Ölkə futbolu

“Qəbələ” vətənə biabırçı məğlubiyyətlə dönür

"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası "Artek" Uşaq İstirahət Mərkəzində keçirilən Ukrayna Prezidenti Kubokunu dördüncü yerdə tamamlayıb.Klubun rəsmi saytına istinadən verdiyimiz xəbərə görə, qrup mərhələsini uğurla ilk pillədə adlayan "qırmızı-qaralar" yarımfinalda yerli "Karpatı" ilə üz-üzə gəliblər.

Bərabər mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə tamamlanıb. Qalibi müəyyənləşdirmək üçün komandalar penalti duelində qarşılaşıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ukraynalılar 5:4 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıblar.

Növbəti oyunda "Qəbələ" 3-cü yer uğrunda matçda "Şaxtyor"la üz-üzə gəlib. Oyun Donetsk təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 7:1.

Beləliklə, "Qəbələ" ilk dəfə iştirak etdiyi Ukrayna Prezidenti Kubokunu 4-cü yerdə tamamlayıb. Çempion isə “Qəbələ”nin finala adlamağına imkan verməyən “Karpatı” olub. Lvov təmsilçisi “Çernomorets”i 2:0 məğlub edib.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43