Müsahibə

Qara Qarayev: “Söyüş söymək lazım deyil”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 20-ci turunda Bakı “İnter”inə 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonraAğdam klubunun futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:

– Oyun haqqında nə düşünürsən? “İnter”dən belə oyun gözləyirdiniz?

– Qələbə üçün meydana çıxmışdıq. “İnter”in bizə qarşı güclü oyun göstərəcəyini bilirdik. Şanslardan yararlana bilmədik və üç xal itirdik. Amma qarşıda hələ matçlarımız var.

– Hücumda bir qədər zəif təsir bağışladınız..

– Mən belə düşünmürəm. İlk hissədə bir neçə real qol imkanlarımız oldu, son nöqtəni qoya bilmədik. Amma bu matçda aparıcı futbolçularımızın yoxluğu hiss olundu. Dani Kintanın yoxluğundan əlavə, iki gün öncə Dino Ndlovu da zədələndi və bu matçı buraxdı. Hamımız bilirdik ki, “İnter”ə qol vurmaq çətin olacaq.

– Qış fasiləsində komandanı tərk edən Reynaldonun yoxluğu hiss olunurdu?

– O, artıq başqa komandada oynayır. Bu haqda danışmaq düzgün olmazdı.

– Bu matçdan öncə əsas rəqibiniz “Qəbələ” səfərdə “Kəpəz”lə heç-heçə etdi və xal itirdi. Bu, sizə əlavə bir motivasiya vermişdi?

– Bizə motivasiya verdiyini düşünmürəm. Ancaq biz də qələbə qazanıb, liderliyə yüksəlmək istəyirdik. Danışalacaq çox söz yoxdur, liderliyi əldən verdik.

– Oyundan sonra azarkeşlərlə futbolçularınız arasında nə baş verdi?

–  Azarkeşlər məğlubiyyətə etiraz edirdi. Onlar da istəyirdilər ki, qalib gələk, lider olaq. Onların bu etirazlar da normaldır. Biz onlara hörmətlə yanaşırıq, ancaq söyüş söymək lazım deyil. Çünki biz onların futbolçularıyıq və nəticədən asılı olmayaraq, bizi dəstəkləməlidilər. Elə bir vəziyyət yaranıb ki, sanki çempionat qutarıb. Qarşıda bizi çətin çempionluq yolu gözləyir. Azarkeşlərimizin dəstəyinə son tura qədər ehtiyacımız var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43