Kateqoriyasız

“Qarabağ” İspaniyada tarix yaza biləcəkmi? – UEFA faktları açıqladı

FutbolPress“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”nın qonağı olacaq.

UEFA-nın saytı noyabrın 28-i “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək qarşılaşmanın afişasını hazırlayıb:

– “Sevilya” 4 qələbə ilə 1/16 finala vəsiqəni təmin edib. 3-cü yerdə qərarlaşan “Qarabağ”ın şansları isə davam edir.

– Bu komandaların Bakıda keçirilmiş ilk oyununda əndəlüsiyalılar Xavyer Ernandes, Muni Əl-Həddadi və Oliver Torresin qolları ilə 3:0 hesablı qələbə qazandı.

– Əgər bu matçda “Qarabağ” uduzsa, APOEL isə “Düdelanj”a qalib gəlsə, Azərbaycan təmsilçsinin növbəti şansları qalmayacaq. Çünki kiprlilər şəxsi oyunlarda üstündü.

– “Sevilya” “Qarabağ”la ilk oyunu nəzərə almasaq, əvvəlki mövsümlərdə Azərbaycan klubu ilə üz-üzə gəlməyib. “Qarabağ” isə 2017/2018 mövsümündə İspaniyanın “Atletiko” klubu ilə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıb. Azərbaycan çempionunun madridlilərlə xoş xatirəsi var. Onlar ilk dəfə çıxış etdiyi turnirdə “Atletiko”ya uduzmadı – 0:0; 1:1.

– “Sevilya” ötən mövsüm Avropa Liqasına II təsnifat mərhələsində mübarizəyə “Uypeşt”lə (Macarıstan) başladı və 1/8 finala qədər irəlilədi. Komanda bu mərhələdə “Slaviya” (Çexiya) klubuna uduzdu.

– Əndəlüsiya klubu ötən mövsüm İspaniya La Liqasında 6-cı yeri tutdu və 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Komanda iki dəfə qrupu lider tamamlayıb.

– “Sevilya” Avropa Liqasının qrup mərhələsində ev oyunlarında əla göstəriciyə sahibdir. Komanda 10 dəfə qalib gəlib, 3 oyunda heç-heçə edib və 1 dəfə uduzub.

– “Qarabağ” ardıcıl 6-cı, “Sevilya” isə 7-ci dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir.

– “Qarabağ” son Azərbaycan çempionudur. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq 7-ci dəfə çempion oldular. Bununla yanaşı, 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Komanda ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə eyni qrupda mübarizə apardı və 3 xal topladı.

– “Qarabağ” bu mövsüm Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

– “Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib.

– “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin səfər matçlarında 4 dəfə qalib gəlib, 1 matçda heç-heçə edib və 9 oyunda uduzub. Ağdamlılar son 4 səfər görüşünün 2-də qələbə qazanıb.

– “Sevilya”nın hücumçusu Munir Əl-Həddadi 5 qolla turnirin bombardiridi. O, “Düdelanj”la oyunda het-trik edib.

– “Qarabağ”ın heyətində üç ispaniyalı futbolçu var: Xayme Romero, Miçel və Dani Kintana.

– “Sevilya” bu mövsüm Avropa Liqasının qrup oyunlarında bütün oyunlarda qələbə qazanan yeganə komandadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43