Köşə yazıları Ölkə futbolu

Qayıdış (yazı)

“Neftçi” cari mövsümün ən yaxşı oyununu dünən “Qarabağ”a qarşı oynadı. “Ağ-qara”ların matçın əvvəlindən necə istəkli və hirsli olduqları hiss olunurdu. Bordinin yetirmələri bəlli məsələ idi ki, bu oyun üçün xüsusi hazırlaşmışdı. Qarşılaşmada hesabın erkən açılması “Neftçi” üçün ən arzuolunan idi. Çünki, italiyalı mütəxəssis cari mövsümdə bir neçə dəfə hesabda önə keçib və müdafiə meyilli sistemlə davam edib.  Təbii ki, bu görüş üçün də nəzərdə tutulan plan bu idi. Ancaq bir məsələ var idi ki, bundan öncəkilərdə “Neftçi” hesabı qorumaq üçün oynasa da, daim müdafiədə kobud səhvlər olurdu. Elə italiyalı da sırf buna görə tənqid olunur, önə keçdikdən sonra normal oyununa davam etməli olduğu vurğulanırdı. Cari mövsümdə “Qəbələ” ilə ilk oyunda, “Keşlə” və “Zirə” matçlarında bu sistəm çox da faydalı olamayacağının siqnalını verirdi. Düzdür, komanda o görüşlərdən qələbə ilə ayrıla bilmişdi. Ancaq müdafiədəki problemlər narahatverici idi. Elə ötən tur “Qəbələ” məğlubiyyəti kiminə görə “Neftçi”ni uğursuzluğunun başlanğıcı sayılırdı. Bordinin təsadüf qələbələrlə “Neftçi”ni zirvədə saxladığını deyənlər də az deyildi. Bütün bunlara son qoymaq üçün bu oyun “Neftçi” və Roberto Bordinə əla fürsət və eyni zamanda təhlükə idi. Əgər bu görüş də məğlubiyyətlə bitsə idi, “Neftçi” üçün  çempionluq iddiaları elə indidən sual altına düşə bilərdi. Və bu oyunda həm italiyalı mütəxəssis, həm də komandanın özünü göstərməsi lazım idi.

Meydanda açıq-aşkar “Qarabağ”dan daha yaxşı hazırlaşmış bir “Neftçi” var idi. Hər hucumunu kəsərli edən, ehtiyatı əldən buraxmayan ev sahibi komanda oyunu hissə-hissə oynamağa çalışırdı. Mərkəzdən arxada gözləyib və lazımı anda irəli keçərək işini görən “flaqman” 30 dəqiqədə 2 qol vuraraq aşağı-yuxarı oyunun taleyini həll etdi. Təbii ki, müəyyən anlarda müdafiədə yenə də çaşqınlıq hiss olnurdu. Ancaq bu dəfə başadüşülən idi. Çünki rəqib hesabda iki sıfır geridə olan “Qarabağ” idi. Əgər Emeqara Kırılya Petrovun bir-iki epziodda etdiyi səhvlərədən yararlana bilsəydi, nəticənin bam-başqa olacağını təxmin etmək çətin olmazdı. Fasilədən sonra isə Bordinin komandası tamamən ehtiyatlı futbola keçdi. “Qarabağ”ın top çevirmələri, oyunu 3-cü bölgədə oynamağı bu səfər də xeyir vermədi. Artıq neçənci oyundur ki, Ağdam təmsilçisi matçlarda yalnız top faizində üstün olur. Qurban Qurbanovun alışılmış oyun  tərzi komandaya bir çox uğur qazandıra bilər, ancaq bəzən də rəqiblər tərəfindən çarəsiz buraxıla bilir. Hərçənd hesabdakı fərqi azalda bildilər. Ancaq “Neftçi”nin buna dərhal reaksiya verərək fərqi yenidən ikiyə çıxarması bu oyunda qalib gələnin haqq etdiyini xəbər verir. İkinci hissədəki Yakub Jezniçak Rəşad Sadıqov  əvəzlənməsi isə polşalıya bundan sonrakı oyunlarda bir də çətin şans verilməsindən xəbər verir.

Əgər qarşılaşmaya başqa tərəfdən yanaşsaq bir tərəfdə daim stress və təzyiq altında olan Qurban Qurbanov, digər tərəfdə isə başı rahat şəkildə sırf bu oyuna hazırlanmış Bordin var idi. İtaliyalı yalnız bu oyunla məşğul olarkən Qurbanov isə daim mübarizə içərisindədir. Oyunda sonrakı mətbuat konfransında belə adam bilmir komandasının məğlubiyyətinə fikiri bildirsin, yoxsa Mirabdullanın milliyə dəvət edilib-edilməməsinə. Sözsüz ki, bütün bunları o, özü seçib. Və buna görə şikayətlənməyi hər nə qədər normal görünsə də, biraz da qəribədir. Bəli, Qurbanov hazırki vəziyyətdən şikayətçidir. O, daim oyunçuların sıx qrafikdə oynamasını bildirir. Təbii ki, bunu deyərkən yalnız futbolçuları yox, eyni zamanda özünü də nəzərdə tutur. Hər nə qədər təcrübəli çalışdırıcı həm “Qarabağ”ı, həm də millini çalışdıracaq gücündə olduğu desə də, bunun heç də uzunmüddətli olacağı hiss olunmur.

Roberto Bordin isə artıq nisbətən rahatlaya bilər. Çünki, “Qarabağ” qələbəsi ona yalnız vacib 3 xal yox, həm də müəyyən qədər limit qazandırdı. Açığı, bundan sonra kiminsə sadə bir məğlubiyyətdə onu “asıb-kəsəcəyinə” inanmıram. Görünən odur ki, çempionat ötən illərdəki kimi tək komandanın liderliyində getməyəcək. Daha vacib bir məqam odur ki, illərdir söylənilən “Neftçi” qayıdır” fikri bu il daha çox həqiqətə bənzəyir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43