Layihə

“Qəbələ” – “Qarabağ”: Prinsipial duelə doğru (LAYİHƏ)

Həftəsonu Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Ölkənin futbol azarkeşləri tərəfində marağa gözlənilən bu matç fevralın 19-u, saat 17:30-da start götürəcək.

Turnir cədvəlinin ilk pillələrində qərarlaşan bu iki komanda ölkə çempionatları tarixində 34 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 8-də “Qəbələ”, 16-da isə “Qarabağ”ın qalib gəldiyi halda, 10 görüş sülhlə nəticələnib. Rəqib qapısına 46 dəfə yol tapan Ağdam klubu, öz qapısında 32 dəfə top görüb.

Hazırda ölkənin ən prinsipial qarşılaşmalarından biri olan “Qəbələ” – “Qarabağ” matçı azarkeşlər tərəfindən də maraqla gözlənilir. Buna səbəb isə son zamanlar hər iki komandanın oyunlarına baş vermiş ciddi hakim səhvləridir. Hətta bir çoxu bu matçın xarici hakimlərə tapşırılması barəsində də təkliflər etmişdi. Lakin oyunun baş məşqçisi Fariz Yusifov olacaq. Bu işdə ona Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev köməklik edəcəklər.  

Bəs, görəsən, hər iki klub bu oyuna nə dərəcədə hazırdır? Bunun üçün komandaların durumu ilə maraqlandıq.

“Qarabağ”:

Ağır Gəncə səfərindən qayıdan “Qarabağ” klubu ayın 15-dən etibarən məşqlərə start verib. Komanda “Qəbələ” səfərinə ciddi itkilərlə yollanacaq. Ağdam klubu Qəbələ səfərində Rəşad Sadıqov, Dani Kintana, Ağabala Ramazanovun köməyindən istfadə edə bilməyəcək. “Kəpəz”lə oyunda zədələnən Əfran İsmayılov isə fərdi məşqlərini davam etdirir. Onun oyuna hazır olub-olmayacağı isə hələ ki, məlum deyil.

Komandanın baş məşqçi Qurban Qurbanov sözügedən oyun haqqında fikirlərini saytımıza açıqladı. O, açıqlamasında bunları dedi:

“Sözün açığı, nailiyyətlər əldə etmək üçün hər zaman çalışmışıq ki, oyun üslubumuzu inkişaf etdirək. Bəzən rəqiblərimiz oyun zamanı buna imkan vermir. Amma hər zaman çalışırıq ki, düşündüyümüz oyunumuzu oynayaq. Bəzi oyunlar olur ki, çalışırıq rəqibimizin oyun üslubuna uyğun taktika quraq. Amma oyuna hələ 3-4 gün var. “Qəbələ”nin oyununu tam analiz etməmişik. Dəyişiklik olsa da, bu, elə də böyük dəyişiklik olmayacaq”.

Təcrübəli mütəxəssis zədələnərək mövsümü başa vuran Dani Kintana və yüngül zədələnmiş Əfran İsmayılov barəsində danışdı:

“Biz Əfrandan tələb etdiklərimizi Danidən tələb edə bilmərik və ya Danidən tələb etdiklərimizi Əfrandan tələb edə bilmərik. Hər hansı bir oyunçu dəyişikliyi olanda əvəzləyəcək oyunçunun bacarıqlarına uyğun tapşırıqlar veririk. Bəlkə də belə dəyişiklər zamanı oyun üslubunda nəsə əldə edə bilmərik, amma başqa bir məsələdə nəsə qazana bilərik. Çünki Əfranın da başqa özəllikləri var. Buna baxmayaraq, bizim oyunumuz bir futbolçu üzərində qurulmayıb, bütün kollektivimizin üzərinə qurulub. Futbolçuların hər birinin üzərinə böyük güc düşür. Ola bilər ki, hücumlarımızda Əfranın bacarıqlarına və üstünlüklərinə görə hər hansı bir dəyişikliklər olsun”.

Komanda Qəbələyə bu gün təyyarə ilə yola düşəcək. Ağdam klubu əyalətə saat 17:00-da  çarter reysi ilə yollanacaq.  

“Qəbələ”:

Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə”nin qonağı olan “Qəbələ” klubu 1 günlük istirahətə buraxılmışdı. Komanda fevralın 14-dən etibarən məşqlərə start verib.  

Bu oyunu “Qəbələ” üçün həlledici hesab etmək olar. Əgər bu görüşdə əyalət təmsilçisi məğlub olsa, çempionluq yolunda ciddi zərbə almış olacaq. Hazırda aktivində 39 xalı olan “qırmızı-qaralar” lider “Qarabağ”dan 3 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb. Maraqlıdır ki, cari mövsümdə “Qəbələ” doğma meydanda məğlubiyyət üzü görməyib.

“Qəbələ” də “Qarabağ” kimi bu görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, komanda “Zirə” ilə oyunda qırmızı vərəqə ilə cəzalandırılan Rasim Ramaldanovun xidmətindən yararlana bilməyəcək. Bundan əlavə, komanda Vitali Vernidub, Rafael Santos və Elvin Camalovun köməyindən də istifadə edə bilməyəcək.

Futbola rəng qatan azarkeşlərdir. Son zamanlar sözügedən iki klubun azarkeşləri arasında da söz atışmaları gedir. Hər iki klubun güclü azarkeşləri var və həmin azarkeşlər komandalarına daim dəstək olmaqdadırlar. Son hadisələrə nəzər saldıqda budəfəki matçda azarkeşlərin də daha çılğın və amansız olacağını düşünmək olar. Bəs, görəsən, azarkeşlər bu oyuna hazırdırlarmı? Bunu öyrənmək üçün hər iki tərəfin azarkeşləri ilə əlaqə saxladıq.

“Qəbələ”nin “Red Black” fanklubunun yaradıcısı Cavad Şərifli saytımıza açıqlamasında bu oyun üçün elə də fərqli planlarının olmadığını bildirdi:

“Qəbələ” – “Qarabağ” matçı üçün elə də fərqli planlarımız yoxdur. Düzdü, bu, sıradan bir oyun deyil, hazırda ölkənin ən güclü iki klubunun duelidir. Digər oyunlardan fərqli olaraq bu görüşdə azarkeş sayının daha çox olacağı gözlənilir. Biz də bunun üçün müəyyən təbliğatlar aparırıq ki, stadionu tam doldura bilək. İnanırıq ki, bu, işə yarayacaq və matç dolu tribunalar qarşısında keçiriləcək.

Bir çox oyunlara az azarkeşin gəlməsinin səbəbi stadionun üstünün açıq olması, hava şəraiti və əhalinin durumudur. Bu problem təkcə “Qəbələ”nin oyunlarında deyil, digər komandaların matçlarında da yaşanır. Demək olar ki, hər bir komandamız azarkeş qıtlığından əziyyət çəkir. Bundan əlavə, onu da qeyd edim ki, oyunları idarə edənlərin də bu işdə böyük rolu var.

Bunlara baxmayaraq, biz komandamıza güvənirik, sona qədər dəstək olacağıq və inanıram ki, final fitindən sonra sevinən tərəf biz olacağıq. Arzumuz qələbə arzusu ilə yanaşı gözəl, səhvsiz və şəffaf idarəçilikdi. Ümid edirəm ki, güclü olan qalib gələcək və hər şey stadionda həll olunacaq”.

“Qarabağ” tərəfi də oyuna ciddi hazırlaşır. Demək olar ki, hər oyun “Qarabağ”ın yanında olan “İmarət” azarkeş qrupu bu səfərdə də komandasını yalnız buraxmayacaq. Azarkeş qurpunun idarə heyətinin üzvü Elnur Quliyev saytımıza açıqlamasında oyuna hazırlıqları barədə danışdı:

“Qarabağ”ı qarşıdan “Qəbələ” ilə səfər oyunu gözləyir. Biz də “İmarət tayfa” olaraq, bu oyuna çox ciddi hazırlaşırıq. Oyun günü Bakıdan 50 nəfərə yaxın azarkeşlə yola düşəcəyik. Oyunla bağlı bir neçə planımız var. Lakin indi açıqlasam düzgün olmaz”.

“Son zamanlar hər iki komandanın oyununda hakim səhvləri olub. Sizcə, bu görüşdə də belə səhvlərə yol veriləcək, yoxsa düzgün idarəçilik olacaq?” sualına isə E.Quliyev belə cavab verdi:

“Məncə, bu barədə “Qəbələ” tərəfi danışsa daha yaxşı olar. Çünki onlar bu barədə daha çox şikayət edirdilər. Biz hakim səhvlərindən danışmağı sevmirik. İnanmıram ki, bu oyunda hər hansı hakim səhvi və ya qərəzli qərar olsun. Deməzdim ki, “Qəbələ” ilə son oyunumuzda da hakim səhvi olmuşdu. Sadəcə, onlar son dəqiqədə qapısından top buraxdıqları üçün bu məsələni qabartmağa başladı. Bunun nəticəsində də İntizam Komitəsi Riçard Almeydaya 4 oyunluq cəza verdi və komandamız bu səbəbdən ciddi çətinliklərlə üzləşdi.  Fikrimcə, hakim səhvləri ucbatından “Qəbələ” nə qədər əziyyət çəkirsə, “Qarabağ” da o qədər əziyyət çəkir.

Bir çoxları deyir ki, bu, “Qarabağ”a qarşı “qara piar”dı. Amma mən belə düşünmürəm. Çünki oyunların hər birini kameralar çəkir, göstərir. Hamı da görür ki, hakim necə səhv edir. Belə hakim səhvləri təkcə “Qarabağ”ın oyunlarında olmur. Çempionatın digər oyunlarında da belə hallar baş verir. Hətta son turlarda “Qəbələ”nin əleyhinə hakim penalti verməyidi, bundan başqa, “Neftçi” ilə oyunda “Qəbələ” oyundankənar vəziyyətdən fərqlənsə də, hakim qolu hesaba aldı. Yəni ki, təkcə bizim oyunlarda səhvlər olmur. Bütün bunlara baxmayaraq, ortada qərəzin olduğunu düşünmürəm. Məncə, bu söz-söhbətlər “Qarabağ” ardıcıl çempion olmasından qaynaqlanır. Çünki bir komanda güclü, çempion olduqda hamı ondan danışır”.

İsmayılzadə İlkin

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43