İdman

“Qəbələ”nin 99 yaşlı rəqibi

UEFA Avropa Liqasının Əsas yolunun 1-ci təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Lüksemburqun “Proqres” klubu qitəmiqyaslı turnirə ölkə çempionatının gümüş mükafatçısı kimi vəsiqə qazanıb.

2017/18 mövsümündə “Düdelanj”la çempionluq uğrunda mübarizə aparan Niederkorn təmsilçisi sona iki tur qalmış qızıl medal şansını itirib. 26 matçda 63 xal toplayan “Proqres” çempiondan 5 xal geri qalıbsa, 3-cü pilləni 16 xal qabaqlayıb. Bütün qüvvəsini çempionata səfərbər edən komanda kubokla 1/8 finalda vidalaşıb.

Paolo Amodionun baş məşqçisi olduğu “Proqres” qazandığı gümüş medalla son 36 ildə ən yaxşı nəticəsini göstərib. Belə ki, Niederkorn təmsilçisi 1981/82 mövsümündə sonuncu gümüş əldə etmişdi.

Əsası 1919-cu ildə qoyulan “Proqres”in 99 illik tarixində daha böyük uğurları da var. Lakin niederkornluların bütün nailiyyətləri ötən əsrlə bağlıdır. 1952/53, 1977/78 və 1980/81 mövsümlərində Lüksemburq çempionu olan komanda 1932/33, 1944/45, 1976/77 və 1977/78 mövsümlərində kuboka yiyələnib.

“Proqres”in avrokuboklardakı debütü də 1977-ci ilə təsadüf edib. Lakin 6 il ərzində 5 dəfə qitə səhnəsinə çıxan komanda 10 oyundan 9-da uduzub. Hesabında 1 qol və 1 heç-heçə olan niederkornlular növbəti şansı 33 il gözləməli olub.

Uzun müddət Lüksemburqun aşağı liqalarında çıxış edən “Proqres” 2005/06 mövsümündə elitaya vəsiqə qazanıb. Avropa səhnəsinə dönüş isə 2015-ci ildə gerçəkləşib. Lakin yenə qola həsrət qalan lüksemburqluların gücü yalnız bir heç-heçəyə çatıb. 2017/18 mövsümü klub tarixinə ən uğurlusu kimi düşüb. “Proqres” Şotlandiyanın “Reyncers” klubunu məğlub edərək mərhələ adlayıb. Evdə 2 cavabsız qol vuran Niederkorn klubu səfərdəki 0:1 hesablı məğlubiyyətə baxmayaraq turu adlayıb. Kipr AEL-i ilə II təsnifat mərhələsində isə “Proqres” hər iki matçda məğlubiyyətə üzülüb – 0:1, 1:2.

Ümumilikdə, avrokuboklarda 16 oyun keçirən komanda 1 qələbə qazanıb, 2 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapılarına 4 qol vuran komanda 36 top buraxıb.

“Proqres” ev oyunlarını Niederkorndakı “Stad Jos Haupert” stadionunda keçirir. Bu arena 4830 tamaşaçı tutumuna malikdir.

Mənbə: gabalafc.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43