Ölkə futbolu

“Qəbələ” üçün yubiley matç: Antalyada 50-ci, xarici klublarla 70-ci

“Qəbələ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bu matç “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olacaq. Belə ki, komanda qonşu ölkədə 50-ci sınağına çıxacaq.

İlk dəfə 2006-cı ilin yayında Türkiyədə toplanış keçib, yoxlama matçlarında gücünü sınayan “Qəbələ”nin 1-ci rəqibi yerli “Zeytinburnu” olub. Həmin görüşdə 0:1 hesabı ilə uduzan komanda artıq 11-ci dəfə yollandığı qardaş ölkədə 49 matça çıxıb. Bu oyunlardan 47-si xarici klublarla, ikisi isə “Neftçi”yə qarşı olub. “Kuban”la qarşılaşmayadək Antalyada 20 qələbə qazanan “Qəbələ” 14 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda “qırmızı-qaralar” 75, rəqibləri 60 qol vurub.

Antalyada xarici klublarla 48-ci matç olsa da, ümumilikdə 70-ci dəfədir ki, “Qəbələ” əcnəbi komanda ilə yoxlama oyununa çıxır. Sloveniya, İngiltərə, Hollandiya, Avstriya ilə yanaşı, doğma meydanda da beynəlxalq yoxlama oyunu keçirən “qırmızı-qaralar” belə görüşlərdə 30 qələbə qazanıb, 14 heç-heçə edib və 25 dəfə uduzub. Bu matçlarda komanda 101 qol vurub, 79-nu buraxıb. “Vorskla” ilə oyunda Ruslan Fominin vurduğu qol beynəlxalq matçlardakı 100-cü top olub.

Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzan Roman Qriqorçukun futbolçuları “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43