Müsahibə

“Qarabağ” rəsmisi: “Polisə müraciət etmişik, kassalara öz mühafizəçilərimizi yerlədirmişik” – MÜSAHİBƏ

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhəbəri Nurlan İbrahimov və baş məşqçi Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov Avstriya səfərindən geri dönüblər. Səfərdə məqsəd “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan “Zalsburq”un ölkə çemionatında “Neuştadt”a qarşı oyununu (5:0) canlı izləmək və müəyyən təşkilati işləri həyata keçirmək olub. 
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov müsahibəsində səfər təəssüratlarından danışıb. 

– Bizim səfərimizin əsas məqsədi “Zalsburq”un “Neuştadt”la oyununu izləmək idi. Qarşılaşmanın keçiriləcəyi şəhərə matça üç saat qalmış çatdıq. Bizi “Zalsburq”un meneceri qarşıladı. Daha sonra klubun mətbuat xidmətinin rəhbəri ilə görüşdük. Əsas müzakirəmiz Bakıda keçiriləcək oyunla bağlı oldu. 

– Rəqib komanda Azərbaycan, “Qarabağ” haqda nə dərəcədə məlumatlıdır? 

– “Zalsburq” bizə rəqib olan gündən daim onlarla təmasdayıq. Artıq onlar Qarabağın ermənilər tərəfindən işğal olunması haqda bizdən məlumat toplayıb və rəsmi saytlarında bunu yazıblar. Biz “Qarabağ”ı Avropaya tanıtmaq üçün indiyədək avrokuboklarda sözümüzü demişik. İndi isə qalır əsas məsələ – “Zalsburq” səddini keçmək. “Zalsburq”un son illərdə Avropadakı çıxışlarını nəzərə alanda sıradan bir komanda ilə yox, hər cəhətən peşəkar bir rəqiblə oynayacağımız bəlli olur. 

– “Zalsburq” səfərdə “Neuştadt”a beş cavabsız qolla qalib gəldi. Həmin oyundan hansı nəticəyə gəlmək olar?
 
– Həqiqətən “Zasburq” fərdi ustalıqları çox güclü olan futbolçulardan ibarət komandadır. Fiziki cəhətdən də güclü təsir bağışlayırlar. Təsəvvür edin ki, “Zalsburq” bir nəfər azlıqda və 4:0 hesabı ilə irəlidə olduğu bir vaxtda da durmadan rəqibə pressinq edirdi. Yəni yorulmaq bilmirdilər. Komanda inkişaf dövrünü yaşayır. Məşqçimiz Elçin Rəhmanov özü üçün müəyyən qeydlər apardı. Bu barədə baş məşqçimiz Qurban Qurbanova raport veriləcək və o, lazımi nəticələr çıxaracaq. Komandanın texniki tərəfini məşqçilərimiz daha yaxşı bilər. Ancaq mənim fikrimcə, “Zalsburq” indiyədək Avroliqada qarşılaşdığımız klublardan yalnız “Borussiya”dan (Dortmund) geri qala bilər. Qalan bütün rəqiblərimizdən güclüdür. Xüsusilə də “Zalsburq”un hücum xətti çox təhlükəlidir. 

– Rəqibin iki oyunda 11 qol vuraraq qapısından cəmi bir qol buraxması “Qarabağ”ın düşərgəsində əhval-ruhiyəyə necə təsir edib? 

– Qurban Qurbanov elə bir komanda formalaşırıb ki, bütün rəqiblərə hörmət edilir. Ancaq “Qarabağ” indiyədək heç bir komandadan çəkinməyib. Əslində “Zalsburq”un iki oyuna bu qədər qol vurmağı onların nə dərəcədə güclü olmalarından xəbər verir. Ancaq komandamızda məğlubiyyət psixologiyası yoxdur. Doğma meydanımızda, azarkeşlərimizlə birlikdə yaxşı nəticəyə ümid edirik. 

– Azarkeşlərin bu oyuna marağı nə dərəcədədir, stadionun tam dolması gözlənilir? 

– Stadionun dolacağı ilə bağlı heç bir problem görmürəm. Çünki azarkeşlərimizi nəzərə alıb, biletlərin qiymətini minimal həddə endirmişik. Dünyanın heç bir yerində bir avrodan ucuz bilet tapmaq mümkün deyil. Bizdə isə ən ucuz biletin qiymətini bir manatdır. Problem yalnız “qara bazar”la bağlıdır. Artıq bunun qarşısını almaq üçün müəyyən tədbirlər görmüşük. Polisə müraciət etmişik, kassalara öz mühafizəçilərimizi yerlədirmişik. Hər kəs əmin olsun ki, kassalarda bilet bir manata satılır. Sadəcə bəzi şəxslər bir manatdan bir neçə bilet alır və ikiqat baha qiymətə satır. Bunun qarşısını almaq üçün klub tərəfdən lazımi işlər aparılır.


mənbə: qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43