Ölkə futbolu

“Qarabağ” “Liverpul” və “Qalatasaray”ı geridə qoydu

Avropanın aparıcı liqalarında ən uzun məğlubedilməzlik seriyası davam edən komandaların siyahısı açıqlanıb. Siyahıya İspaniya La Liqasının lideri “Barselona” və Ukrayna təmsilçisi “Şaxtyor” başçılıq edir. Hər iki komanda da daxili çempionatda 21 oyundur məğlubiyyət üzünə həsrətdir.

Açıqlanan siyahıda İstnabul nəhəngi “Qalatasaray” və  Portuqaliya təmsilçisi “Benfika” da var. Sözügedən klublar 15 oyundur çempionat oyunlarında meydandan başıaşağı ayrılmırlar. Premyer Liqa təmsilçisi “Liverpul”un isə məğlubedilməzlik seriyası 14 oyundur. “Qırmızılar” sonuncu dəfə 21-ci turda səfərə lider “Siti”yə 2:1 hesabı ilə məğlub olublar.

Azərbaycan Premyer Liqasında isə cari mövsümdəki ən uzun məğlubedilməzlik seriyası “Qarabağ”a məxsusudur. Ağdam təmsilçisi sonuncu dəfə Premyer Liqanın IX turunda “Bakcell Arena”da “Neftçi”yə məğlub olub – 3:1. “Köhlən Atlar” bundan sonra keçirilən 16 çempionat oyununda məğlubiyyət nədir bilməyiblər. “Qarabağ” sonuncu “Neftçi” məğlubiyyətindən sonra keçirdiyi 16 oyunda 12 qələbə və 4 heç-heçə edib.

Qeyd edək ki, “Qarabağ” hazırda 57 xalla turnir cədvəlində vahid liderdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43