Müsahibə

“Qarabağ”ı UEFA-dan gözləyən təhlükə: “Şəkilləri də çəkilərək UEFA-ya göndərilib” – MÜSAHİBƏ

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov: “Media sektorunda yemək yeyilməməlidir”

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Qarabağ” – “Dnepr” oyunundan sonra matçın UEFA nümayəndəsi bəzi məsələlərlə bağlı “Qarabağ” klubuna irad tutub. Xüsusilə qitənin ali futbol qurumunun raportunda media sektoruna buraxılan azərbaycanlı jurnalistlərin davranışlarından təəccüb ifadə olunub.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovın müsahibəsi.


– Nurlan bəy, UEFA konkret hansı məsələlərə görə narazılığını ifadə edib?

– Beynəlxalq səviyyəli hər matçdan sonar UEFA və klub nümayəndələrinin iştirakı ilə iclas keçirilir. Budəfəki iclasda bizə təşkilatçılıqla bağlı müsbət fikirlər söylədilər. Təşkilatçılığın oyundan-oyuna daha da yüksəldiyi qeyd olunub. Amma bəzi ürəkaçmayan məqamlar da var. Məsələn, biletlərin yoxlanılması zamanı polisin öz işininin öhdəsindən lazımınca gələ bilməməsi, bunun isə azarkeşlərin təhlükəsizliyinə müəyyən təsir göstərdiyi ifadə edildi. Amma ən çox narazılıq jurnalistlərlə bağlıdır. Bilirsiniz ki, UEFA avrokubokların oyunlarının işıqlandırılmasına xüsusi əhəmiyyət verir. Ona görə də media işçilərinin öz işini yaxşı şəkildə görmələrinə çalışır. Təəssüf ki, “Qarabağ” – “Dnepr” oyunu zamanı media sektorunda ürəkaçmayan hadisələr oldu. İclasda UEFA nümayəndələri də bildirdilər ki, bəzi jurnalistlər media-sektorunu piknikə döndəriblər. Jurnalistlərimizin sevdiyi komandalara azarkeşlik etməsi də bizə irad tutuldu. Biz başa düşürük ki, media nümayəndələrimiz “Qarabağ”a sevgilərinə görə çılğın şəkildə azarkeşlik edirlər və buna hörmətlə yanaşırıq. Amma onu da qeyd etmək vacibdir ki, UEFA-da jurnalistin media sektorunda azarkeş kimi iştirakı qəbul olunmur.

– UEFA bu iradını konkret nə ilə əsaslandırır?

– Ümumiyyətlə, jurnalistlər media sektorda elə davranmalıdırlar ki, onların işi digər həmkarlarının faəliyyətinə mane olmasın. Artıq qeyd etdiyim kimi, UEFA avrokubok oyunlarının yüksək səviyyədə işıqlandırlımasına xüsusi maraq göstərir və buna bilərəkdən, ya bilməyərəkdən mane olan addımlara qarşı tədbirlər görür. Təəssüf ki, bizim jurnalistlərin komandamıza azarkeşlik etməsi qonaqların – Ukraynadan gələn jurnalistlərin narazılığına səbəb olub. Onlar UEFA nümayəndələrinə irad bildiriblər ki, azərbaycanlı jurnalistlərin tez-tez ayağa qalxmasına görə meydanı görə bilmirlər, bu da onların peşə faəliyyətinə mane olur. Amma bizi bir klub və azərbaycanlı olaraq, bu fakt deyil, daha çox bəzi jurnalistlərin media sektoruna yemək gətirməsi narahat edir. Hər halda, “media sektoru pikniki xatırladır” ifadəsi təkcə jurnalistikamız deyil, ölkəmizin adı üçün də pisdir.

– Yemək media sektoruna haradan gətirilib?

– Media ilə iş otağında biz Azərbaycanda ilk dəfə “Dnepr”lə matç günü 90 dəqiqə ərzində jurnalistləri su, çay və isti yeməklərlə təmin etmişik. Təəssüf ki, bəzi jurnalistlər yeməyi həmin otaqda yemək əvəzinə, onu özləri ilə tribunaya – media sektoruna gətiriblər. Bu zaman istər klubumuzun əməkdaşları, istərsə də digər jurnalistlər xahiş ediblər ki, yeməyi media sektoruna aparmasınlar. Yeri gəlmişkən, bu faktın özü belə UEFA-nın raportunda yer alıb. Amma bizim çağırışımıza məhəl qoyulmadı. Bütün bunlar isə xaricdən gələn UEFA nümayəndələrində həm bizim jurnalistlər, həm də ölkəmiz haqda xoş olmayan rəy yarada bilər. Mən bildiyimə görə, artıq jurnalistlərin media sektorda yemək yeməsinin şəkilləri də çəkilərək UEFA-ya göndərilib.

– Belə halların qarşısını almaq üçün UEFA-nın nə kimi tövsiyələri oldu?

– Yeməklə bağlı məsələ təbii ki, insanın özündən asılıdır. Bizim klub olaraq, bəzi jurnalistlərdən xahişimiz budur ki, yeməklərini media sektorunda deyil, media üçün ayrılmış xüsusi iş otağında yesinlər. O ki qaldı jurnalistlərimizin azarkeşlik etməsinə, bir daha deyirik, onların belə etmələrini normal qarşılayırıq. Hər halda, bu, jurnalistlərimizin “Qarabağ”a sevgisindən irəli gəlir. Amma UEFA nümayəndələri tövsiyə edirlər ki, jurnalistlərin azarkeşlər kimi, tez-tez ayağa durmamaları üçün idmançı görkəmi olan hündürboy və cüssəli insanların köməyindən istifadə etmək olar. Təbii ki, bu məsələdə hansısa təzyiqdən söhbət gedə bilməz. 
UEFA nümayəndələri tövsiyə etdi ki, İtaliya “İnter”i ilə Bakıdakı oyunda bu hallar təkrarlanmasın. 

– Sizin bütün bunlardan sonra bir klub olaraq jurnalistlərə çağırışınız nədir?

– Biz xahiş edirik ki, belə hallar təkrarlanmasın. Hər halda, UEFA nümayəndələrindən “azərbaycanlı jurnalistlər turistləri xatırladır” sözlərini eşitmək bizim üçün üzücüdür. Xüsusilə yeməklə bağlı məsələyə ciddi yanaşmalıyıq. Bu, qeyd etdiyim kimi, ölkəmizin adına zərər gətirən məqamdır.  

– Jurnalistlərin davranışına görə “Qarabağ”ı klubunu hansısa cəza gözləyirmi?

– Dediyim kimi, bu faktlar UEFA-nın raportundan yer alıb. Cəzanın verilib-verilməyəcəyini isə qurumun İntizam Komitəsi müəyyənləşdirəcək.

Qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43