Kateqoriyasız

“Qarabağ” – “Vorskla” oyunundan nə gözləməli ? – mütəxəssislərin cavabı

Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” “Vorskla” ilə qarşılaşacaq. Qrupdakı iki oyundan sonra akitivində xalı olmayan Qurban Qurbanovun komandası bu görüşə müləq qələbə hədəfi ilə çıxacaq. Bundan öncə keçirilən hər iki görüşdə də rəqib qapılarına yol tapmağı bacaran “Vorskla” komandası da bu görüş üçün ümidlidir.  Komandamızın bu görüşdəki şanlarını dəyərləndirmək üçün mütəxəssis fikirlərinə müraciət etdik.

“Zirə” komandasının sabiq çalışdırıcısı Ayxan Abbasov Ukrayna klublarının son illərdəki uğurlu çıxışlarına diqqət çəkərək “Qarabağ”ın ehtiyatlı olmasını vurğuladı:

“Bəli, qrupumuza nəzər yetirsək  özümüzə ən uyğun rəqib “Vorskla”dı. Və haqqlı olaraq azarkeşlər “Qarabağ”dan məhz bu komanda ilə oyunlardan nəticə gözləyirlər. Ancaq onu deyim ki, bu oyun da “Arsenal” və “Sportinq” görüşü qədər çətin keçəcək. Rəqib komanda müdafiədə çox inamlı çıxış edir. Bir-birlərinə yaxın və sıx oynayırlar. Onların müdafiəsini yarmaqda çətinlik çəkə bilərik. Və üstəlik unutmayaq ki, onlarda gözlərini bu oyuna tikiblər. Ümumiyyətlə, Ukrayna komandaları son illərdə çox intizamlı oynayırlar. Düşünürəm ki, “Qarabağ” bundan öncəki iki oyunda etdiyini etməlidir. “Arsenal”la oyuna nəzər yetirsək komandamızın necə pressinq edib, rəqibi irəlidə qarşıladığını görərik. Bugünkü matçda da eynən bu cür oynamalıyıq”.

Ayxan Abbasov azarkeşlərin bu oyuna olan marağının az olmasından da danışdı:

“Açığı onu deyim ki, “Arsenal”la olan görüşdəki marağın bu oyunda da olacağını gözləmək bir qədər doğru olmaz. Tofiq Bəhramovda oynanılan oyunlara nəzər yetirsək hər oyun stadionun dolu olduğunu görərdik. Elə bu qarşılaşma üçün də təxminən eyni sayda – 25-30 min bilet satılıb. Bu o deməkdir ki, “Qarabağ”ın sadiq azarkeşləri  yenə stadionda öz yerlərində olacaqlar. Geridə qalan azarkeşlər isə böyük komandaları görmək üçün gələnlər olur”.

Oyunun BOS-da keçirilməsinə də münasibət bildirən gənc mütəxəssis bunun da başa düşülən olduğunu bildirib:

“Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi bir qədər başa düşüləndir. Avroliqanın final qarşılaşmasının bu stadiona salınması təbii ki, BOS-a olan diqqətləri biraz daha artırıb. Düşünürəm ki, oyunları burada yüksək səviyyədə keçirərək final qarşılaşmasının hazırlığını edirik”.

Sabiq baş məqşçi Vaqıf Sadıqov isə “Qarabağ”ın vuracağı erkən bir qol hər şeyi daha tez həll edəcəyini söyləyib:

“Bu oyunda hər kəs kimi mən də “Qarabağ”dan qələbə gözləyirəm. Düşünürəm ki, erkən vuracağımız bir qol oyunun taleyini daha tez həll edər. Rəqibin “Vorslkla” olması azarkeşlərin qələbə gözləntisini daha da artırır. Bu, təbii ki, oyunçuların üzərində əlavə təzyiq yarada bilər. Ancaq unutmayaq ki, komandamızın baş məşqçisi Qurban Qurbanovdur. O, oyunçuları bu oyuna hazırlayacaq qədər təcrübəli mütəxəssisdir”.

V.Sadıqov azarkeşlərin digər oyunla müqayyisədə axşamkı görüşə marağın az olmasına da münasibə bildirib:

“Bəli, bu gün stadionun tam dolacağı gözlənilmir. Ancaq nəzərə alaq ki, “Qarabağ”ı dəstəkləmək üçün stadiona 30 minə yaxın azarkeş gələcək. Stadiona gələn azarkeşlər komandaya  elə bil dəstək olmalıdır ki, heç bəzi yerlərin boş qalması hiss olunmasın. Çünki “Qarabağ” bizim Avropadakı tək təmsilçimizdir. Onları belə vacib oyunlarda tək qoymamalıyıq”.

“Neftçi” komandasının sabiq baş məşqçisi Tərlan Əhmədov “Qarabağ”ın heç də asan rəqibə qarşı oynamayacağını düşünür:

“Vorskla” komandasının təcrübəsi “Arsenal” və “Sportinq”lə müqayyisədə az ola bilər. Ancaq bu komanda səfərdə “Arsenal”a iki qol vurmağı bacarıb. Öz yerində isə “Sportinq”ə qarşı hesabda önə keçmişdi. Ümumiyyətlə, artıq futbolda asan rəqib anlayışı yoxdur. “Qarabağ” mütləq qələbə qazanmalıdır demək çox da doğru fikir olmaz. Bəli, bizim gözləntilərimiz yalnız və yalnız qələbədir. Ancaq əgər rəqibi gözardı etsək əsil o zaman məğlub olarıq. Düşünürəm ki, “Qarabağ” axşamkı oyunda “Arsenal” görüşündə olduğu kimi mübarizə aparsa, rahatlıqla qalib gələcək. Ələ düşən imkanlardan mütləq yararlanmaq lazımdır”.

“Vorskla”nın baş məşqçisi Vasili Saçko ilə komanda yoldaşı olan T.Əhmədov bu gün səhər onunla görüşdüyünü və az da olsa oyun barəsində söhbətləşdiyini bildirdi:

“Saçko ilə uzun müddət bir komandada oynamışıq. Aramızda çox yaxşı münasibət olub. Unutulmaz günlərimiz, yaxşı xatirələrimiz var. Bir vaxtlar Kamal Quliyev, Fərux İsmayılov, Cahangir Həsənzadə və mən onunla çiyin-çiyinə mübarizə aparmışıq. Uzun illərdən sonra onun Bakıya gəlməsini fürsət bilib, Vasili ilə yenidən görüşdük. Təbii ki, axşamkı oyun haqda onunla çox söhbətimiz olmadı. Razılşarsınız ki, bu biraz dostyana görüş idi. Ancaq ona “Qarabağ”ın “Qafqazın “Barselona”sı” olduğunu dedik. Əslində, o da “Qarabağ” haqqında kifayət qədər məlumatlı olduğunu, bu komandanın ötən il ÇL-da yaxşı mübarizə apardığını söylədi”.

Tərlan Əhmədov azarkeşlərin oyuna göstərdiyi marağın az olması barəsində də danışıb:

“Təəssüf ki, bizim azarkeşlər rəib komandanın adına görə stadiona gəlir. Ötən tur “Arsenal”la oyunda 60 minə yaxın azarkeş var idi stadionda. Bu oyun isə cəmi 30 min bilet satılıb. Məncə, bu doğru deyil. Əgər orada Qarabağın adı varsa və bu klub o adı təmsil edirsə, biz stadiona gəlməyə, komandamızı dəstəkləməyə borcluyuq. Düşünürəm ki, qəlbində bu komandaya sevgi olaa hər kəs axşam stadionda olacaq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43