Müsahibə

Qış çempionu Röyadan danışdı, atmaca atdı: “Orada biri özünü prokror kimi aparır” – – MÜSAHİBƏ

Bu gün “Araz-Naxçıvan”ın rəsmi səhifəsində keçirdilən sorğuya əsasən geridə qalan 15 tur və 2 kubok oyununa görə vitse-kapitan Cavid Həsənovun oyunu azarkeşləri razı salıb. Səs çoxluğunu nəzərə alıb, Cavidi sual atəşinə tutduq. Ən maraqlısı odur ki, bu müsahibədə çox şeydən danışıldı, amma razılaşmamıza əsasən futboldan “qaçdıq”. Lakin sonda Cavid yenə də müsahibəmizi futbolla yekunlaşdırdı.

– İlk sualımız yeməklə bağlıdır. Stolun üstündə çoxlu yemək olduğu halda ən çox hansı yeməyin olmasını istərdin?

– Plov. Bu yemək Azərbaycan mətbəxinin şah əsəridir. Ona görə də plovu sevirəm. Bu yemək bizim ailədə hamının sevdiyi bir yeməkdir.

– Əslən Naxçıvandansan. Naxçıvanlıların məhşur yeməyi olan qovurmanı nə əcəb “offsayd”da saxladın?

– Qovurma cox vaxt “offsayd”da olur. Ona görə ki, qovurma əsasən qış yeməyidir.

– Əvvəlcə çayxana deyirdilər. İndi olub “çay evi”. Gedirsən “çay evi”nə?

– Boş vaxtımız az olur. Amma hərdən dostlarla gedirəm.

– Niyə gənclərimizin çoxu çay evlərində qəlyanla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşırlar?

– İnanın ki, onun necə və niyə çəkildiyini bilmirəm. Təəssüf ki, dediyiniz faktdır. Sosial şəbəkələrdə cavanların qəlyanla olan şəkillərinə tez-tez rast gəlinir.

– Cavid, kitabla aran necədir? Sonuncu dəfə nə vaxt kitab oxumusan?

– Açığı kitab oxumağı sevmirəm. Həm də elə bir dövrdə yaşayırıq ki, axtardığını internetdə axtarıb tapıb oxuya bilərsən. Əsasən idman saytlarını izləyirəm. İmkan olduqca isə idman qəzetlərini oxumağa çalışıram.

– Hansı müğənniyə qulaq asanda bütün yorğunluğunu atırsan?

– Röya və Soner Kabadayının mahnılarından xüsusi zövq alıram.

– Röya subay olsaydı, ona eşq elan edərdin?

– Xeyr. Mən onun səsinin vurğunuyam. Amma konsertində olmaq istərdim.

– Cavan oğlansan. Həm də subaysan. Sevgi, məhəbbətlə aran necədir?

– Yaxşıdır (gülür). Amma qeyd etdikləriniz hələlik məndə ikinci plandadır.

– Tamaşa, teatra nə dərəcədə maraqlısan?

– İmkan olanda televiziyadan izləyirəm.

– Hansı aktyorumuzu daha çox bəyənirsən?

– Arif Quliyev, Rafael və Coşqun cütlüyü.

– “Fatı qalx, Fatı otur” – bu misal sizə nəyisə xatırladır?

– Deyəsən “Göz həkimi” tamaşasındandır.

– Yox, səhv salırsan, bu “Qatarda” tamaşasında səslənmiş bir fikirdir. Həmin tamaşada nədən danışılır, deyə bilərsən?

– Hə, yadıma düşdü. Orada biri özünü prokror kimi aparır, amma təəssüf ki, bu belə olmur.

– Futbolçu olmasaydın aktyor olardın?

– Yox, o bacarığım yoxdur.

– Bəs hansı sahədə özünü sınayardın?

– Yəqin ki, gömrükçü olardım. O sahədə çalışanlar böyük simpatiyam var.

– Meyxana ilə aran necədir?

– Yaxşıdır. Qulaq asıram.

– İntiqam Rüstəmov – belə birini tanıyırsan?

– O məni tanıyır? (gülür)

“Tı kto takoy davay dosvidaniya” meyxanasını kimlər oxuyub? 

– Hə bildim. İntiqam o meyxananı deyən qardaşların böyüyüdür. Mən əsas Rəşad Dağlı və Pərviz Bülbülənin deyişmələrini xoşlayıram.

– 9 noyabrda niyə iş günü deyil?

– Bayraq günüdür. Bunu bilməmək günah olar.

– Yenidən məktəbli olsaydın, hansı fənni daha çox oxuyardın?

– Riyaziyyat

– Niyə məhz riyaziyyat?

– Dərin elmdir, girdin cıxa bilmirsən.

– Bəs demirsən ki, ilişib qalarsan orda?

– Müəllim ip uzadıb çıxardar (qəhqəhə ilə gülür).

– Geyimlər alarkən brend markalara üstünlük verirsən, yoxsa fərqi yoxdur?

– Yaraşırsa fərqi yoxdur.

– Hansı sual daha çox xoşuna gəldi?

– “Fatı qalx, fatı otur” misalı barədə verdiyiniz sual.

– Axı düzgün bilmədin ki, bu misal hansı tamaşada səsləndirilir?

– Əsas odur ki, onu öyrəndim və daha yaddan çıxarmayacam.

– Bəs hansı sualı verməmişik ki, istəyərdiniz ki, elə bir sual verək?

– “Araz-Naxçıvan” azarkesleri haqqında istəyərdim ki, sual verəsiniz. Çünki onların dəstəyinə əsasən mən 15 turun və 2 kubok oyununun ən yaxşısı seçilmişəm.

– Əvvəlcədən dedik axı, çox şeydən danışacağıq , amma futboldan yox. Amma sözünü yerə salmayaraq bu sualı verirəm. “Araz-Naxçıvan” azarkeşləri haqqında niyə danışmaq istəyirdin?

– Bu gün bir naxçıvanlı kimi “Araz-Naxçıvan”ın heyətində olmağımdan qürur duydum. Azarkeşlərin sayəsində bu gün sorğuda mən qalib olmuşam və sizin suallarınızı cavablandırıram. Azarkeşlərimizə çox sağ ol deyirəm. Sizə də minnətdaram ki, belə bir sorğu keçirmisiniz və bu gün mənim yuxu vaxtıma girib məni suallar atəşinə tutmusunuz (gülür).

Söhbətləşdi: Emin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43