Kateqoriyasız

“Qarabağ” üçün millinin məğlubiyyətini, “Sevilya”nın darmadağınını qeydə alan hakim

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

42 yaşlı referi 1995-ci ildən hakimliyə başlayıb. Aranovski 2011-ci ildə FIFA referisi adını qazanıb. 2009-cu ildən Ukrayna Premyer Liqasının görüşlərini idarə edir.

Aranovski daha öncə “Qarabağ” Avropa Kuboklarındakı oyununa təyinat almayıb. Ukraynalı hakim ağdamlıların rəqibi olan “Sevilya”nın bir oyununu daha öncə idarə etmişdi. Referi 2013/14 mövsümündə “Sevilya”nın Avropa Liqasının III təsnifat mərhələsində səfərdə “Mladost”u (Çernoqoriya) klubu 6:1 hesabı ilə məğlub etdiyi görüşdə baş hakim olub.

Aranovski Azərbaycan klublarından “Qəbələ”nin 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Anderlext”lə qarşılaşmasında ədalət sahibi olub. “Bakcell Arena”da keçirilən oyunda Belçika klubu 3:1 hesabı ilə qalib gəlmişdi. Referi həmin görüşdə Rəşad Eyubova iki sarı vərəqə göstmərməklə meydandan qovmuşdu.

Ukraynalı hakim Azərbaycan milli komandasının bir görüşünü idarə edib. O, Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsində “Bakcell Arena”da Norveçə 0:1 hesabı ilə uduzduğu görüşdə baş hakim olub. Mahmud Qurbanovun müvəqqəti olaraq çalışdırdığı kollektivdən Elvin Yunuszadə və Dmitri Nazarov sarı vərəqə almışdı.

“Qarabağ” – “Sevilya” görüşü Aranovskinin idarə edəcəyi 50-ci benyəlxalq oyun olacaq. O, daha öncə idarə etdiyi 49 oyunda 11 penalti təyin edib (ev sahibləri – 7, qonaqlar – 4). Bu da orta hesabla 0,11 edir. Referi 190 sarı vərəqə (ev sahibləri – 85, qonaqlar – 105) göstərib ki, bu da hər oyuna orta hesabla 1,94-dür. Aranovski 13 dəfə qırmızı vərəqə (ev sahibləri – 8, qonaqlar – 5) ilə futbolçuları meydandan qovub (orta hesabla 0,13).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43