25 Oktyabr 2021
Kateqoriyasız

“Qarabağ” çox önəmli klubdu” – Ersun Yanal

Türkiyənin tanınmış məşqçisi Ersun Yanal müsahibə verib. “Antalyaspor”da çalışdıqdan sonra bir müddət əvvəl istefa verən Yanal saytımıza müsahibəsində Canni De Byazinin təyinatından əvvəl adının Azərbaycan millisi ilə hallanmasından da söz açıb.

– “Antalyaspor”dan ayrılmağınıza səbəb nə oldu?
– Ayrılıq sadəcə futbolun deyil, həyatın bir parçasıdı. Başlanğıclar qədər, ayrılıqlar da normaldı. Sadəcə futbolda olduğunuzda, bu, daha göz önündə yaşanır və daha sensasional nəticələr ortaya çıxarır. “Antalyaspor”da 1 il gözəl işlər ortaya qoyduq. Transfer qadağası olan, dövrələrarası fasilədə oyunçularını itirən, rəhbərliyi 3 dəfə dəyişən komandanı ölkə kubokunda 21 illik fasilədən sonra finala daşıdıq. Üstəlik klub tarixinin ən uzun məğlubiyyətsiz seriyası əldə etdik. Superliqanın ən gənc 5 komanadsından birini yaratdıq. Bünyamin Balcı, Gökdəniz Bayraktar, Doğukan Sinik kimi gəncləri qazandıq. Bunların hamısı uzun müddətli layihələrin ilk addımları idi. Ancaq zaman içində qaçınılmaz fikir ayrılıqları yaşandı. Nəticədə də “Antalyaspor”la yollarımız ayrıldı.

– Heç Azərbaycanda çalışmağı planlaşdırmısınız? Təklif olarsa, Azərbaycanda çalışmaq istəyərdiniz?
– Avropanın xaricinə çıxdığınız zaman futbolun ən təməl problemi ilə üz-üzə qarşı-qarşıya qalsanız, bu, sistemsizlikdi. Bilirsiz, işlədiyim bütün kollektivlərdə günü qurtaran deyil, gələcəyi quran məqsədlə hərəkət etmişəm. Arda Turan, Caner Erkin, Selçuk İnan kimi onlarla ulduz futbolçu yetişdi. “Fənərbaxça” tarixinin ən erkən çempionluğunu yaşadı, “Anakaragücü” 2 sezon üst-üstə tarixinin ən yaxşı nəticəsini əldə etdi. “Gənclərbirliyi” UEFA kubokunda 2 mövsüm üst-üstə yenə tarixinin ən yaxşı nəticələrini qazandı. “Vestel Manisaspor” bir ara hardasa, A milli komandamızın oyunçularının yetişdiyi klub ünvanına sahib çıxdı. “Əskişəhirspor”la UEFA kubokuna vəsiqə qazandıq. Yenə bu fikirlər və baxış sayəyində A milli komandada ən yüksək qələbə səviyyəsinə sahib olan baş məşqçi adına sahib çıxdım. Azərbaycan milli komandası məsələsinə gəlincə, hələ ki, ortada rəsmi və konkret bir şey yoxdu. Ona görə də bu məsələ haqda açıqlama verməyimi etik olaraq doğru görmürəm.

– Bir neçə il əvvəl adınız Azərbaycan millisi ilə hallanırdı. Təklif olmuşdu heç AFFA-dan sizə?
– 2020-ci ildə haqqımda çıxan xəbərləri yalnız elə mətbuatdan izlədim. Amma AFFA  ilə rəsmi görüşümüz gerçəkləşmədi.

– Heç Azərbaycan millisinin çıxışını izləyirsiniz? Sizcə, nəyə görə Azərbaycan yığması zəif təsir bağışlayır?
– Sadəcə Azərbaycan deyil, bütün millilərin matçlarını yaxından izləyirəm. Azərbaycan millisi çalışqan və istedadlı oyunçu qrupuna sahibdi. Türkiyə ilə oynadıqları matçda, vurduqları qolun təşkilatlanmış və uğurlu işin nəticəsinin olduğunu söyləyə bilərəm. Yaxşı təşkilatlanmış və strategiya ilə davam etdirilə biləcək, uğurlar əldə edə biləcəklərini düşünürəm. Milli komanda klubla eyni deyil. Burada hər zaman doğru layihələr, doğru işlər etmək, doğru kontaktlar qurmaq və doğru iş birlikləri içərisində olmaq gərəkdi. Azərbaycan milli komandasında əvvəllər türkiyəli məşqçilərin çalışmaması qəribədi. Türkiyə ilə Azərbaycan arasında məşqçi təhsili, futbolçu inkişafı, aşağı yaş qruplarının sistemi məsələsində qurulacaq iş birlikləri, hər 2 ölkə futbolunun da hədəflərinə daha asan şəkildə yaxınlaşmasına kömək ola bilər.

– Azərbaycan millisi zəif çıxış etsə də, “Qarabağ”ın Avropadakı çıxışı azarkeşləri sevindirir. Uzun illərdi ki, komandanın baş məşqçisi olan Qurban Qurbanova ötən mövsüm “Hatayspor”dan təklif də gəlmişdi, ancaq o, getməmişdi. Amma ondan savayı heç bir məşqçimizə təklif gəlməyib Türkiyədən. Sizcə, nəyə görə, Türkiyə klubları futbolçular bir yana, məşqçilərimizə maraq göstərmir?
– “Qarabağ” çox önəmli klubdu. Ötən mövsüm “Sivasspor”la Avropa Liqasında eyni qrupdaydılar. Matçlarını yaxından izləmək şansımız oldu. Eyni zamanda “Neftçi” də çox izlədiyim klubdu. Avropada hər il çıxış edirlər və qardaş ölkəmizi ən yaxşı şəkildə təmsil edirlər. Bu cür köklü klublar, milli komandanın skeletini qurmaq üçün çox önəmlidi. Hər 2 klub da milli komandada çıxış edən və çıxış edə biləcək önəmli oyunçulara sahibdilər.

sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Maykl Esyendən “Çelsi” azarkeşlərinə çağırış

admin

“Qarabağ”dan iki yeni transfer

admin

Kadi coşdu, “Qarabağ” qələbə qazandı- Video

admin