Ölkə futbolu

“Qarabağ” “Molde” ilə oyunda heç-heçəni düşünməməlidir”

“Qarabağ” “Molde” ilə finala bərabər oyuna çıxacaq. Artıq qrupdakı bütün görüşlər bu ab-havada keçəcək. Amma Norveç təmsilçisinə qarşı matç xüsusi olacaq. Çünki onların da 6 xalı var və qrupdan çıxmaq istəyirlər. “Qarabağ”ın yaxşı oyunlarından birini göstərəcəyini düşünürəm. Çünki komanda hələ indiyə qədər Avropa Liqasında qrupdan çıxmayıb. Bunu etmək üçün təmsilçimiz əlindən gələni edəcək”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov Ağdam klubunun UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində keçirəcəyi “Molde” görüşü barədə danəşakrən deyib. O, daha sonra belə davam edib:

“Molde” evdə çox fərqli çıxış edir. Onların oyunlarına baxmışam, olduqca sürətli oynayırlar. Üstəlik süni meydançada çıxış edirlər ki, bu da “Qarabağ”a əlavə çətinlik yaradır. Amma komandamız bundan da vacib oyunlar keçirib. Biz vaxtı ilə “Tottenhem”, “Çelsi” və “Atletiko” kimi klublara qarşı çıxış etmişik. Adı çəkilən komandalar “Molde”dən 5 dəfə güclüdür. “Qarabağ”ın belə oyunlar üçün kifayət qədər təcrübəsi var. Heyətdə də səviyyəli futbolçular mövcüddur. Qələbə qazanacağımızı düşünürəm. Amma heç-heçə də pis nəticə deyil, Bakıda “Hakken”i məğlub edərək qrupdan çıxa bilərik. Ancaq qətiyyən meydanda bərabərlik barədə düşünmək olmaz. “Qarabağ” çıxıb öz oyununu oynamalıdır”.

Azərbaycan millisinin sabiq üzvü Ağdam təmsilçisinin bir neçə mövqeyə transfer etməli olduğunu da bildirib:

Komanda güclənməlidir. “Qarabağ”ın heyəti geniş olsa da, əlavə fubolçulara ehtiyac var. Düzdür, hazırki heyət Azərbaycan çempionat üçün yetərlidir. Ancaq avarokuboklar üçün heyəti gücləndirmək mütləqdir. Komandaya cinah müdafiəçisi və yarımmüdafiəçi alınmalıdır. Çünki Avropada nəticə qazanmaq üçün heyət səviyyəsini çox yüksək etməlisiniz”.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. H qrupunda “Qarabağ” ikinci, “Molde” isə üçüncü pillədə qərarlaşıb.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43