İdman

“Qəbələ” 6 ildən sonra

“Qəbələ” Topaz Premyer Liqasının 2016/17 mövsümünün startdakı 5 oyununda qol buraxmayan yeganə komandadır.

İdmanxeber.com-un məlumatına görə, III turdan təxirə salınan “Sumqayıt”la oyununda 2:0 hesabı ilə qələbə qazanan “qırmızı-qaralar” son 6 mövsümdə belə starta imza atan ilk klub olub. Belə ki, ölkə çempionatları tarixində startdakı 5 matçda qol buraxmayan sonuncu komandaya 2010/11 mövsümündə təsadüf olunmuşdu. 6 il əvvəl bunu gerçəkləşdirən “Xəzər Lənkəran” idi. Ümumiyyətlə, “Qəbələ” ölkə çempionatlarının 24 illik tarixində 6-cı belə seriyanın müəllifi oldu ki, ilk 5 matçda qol buraxılmasın. Bunu ilk reallaşdıran “İnşaatçı” olubsa, “Xəzər Lənkəran” 2 dəfə bacaran yeganə komandadır. Lakin “Qəbələ” qol buraxmadan start götürən komandalar arasında ən məhsuldarı olub – 15 top.

1993/94. “İnşaatçı” B – 2 qələbə, 3 heç-heçə, top fərqi – 2:0

1995/96. “Xəzri” – 5 qələbə, top fərqi – 7:0

1998/99. “Dinamo” – 4 qələbə, 1 heç-heçə – 8:0

2007/08. “Xəzər Lənkəran” – 5 qələbə, top fərqi – 12:0

2010/11. “Xəzər Lənkəran” – 4 qələbə, 1 heç-heçə, top fərqi – 7:0

2016/17. “Qəbələ” – 4 qələbə, 1 heç-heçə, top fərqi – 15:0

Xatırladaq ki, ötən mövsümün son iki oyununda da qol buraxmayan “Qəbələ”nin seriyası ümumilikdə 7 matçı əhatə edir. Komandanın qapıçısı Dmitri Bezotosnı isə 688 dəqiqəlik “quru” seriya ilə “660” səddini adlayan qolkiperlərdən təşkil olunan İFFHS-in cədvəlinə layıq nəticə göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43