Kateqoriyasız

“Qarşıya konkret məqsəd qoyulmuşdu” – “Araz Naxçıvan”ın braziliyalısı

“Burada özümü xoşbəxt hiss edirəm. Klubda qalıb-qalmayacağımla bağlı danışıqlar gedir”.

İdmanxeber.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi olan “Araz Naxçıvan”ın oyunçusu Maneka federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı hücumçu yaxın günlərdə karyerası ilə bağlı qərarını açıqlayacağını bildirib:

“Burada debüt ilim idi. “Araz-Naxçıvan”a UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları ərəfəsində qoşuldum. Elə ilk qollarımı da Latviyada təşkil olunan qrup görüşlərinda vurdum. Çempionat isə maraqlı alındı. Mövsümə çətin matçlarla başladıq. Amma tədricən ağırlığımızı hiss etdirməyə, zirvəyə yüksəlməyə nail olduq. Əlbəttə, qarşıya konkret məqsəd qoyulmuşdu. Komanda çempion olmalı idi. Bu yolda hər kəs üzərinə düşəni etməli idi”.

Maneka 46 qolla 2021/2022 mövsümünün bombardiri olması barədə də danışıb:

“Çempionatda ən çox qol vuran futzalçı olduğuma görə şadam. Ancaq fərdi mükafat heç vaxt komandanın uğurundan öndə gələ bilməz. Ona görə də çalışırdım ki, komandam qələbə qazansın. Kim daha əlverişli mövqedə dayanırdısa, düzgün mövqedə olurdusa, ona ötürmə edirdik. Yəni qolu kimin vurması yox, “Araz-Naxçıvan”ın qələbə qazanması prioritet idi. Hər ikisinə, eləcə də “Araz-Naxçıvan”ın yeni mövsümdə də UEFA Çempionlar Liqasında iştirak edəcəyinə nail olduğumuza görə, istirahətə şən əhval-ruhiyyədə yollanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43