Ölkə futbolu

“Qarabağ”a qayıtmaq kimi bir planım yoxdur” – Musa Qurbanlı

“Özümdən gözlətinlərim hər zaman böyük olur. Çünki məqsədim daima yüksəkdir. Hədəflərin nə qədər yüksək olarsa, nəticə qazanmaq üçün daha çox çalışırsan. İsveçə gedəndə məndən gözlətinlər böyük idi. Baxırdılar ki, “Qarabağ”da nə qədər qol vurmuşam, statistikanı izləmişdilər. Özləri də sırf hücumçu axtarırıdılar. Ancaq bu mövsüm qollarım sayı az idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Yurqorden”in hücumçusu Musa Qurbanlı “CBC Sport”da yayımlanan “Start” verilişində deyib. O, daha sonra belə davam edib:

“Gözlətinlərin böyük olması bəzən təzyiqlər yarada bilir. Amma çalışıram belə şeylərə fikir verməyim. Kənardan gələn fikirlər futbolçuya yaxşı təsir göstərmir. Bilirdim ki, İsveçə gedəndə asan olmayacaq. Gedən kimi hər şeyin yaxşı olacağını düşünmürdüm”.

O, Qurban Qurbanov və əmisi Musa Qurbanovla davamlı danışdığını bildirib:

“Atamın  hər oyunumu izlədiyini düşünmürəm. Çünki vaxt da olmur, özlərinin işləri, məşqləri var. Ancaq Atamla, əmimlə (Musa Qurbanov) davamlı söhbətlərimiz olur. Öz məsləhətlərini verirlər. Nələr üzərində işləməli olduğumu deyirlər”.

Qurbanlı gələcək karyerası ilə bağlı da danışıb:

“Avropanın müxtəlik klublarından təklif var idi. Ancaq “Yurqorden” daha çox məni istəyirdi. Gələcək planlarından danışdılar, məni də bunlar cəlb etdi. Davamlı oynaya biləcəyim bir kluba getmək istəyirdim. İsveç çempionatının çox yaxşı olduğunu gördüm. Düzdü, “Qarabağ”da avrokuboklarda çox forma şansı ala bilmədim. Bəlkə də daha bir il qala bilərdim. Ancaq belə qərar verdim, gənc yaşda Avropaya getmək istədim. Bu qərarı özüm vermişəm, heç bir şübhə etmirəm. Hazırda “Qarabağ”a qayıtmaq kimi bir planım yoxdur. Klubumla 3 illik müqaviləm var, bütün fikrimi buna vermişəm. Belə umumi baxsan, bəlkə də “Qarabağ” İsveçdəki bütün klublardan üstündür. Amma liqa kimi vəziyyət göz qabağındadır”.

Həsən


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43