Ölkəmizi Çempionlar Liqasında inamla təmsil edən “Qarabağ” III mərhələdəki rəqibi Kipr APOEL-ini “Dalğa Arena”da qəbul etməyəcək.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a açıqlamasında bildirib ki, avrokuboklarda növbəti ev oyunlarını bundan sonra Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirəcəklər:
“Komanda avrokuboklarda mübarizəyə başlamamışdan öncə ilk və ikinci mərhələ oyunumuzu “Dalğa Arena”da keçirəcəyimizi UEFA-ya bildirmişdik. Komandamız növbəti ev oyununu – APOEL-lə görüşü Respublika stadionunda keçirəcək və bununla bağlı heç bir problem yoxdu”.
Qeyd edək ki, APOEL – “Qarabağ” görüşü 6-7 avqustda Nikosiyada, cavab görüşü 13 avqustda Bakıda olacaq.