Ölkə futbolu

“Qəbələ” azakeşləri Tale Heydərova müraciət ünvanladı

“Qəbələ” klubunun azarkeşləri “Qarabağ”la matçda baş hakim Rəhim Həsənovun onlara qarşı verdiyi qərəzli qərarlardan sonra klub prezidenti Tale Heydərova müraciət ünvanlayıb.

İdmanxeber.com həmin müraciəti təqdim edir:

Çox hörmətli Tale müəllim:

“Sizin bizim rayonda uşaq futbolu və klubumuzun inkişafı üçün göstərdiyiniz diqqət bizi sevindirir. 11 il ərzində klubumuz öz zəhməti ilə 3 dəfə Azərbaycan çempionatının bürüncünü və bir dəfə kubok finalçısı olub. Uşaq futbolunda isə öz liderliyini qoruyur. Son 2 ildə klubumuz Avropada ardıcıl 4 mərhələ keçərək Avropanın tarixinə düşüb.

Lakin bizim klubumuz yarandığı ildən daim AFFA-nın, PFL-in və Hakimlər komitəsinin sədri Xaqani Məmmədov və onun “yetişdirdiyi” bəzi hakimlər, xüsusən Rəhim Həsənovun bir sıra haqsızlıqları ilə qarşılaşır. Biz onların idarə etdiyi hər oyunda ya haqsız olaraq qırmızı və sarı kartlar, ya da ki, haqsız cərimə zərbələri-penallar ilə qarşılaşırıq. Bəzən öz haqq etdiyimiz penalları belə vermirlər. Hər dəfə isə Xəqani Məmmədov öz nağılları ilə futbol ictimaiyyətini aldatmağa çalışır. Açıqlamalarında “top əli tapdı, əl topu tapdı”, “hakim də səhv edə bilər” kimi açıqlamaları artıq biz Qəbələ azarkeşlərini bezdirib. Biz istəmirik ki, Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov olsun. Dəfələrlə Xəqani Məmmədovun etdiyi özbaşınalıqlara qarşı sübutlar olsa da, AFFA və PFL-də bəzi şəxslər onu müdafiə edərək vəziyyətdən üzü ağ çıxarıblar.

Artıq azarkeş qrupu olaraq bu haqsızlıqlara dözə bilmirik. Hər oyunda komandamızin yanında olmağımıza baxmayaraq, 90 dəqiqə ərzində hakimlərin meydanda etdiyi aktyorluq bizim səbr kasamızı daşdırıb. Son vaxtlar “Qəbələ”nin ev oyunlarında azarkeşlərin az olmağının əsas səbəbkarları hakimlərdir. Artıq rayon ictimaiyyətində belə bir fikir formalaşıb ki, “Qəbələ” nə qədər güclü oynasa da, onun çempionluğuna imkan verməyəcəklər.

İllərdir qocalı-cavanlı “Qəbələ”nin ən sadiq azarkeşləri məsafədən, havanın isti və ya soyuq olmasından asılı olmayaraq, klubumuzun yanında olmuşuq. Hakimlərin etdiyi haqsızlıqlar azarkeşlərimizdə etiraz yaratsa da və bu etirazımızı AFFA və PFL-ə bildirsək də, bizə cavab verən tapılmayıb. Sizdən bütün azarkeşlər adından xahiş edirik ki, etiraz səsimizin eşidilməsinə kömək edəsiniz. AFFA, PFL və Hakimlər Komitəsində oturan, Qəbələmizə düşmən gözü ilə baxan insanların qovulmasında bizə kömək edəsiniz.

Biz istəmirik ki, klubumuzun gələcəyi hakim haqsızlıqlarına görə “Araz Naxçıvan”, “Xəzər Lənkəran”, “Bakı” klublarının aqibətini yaşasın. İstəmirik ki, Tofiq Bəhramovu yetişdirən ölkənin hakimliyinə Xaqani Məmmədov kimi şəxs rəhbərlik etsin. Artıq klubumuzun bir sıra legionerləri, baş məşqçimiz Roman Qriqorçuk da hakim səhvlərinə qarşı mübarizədən beziblər. Biz meydanda rəqibə qarşı mübarizə aparmaq istəyirik, hakimlərə qarşı yox!

Sizdən dönə-dönə xahiş edirik ki, Qəbələni PFL-in və hakimlərin qapazının altından xilas edəsiniz. “Yetim” və “Ögey övlad” münasibətindən təngə gəlmişik. Həyatımızın bir parçası olsa da, PFL və hakimlərin sayəsində stadion bizdə xof yaradan bir məkan halına gəlib. Hər mövsüm 10-15 xalımızı oğurlayırlar. Bu işə bir son verilməsini istəyirik!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43