Ölkə futbolu

“Qarabağ”dan mövsümün rekordu

Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni məğlub edən “Qarabağ” bir neçə rekorda imza atıb. 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.

Mövsümün rekordu

Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. “Neftçi” (4:1), “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub edən “Qarabağ” mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.

Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur – 20 qələbə.

“Neftçi”nin 18 illik rekordu təkrarlandı

“Qarabağ”ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız “Neftçi” belə nailiyyətlə fərqlənmişdi.

Toxunulmazlıqda 3-cü

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. “Quru” seriyasını 367 dəqiqəyə çatdıran Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.

“Quru” seriyaya əsasən mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.

1. Fərhad Vəliyev (“Qarabağ”) – 554

2. Pavel Kapsa (“Simurq”)– 505

3. İbrahim Şehiç (“Qarabağ”) – 367

4. Kamran Ağayev (“Bakı”) – 360

5-6. David Pietrzkeviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43