Kateqoriyasız

“Qarabağ”ın rəqibi CAS-a müraciət etdi

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransanın “Olimpik” (Marsel) klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Liqa 1 təmsilçisi FİFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu addımı atıb.

Marsel təmsilçisi seneqallı yarımmüdafiəçi Pape Quyenin transferi zamanı qayda pozuntusuna görə bu cəzaya məruz qalıb. 23 yaşlı oyunçu 2020-ci ilin yayında bu kluba gəlib. Lakin həmin vaxt İngiltərənin “Uotford” klubu bu keçidin qaydalara zidd olduğunu əsas gətirərək, həm futbolçundan, həm də Fransa təmsilçisindən FİFA-ya şikayət ünvanlayıb.

Tərəflər qısa zamanda razılığa gələ bilməsə, Marsel klubu qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçular qata bilməyəcək. Həmçinin afrikalı yarımmüdafiəçi də ən azı bu ilin yayınadək rəsmi matçlarda meydana çıxmayacaq.

“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab oyununu isə fevralın 24-də Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43