sizcə, Dənizli ulduz türk futbolçularını Lənkərana gətirə bilər?

– Onun Türkiyədə böyük hörməti var. Sadəcə ulduz futbolçuların Azərbaycana gəlməsi o qədər asan deyil. Bahalı futbolçu güclü çempionatlarda oynamaq istəyir. Əgər gəldiyi ölkədə çempionatın zəif olduğunu görsə artıq oynamaq barədə düşünmür. Sadəcə vaxt keçirir. Azərbaycanda futbolun inkişafı üçün böyük işlər görülür. Stadionlar tikilir. Lakin bu hələ yetərli deyil. Avropada uğurlu çıxış etmək lazımdır. Başqa çempionatda özünü sübut edən oyunçu futbolu zəif inkişaf edən ölkələrə getmir. Burda məqşçinin günahı yoxdu.

– Sabiq komandanızın da işləri o qədər yaxşı deyil. Qeyri-stabil oyunla 5-ci pillədədirlər…

– "Bakı" komandası dünya standartlarına cavab verən bazaya malikdir. Bilmirəm, digər klubların infrastrukturunda hansı dəyişiklik var. Sadəcə bu komanda baza yaratmaqla böyük iş gördü. Çempionatda ilk yarıdan sonra 5-ci yeri tutmaq hələ mübarizənin qarşıda olduğu deməkdir. Digər tərəfdən hazırda "Bakı"da heyət o qədər tanımıram. Həmkarımın işi haqda nəsə deməyim düzgün yozulmaz. Bu komanda daim kubokda da uğur qazanıb. Bəlkə, kubokda daha şanslı olacaqlar.

– Hazırda Azərbaycan çempionatında ən çox müzakirə olunan mövzulardan biri legioner limitidir. Sizin dövrünüzdə də var idi…

– Əlbəttə, limit daim yerli futbolçulara qarşı çıxır. Çünki, onlar oynamır və nəticədə yeni adlar yaranmır. Heç bir futbolçu oynamadan inkişaf edə bilməz. Azərbaycan klubları dərhal uğur qazanmaq istəyir. Bu isə futbolda mümkün deyil. Ola bilər sən güclü heyətlə nəticə qazanasan, amma bu daimi olmayacaq. Uşaq futboluna diqqət yönəltmək vacibdir. Uşaq futbolundan yuxarı yaş qruplarının komandasına heç olmasa ildə 1-2 oyunçu verilməlidir. Bu iş pilləli aparılmalıdır və onda nəticə olacaq.

– Sizcə, niyə məşhur məşqçilərin çoxu Azərbaycanda nəticə göstərə bilmir? Toni Adams, Con Toşak və sair…

– Həmkarlarım haqda danışmaq istəməzdim. Amma siz onları dəvət edən klublardan soruşun hədəfləri nə olub. Gələn məşqçinin işinə qarışmaq olmaz. Ona heç olmasa 1-2 mövsüm vaxt verilməlidir. Digər tərəfdən əcnəbilərin Azərbaycan işləməyin asan olduğunu düşünənlər də var. Bu belə deyil. Yerli çempionatda kifayət qədər maraqlı oyunlar olur. Azarkeşlərin stadionda olmaması pisdi. Futbol fanatsız maraqlı alınmır. Azərbaycan futbolunda bir neçə il əvvəl inkişaf üçün işlər görülməyə başladı. Klublarda və yığmada işlər düzgün olacaqsa nəticəsini görəcəksiniz.(azerisport.az)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43