Müsahibə

“Qarabağ”ın qruplara qalmaq üçün böyük şansı var” – Çumbinyo

“Qarabağ”ın “Viktoriya” ilə oyununa baxdım. Komanda qələbə qazana bilərdi. İndi iş bir az çətin olacaq. Səfərdə dolu tribunalar önündə oynamaq asan deyil. “Qarabağ” görüşə maksimum konsantrasiya olmalıdır”.

Bu sözləri İdmanxeber.az saytına bir dönəm “Qarabağ” forması geyinən Çumbinyo Bakıda Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən  “Viktoriya” oyunu barədə danışarkən deyib. O, Ağdam klubunun səfər görüşündəki şanslarını da dəyərləndirib:

“Çexiyada futbolçular soyuqqanlı olmalı, hisslərini qorumağı bacarmalıdırlar. Səfərdə qətiyyən emosiyalara qapılmaq olmaz. Komandanın bu mövsüm qarşılaşdığı klublar içərisində ən güclüsü “Viktoriya”dır. “Qarabağ” kollektiv oynayanda çox təhlükəli olur. Əgər komanda oyunundan uzaq olsalar bu, rəqibə sərf edəcək. Güclü azarkeş təzyiqi olan bir stadionda mübarizə aparacaqlar. Futbolçular buna hazır olmalıdırlar. Orada mənim dostlarım Almeyda, Bədavi, Maksim və Qara kimi təcrübəli isimlər var. Hamısına uğurlar arzulayıram. Məncə, “Qarabağ”ın qrup mərhələsinə düşmək üçün böyük şansı var”.

35 yaşlı futbolçu yenidən Azərbaycanda oynamaq istədiyini də bildirib: “Hazırda 35 yaşım var. Ancaq “Qarabağ”da bir il oynaya bilərəm. İndi baş məşqçi Qurban Qurbanovla hər hansı bir əlaqəm yoxdur. Ancaq qayıtmağım üçün şans versə, əla olar. Mən həm də Bakını sevirəm”.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43