Ölkə futbolu

“Qəbələ”də böyük itki: “Bu dəfə çox ağır zədələndim”

Həftənin bazar günü – 15 sentyabrda Premyer Liqanın VI turu çərçivəsində AZAL-la qarşılaşacaq "Qəbələ" böyük itki ilə üzləşib.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komandanın aparıcı üzvlərindən Rail Məlikov məşq zamanı ağır zədə alıb.

Futbolçunun 4 və ya 5 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. Bu barədə əsas komandanın həkimi Rahim Məhərrəmov məlumat verib. Məhərrəmovun sözlərinə görə, müdafiəçinin ön çarpaz bağları qopub:

"Zədənin ardından Rail dərhal müayinə olundu. Müayinə zamanı məlum oldu ki, müdafiəçimizin ön çarpaz bağları qopub. Bu idmanda çox ağır zədələrdən hesab olunur. Futbolçu sabah əməliyyat üçün Türkiyəyə yollanacaq. O, "Acıbadem" xəstəxanasında əməliyyat olunacaq. Bundan sonra futbolçu 4 və ya 5 ay bərpa prosesi keçməlidir".

Hazırda Bakıda olan Rail Məlikov klubun rəsmi saytına açıqlamasında zədələndiyinə görə məyus olduğunu, ən qısa müddətdə zədəsini bərpa edib komandanın sıralarına dönmək istədiyini vurğulayıb. O, diqqətə görə "Qəbələ" İdman Klubuna təşəkkür edib:

"Komandaya gəldiyim gündən kiçik zədələr məndən əl çəkmirdi. Təəssüf ki bu dəfə çox ağır zədələndim. Sabah əməliyyat üçün Türkiyəyə yollanacam. İnanıram ki, əməliyyatım uğurla sona çatacaq və ən qısa müddətdə zədəmi bərpa edib komandanın düşərgəsinə dönəcəyəm. Klub rəhbərliyinə, həkim heyətimizə diqqətə və dəstəyə görə təşəkkür edirəm".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43