Ölkə futbolu

“Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimi baş tutub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Salnaməfilm” və “Azərbaycanfilm”in birgə istehsalı olan “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimi baş tutub.

İdmanxeber.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət və incəsənət nümayəndələri, həmçinin, jurnalistlər iştirak ediblər.

Ekran işində “Qarabağ” Futbol Klubunun keçdiyi tarixi dövrdən bəhs olunub, Ağdam təmsilçisinin keçmiş sovetlər zamanında çıxışları, uğurları haqda məlumatlar əksini tapıb.

Filmdə əcnəbi jurnalistlərin və futbolçuların Ağdamdakı məşhur “İmarət” stadionu, “Qarabağ” klubu ilə bağlı hazırladığı materiallar və fikirlər də yer alıb.

Sənədli filmdə Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ”ın əfsanəvi futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovun klubdakı fəaliyyətindən, Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra “İmarət” stadionunun taleyindən söz açılıb.

Bundan başqa, Ağdam təmsilçisinin Avropa Liqasındakı uğurları da filmdə əksini tapıb.

Tarixi uğurlarda xüsusi imzası olan baş məşqçi Qurban Qurbanovun gördüyü işlər diqqətə çatdırılıb.

Qeyd edək ki, film 4 hissədən ibarətdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43