İdman

Qəbələdə bir gün…

Bakı küləyi paytaxtımızın vizit vərəqəsidi. Ələxsus da səhər saatlarında. Bazar günü olmasına rəğmən, AFFA-nın inzibati binasının qarşısında qələbəlikdi. Yox-yox, ali futbol qurumu martın 7-nə təyin olunan Konfransın tarixini dəyişməyib. Sadəcə, Peşəkar Futbol Liqasının “bölgələrə səfər” layihəsinin növbəti səhifəsini vərəqləməyə gələn media mənsubları Qəbələyə yola düşmək üçün küləkli şəhərimizin toz-torpağını sübh tezdən udmaq üçün Assosiasiyanın qarşısına yığışır… 

Yolu qısaltmaq üçün elə də çətin olmur. Futbol biliklərimizi yoxlamaq məqsədi ilə kiçik müsabiqələr təşkil etməklə bu arzumuzu çin edirik. Bir də gözümüzü açdıq ki, Şamaxıdayıq. Aha, təqribən saat 10-da təmiz havada çay süfrəsinin yeri var… 

Bir neçə saat sonra isə Qəbələdə nahar. Hiss olunur ki, ofisiantlar 25 nəfərlik nümayəndə heyətini qarşılamağa hazır deyillər. Lakin bu, xırda detaldı. Necə deyərlər, ürək düz olduqdan sonra başqa heç nə gözə dəyməz…

 Nəhayət, Qəbələ şəhər stadionunun ərazisinə daxil oluruq. Tribunalarda adət etdiyimizdən daha çox tamaşaçıya rast gəlirik. Bəli-bəli, start fitindən dərhal sonra və 90 dəqiqə ərzində Qəbələ stadionunda məhz tamaşaçı gördük, azarkeş yox. Heç kimə sirr deyil ki, “Qəbələ”nin problemi nə maliyyə çatışmazlığı deyil, nə də infrastruktur. “Qırmızı-qaralar”ın korluq çəkdiyi əsas məsələ azarkeşlərlə bağlıdı. Təəssüf ki, tribunalarda əyləşənlər daha çox tum çırtlamaqla məşğul idilər, nəinki doğma komandalarını dəstəkləməklə. Lakin qapı arxasında əyləşən “Forza Neftçi” qonaq komandanı özünü “Bakcell Arena”dakı kimi hiss etməyə münbit şərait yaratmağı bacarmışdı. Bakıdan gələn azarkeşlərin sayı çox olmasa da, “fanatlıq necə olmalıdı” əyani vəsaitini Qəbələdə göstərməyi bacardılar. Onları sevimli komandalarının buraxdığı qol da ruhdan salmadı. Havanın yaz qoxusu gətirməsi isə, bəzilərinin sevimlilərini maykada dəstəkləməlirini şərtləndirdi.

 Matç başa çatanda “Qəbələ” camiəsindən hər kəsə “bıçaq vursaydın, qan çıxmazdı”. Bu da başadüşüləndi. Ardıcıl ikinci məğlubiyyət qızıl medallardan dəm vuran komanda üçün yolverilməzdi. “Neftçi”də isə tam fərqli əhval-ruhiyyə hökm sürürdü. Yeni prezident Kamran Quliyev müsahibə verir, futbolçular media mənsublarına tərəf boylanır və sevə-sevə sualları cavablandırır. Hətta klubun həkimi də təbrikləri qəbul etməyə hazır olduğunu nümayiş etdirir. Cavab qolu vurularkən, sevincindən “Qəbələ” stadionunun kövrək eyvanında tullanaraq “qol” qışqıran “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu isə final fitindən sonra daha təmkinli olsa da, gözlərindən axan sevinc və qələbə təbəssümü hər şeyi deyir.
“Qəbələ”dən məğlubiyyəti şərh etməyə özündə cəsarət tapan bir tək Ruslan Qurbanov olur ki, bunu da “top-tüfəng”lə qarşılaşmağa ehtiyac yoxdu. Hər halda, meydan sahiblərinin sıralarında hər kəs şokda idi.
Nəhayət, avtobusumuz Bakı istiqamətini tutur. Yolda iki dəfə dayanırıq. Əvvəlcə, şam yeməyi üçün, ikinci dəfə isə su almağa. Saat 23:35-də paytaxta yetişirik. Bazar günümüz stadionda və yollarda keçdi. Ancaq hər kəsin hansısa qədəri var. İdman jurnalistinin qədəri də budu: istirahət günlərini stadionda keçirmək.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43