28 Fevral 2024
Kateqoriyasız

“Qəbələ” “Qarabağ”la 30-cu duelinə çıxacaq

“Qəbələ” Topaz Premyer Liqasının IV dövrəsinə “Qarabağ”la oyunla başlayacaq.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata 28-ci turda – martın 30-da Ağdam təmsilçisinin meydanında baş tutacaq qarşılaşma rəqiblərin cari mövsümdə 6-cı görüşü olacaq. Çempionatın əvvəlki 3 dövrəsində rəqibindən xal ala bilməyən Yuri Syominin futbolçuları Azərbaycan kubokunun 1/4 finalında səfər qələbəsi ilə ağdamlıları mübarizədən kənarlaşdırmağı bacarıb.

Ardıcıl 3-cü dəfə mövsümdə 6 dəfə qarşılaşan komandalar ümumilikdə 30-cu duelə çıxacaq. Əvvəlki 29 matçın 23-ü Premyer Liqa, 6-sı kubokda baş tutub. Bu qarşılaşmalarda 6 qələbəsi olan “Qəbələ” 12 dəfə heç-heçə ilə kifayətlənib. “Qarabağ” isə 11 dəfə qalib olub.

İndiyədək keçirilən 29 matçda qapılara 60 qol vurulub. Bunlardan 36-sı ağdamlıların, 24-ü Qəbələ təmsilçisinin hesabındadır. 60 qola 34 futbolçu imza atıb. 3 dəfə “Qəbələ”ni, 2 dəfə isə “Qarabağ”ı məyus edən Kənan Kərimov 5 qolla duellərin ən məhsuldar oyunçusudur. 3 futbolçu isə eyni komandada 4 dəfə fərqlənib. Luis Hilario və Viktor Mendi “Qəbələ”nin, Reynaldo Silva isə “Qarabağ”ın 4 qoluna imza atıb.

“Qəbələ” səfərdə keçirdiyi 14 matçda 3 dəfə qalib gəlib. 6 heç-heçənin qeydə alındığı görüşlərdə “Qarabağ” 5 dəfə sevinib. Bu qarşılaşmalarda 30 qol vurulub. Onlardan 18-i meydan sahibləri, 12-si qonaqların hesabındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43