Kateqoriyasız

“Qorxmurduq, ancaq özümüzü cılız​ hiss edirdik” – Qurban Qurbanovla GENİŞ MÜSAHİBƏ

İşi hər zaman çoxdu. Elə bu səbəbdəndir ki, əksər hallarda onu yalnız mətbuat konfransında görə bilirik. Əlbəttə ki, ətraflı söhbət üçün həmin tədbirlər uyğun deyil. Lakin millimizin oyunları ilə əlaqədar yaranan fasilədə Qurban Qurbanovla söhbətləşmək imkanı yarandı. Müsahibə nə az, nə çox, düz 97 dəqiqə davam etdi. Əsl futbol matçı qədər. Əlbəttə, əsas vaxta əlavə edilən 7 dəqiqə nəzərə alınmaqla. Elə buna uyğun olaraq da yazını iki tayma böldük. Beləliklə, İdmanxeber.az ölkənin ən sevimli futbol mütəxəssisi ilə ən maraqlı matçı təqdim edir.

 

“İnanın ki, sırf nəyə gülmüşəm, bu, yadımda deyil, bəlkə nəsə olub, Elçinin yadında olar”

– Söhbətimizə yaxın keçmişdən, çempionluq uğrunda “Neftçi”ylə son turun matçından başlayaq. QHəmin məğlubiyyət Premyer Liqada 7 illik hegemonluğunuza son qoydu. Bundan sonra “Qarabağ”ın tarixində hansı yeni səhifə açıldı? Hansı nəticəni çıxardınız ki, indi komandanız möhtəşəm çıxış edir və yeni mövsümdə məğlubiyyətsiz davam edir. Bu, Konfrans Liqasını da nəzərə alsaq, artıq 14 oyun təşkil edir…

– Desək o məğlubiyyətin böyük təsiri oldu, yox. Əlbəttə, hər bir məğlubiyyət təsir göstərir. Ancaq ümumən o mövsüm orda tamamlandı, başladıq yeni sezona. Həmişəki kimi çalışmışıq hər mövsümdə daha yaxşı​ olmağa, daha yaxşı şəraitdə hazırlaşmağa, işimizi​ daha ətraflı müzakirə eləməyə. Bu, nə dərəcədə alınır, alınmır, bu, sonranın işidi. Desəm sırf o oyuna, o məğlubiyyətə görə hazırlaşmışıq, yalançı olaram. Çünki məğlubiyyətlərimiz çox olub. Sadəcə, həmişə qeyd eləmişəm ki, ümumiyyətlə işimizdə ən böyük üstünlük uduzmağı bacarmalı olmağımızdı. Bunu bacarırıqsa, gələcək matçlarda daha yaxşı, uğrulu nəticə əldə edə bilərik. Yəni, onunla bu işin heç bir əlaqəsi yoxdu. O qədər məğlubiyyətimiz olub ki, bütün çempionatlarda, mövsümlərdə. Yox, desəm ki, məğlubiyyətin təsiri yox idi, bəlkə düzgün çıxmaz. Məğlubiyyətin təsiri olmamış mümkün deyil. Amma sırf işimizi ona görə qurmuruq ki, məğlub olmuşuq, buna görə​ mütləq bu mövsüm qalib gəlməliyik – belə bir şey yoxdu. Sadəcə, rəqibləri daha yaxşı analiz edib, daha ciddi yanaşıb, hər mövsüm futbolçulardan bunu tələb​ edərək işimizi bunun üzərində qurmuşuq. Deməzdim​ ki, o məğlubiyyətin bugünkü nəticələrə​ sırf təsiri var.

– “Neftçi”yə uduzandan sonra o məşhur fotokadr: Qurban Qurbanov​ əsas köməkçisi Elçin Rəhmanovu​ qucaqlayıb gülərək,​ ona nəsə deyir. Nə deyirdiniz? Sanki nəyəsə güc gəlirdiniz – uduzduq, eybi yox idi, yoxsa nə idi açması o pozitivliyin?

– İnanın ki, sırf nəyə gülmüşəm, bu, yadımda deyil. Sadəcə, həmin məğlubiyyətdən sonra​ bəlkə hansısa epizodu yada salmışam, sadəcə,​ danışa-danışa gəlmişəm,​ elə bir an olur. Bəlkə də belə bir gözlənti​ vardı məğlubiyyətin olmasına görə. Çünki bəzən iş​ elə qurulur ki, fikirləşirəm ola bilər sonda nəsə məğlubiyyət olsun, sonadək bu intriqa getsin. Misal üçün final oyunlarına​ özümü hazırlaıyam ki, məğlubiyyət gözləniləndi. İl boyu əziyyət çəkmişik, çalışmışıq yaxşı, ən yaxşı olmağa. Və sonda bunu itirikdiksə, futbolçular bunu görməməli, hiss etməməlidi ki, o qədər əziyyət çəkmişik və bir məğlubiyyət oldu deyə​ bütün planlarımız pozuldu. Ümumiyyətlə, həmin matçda məğlubiyyətə də hazır idim, ancaq əlbəttə,​ istəkli idim qalib gəlməyə. Bunun üzərindən xeyli vaxt​ keçib və onun üzərində çox dayanmağı xoşlamıram. Sadəcə. hər məğlubiyətdən sonra​ önə baxırıq, işimizi ona görə​ qururuq. Bəlkə nəsə olub, Elçinin yadında olar.

– Rəhmanovdan soruşarıq…
– İnanmıram ki, onun yadında olsun. Futbol, uğur elə bir şeydi ki, hardasa dayanmalısan.​ Bu, sırf “Qarabağ”la​ bağlı deyil. Futbolda belə bir qayda yoxdu​ ki, daim qalib gəlməli, çempon olmalıyıq.​

– Əbədilik yoxdu…

– Bəli, belə bir şey yoxdu. Ola bilər heyətin lap yaxşı, güclü olsun, ancaq nəticən olmasın. Bunu İngiltərədə​ görmüşük, həmişə​ “Lester”in çempionluğunu misal​ gətirirəm. Kimlər hegemonluq edirdi, özü də İngltərədə. Digər “Böyük Beşlik” ölkələrində də belə hallar olur.​ Amma bu, işimizdi, gülə də bilərəm, normal apara da. Amma işimə həmişə məsuliyyətlə yanaşıram. Bəzən anlar, epizodlar var ki, orda kiçik hərəkətlə, sözlə komandanı dərhal ələ almaq olar. İnşalıah, gələcəkdə​ daha ciddi​ yanaşma olar.

“Həmişə torpaqlarımız bizdə​ olmayanda məndə həmişə ehtiyatlanma var idi. uduzmaqla bağlı”

– Şəxsi mövqeyimdi ki, “Qarabağ”ın​ keçən mövsüm çempion olmamasının “Neftçi”dən çox sizin kluba xeyri dəydi. O mənada ki, indi tam fərqli “Qarabağ” görürük. Ola bilər deyəsiniz yox, fərqli deyil, cüzi dəyişiklik olub. Ancaq görünən kəndə nə​ bələdçi? Görürük ki, “Qarabağ”​ böyüdü. özü də əməlli-başlı. Sanki baş daşdan-daşa dəyəndən sonra daha güclənib. Çox güclü “Qarabağ”​ görürük bu gün. Bu fikrə münasibətinizi öyrənmək istərdik…

– Mütləq dəyişiklik var. Sadəcə, həmişə deyirəm ki, insan​ ilboyu sağlam ola bilməz. İllər keçdikcə, yaşa dolduqca, hər hansı çətinliklər gəldikcə, bəzən yükləmələr çox olduqca belə axsamalar olur. Adicə insan​ hardasa özünü naxoş hiss edir. Fubol elə bir şeydi komandanın ilboyu​ həmişə gümrah olması mümkün deyil, qaldı ki illər boyu. Dediyim kimi, komanda hardasa durmalı idi. Bəzən dəyişikliklər etmək istəyirsən, kiməsə, nəyəsə güvənirsən, deyirsən ki, yox, bəlkə ola bilər bir il sonra edim, yenə bu komandanı, kollektivi qoruyum saxlayım. Həmişə bunu istəmişəm. Çünki əlində olan futbolçudan daha yaxşısını tapmaq çox çətindi. Çox asan, rahat danışarıq​ ki, gələn il 3-4 transfer edəcəyik, işimiz düzələcək. Mümkün deyil belə şey. Ola bilər hardasa bəxtin gətirsən, bu oyunçuları​ əldə edə bilərsən. Ola da bilər ki, düşündüyünüzün​ tam əksi olsun. Məndə belə hallar oldu ki, hardasa dəyişiklik​ eləmək istədim, ancaq özəyini qorumaq şərtiylə. Bəlkə də 2 ildir tam bunu eləmək istəyirdim, ancaq alınmırdı. Bir neçə fikirlərim var idi, ancaq onlar həyata keçmədi, həmin oyunçuları əldə edə bilmədim. Buna görə tam istədiyim dəyişikləri edə bilmədim. Ancaq hər bir halda komandada bir dəyişiklik, ab-hava fərqli oldu. Yeni oyunçularla​ istər-istəməz yeni istək, yeni düşüncə olur. Bunu əldə eləməyə çalışdım, ancaq deməzdim ki, çox fərq var. Heç deməzdim ki, keçən mövsümkü komanda bu ilkindən​ zəifdi – belə bir şey yoxdu. Ötən mövsüm məğlub olmuşuqsa çempionluqda, deyə bilmərəm ki, bu “Qarabağ”ın zəifliyinin​ göstəricisidi. Buna bir az düzgün yanaşmıram. Həmişə “Liverpul”u misal gətirirəm​ – Çempionlar Liqasını udur, ancaq sonrakı ildə eyni baş məşqçi, eyni heyətlə bunu əldə edə bilmir.​ “Mançester Siti” ardıcıl 2 il ölkə çempion​u ola bilmir. Əksinə, təcrübə daha da çoxalmalıdı. Həmin Qvardiola,​ Klopp hamını bir nəfəsə udur, ancaq gələn mövsüm çox rahat ola bilmirlər. Buna görə futbolda mən başda olmaqa görmədiyimiz, düşünmədiyimiz elementlər, hissələr var ki, onların hamısını doğru idarə eləmək qeyri-mümkündü. Çünki rəqib də sənə həmişə fərqli yanaşır, sənə uduzubsa, sənə düşünmədiyin gedişi etməsi mümkündü. Bu üzdən hardasa xal itirə bilərsən.

– Bu “Qarabağ”da fərqli​ temp görürük, bunu ki inkar etmək mümkün deyil. Bu “Qarabağ” daha şən komanda olub temp baxımından…

– Bu yöndə bəzi dəyişikliklər var, bəzi tələblər​ daha da çoxalıb. Bunu çox demək istəmirəm, ancaq həmişə torpaqlarımız bizdə​ olmayanda məndə həmişə ehtiyatlanma var idi.​

– Yəni, uduzmaqla bağlı…

– Bəli, bir az ehtiyat edirdim​ ki, istər-istəməz torpaqlarımız​ onlardadı. Qarabağı​ təmsil edirik,​ daha da kompakt olmalıyıq. Olmasın məğlubiyyət, heç olmasa bərabərlik​ olsun. Əlbəttə,​ bunları heç​ vaxt futbolçulara bildirmirdim,​ ancaq daxilimdə bunu daim düşünürdüm. Görün neçə illərdi neçə ölkədə “Qarabağ”ın adı yazılıb, hallanıb, bütün dünya baxır ona. Adi püşkatmaya baxaq,​ nəhənglərin yanında “Qarabağ” (Azərbaycan) adı çəkilir. Çox ehtiyatlanırdım, ancaq büruzə vermirdim​ futbolçuların yanında.

– Heç medianın​ da yanında olmayıb…

– Elədi. Futboçulardan başqa şey tələb edirdim. Müdafiəni düşünəndə də onu başqa formada çatdırırdım.​ Ancaq indi 44 günlük bu qalibiyyət inanın ki, bir azərbaycanlı kimi mənə də tam fərqli təsir edir. Ümumiyyətlə, hücum etməkdən qorxmuram. Həmişə müsahibələrimdə demişəm ki, hücumda ola-ola müdafiəmizi də düzgün qurmalıyıq. İndi futbolçulara da bunu aşılayıram ki, birəbir​ qalmaqdan qorxmayın.​ Eybi yoxdu bir oyunda məğlub olaq, bir epizodda uduzaq, heç nə olmaz. Ancaq artıq bunu yaxşılaşdırmalıyıq, bundan çəkinməli​ deyilik. Bugünkü futbol bunu tələb edir. Əlbəttə, rəqib səni məcbur edəcək müdafiədə oturarsan, hətta öz çempionatımızda oyunlar olub ki, 10 nəfərlə​ müdafiə olunmuşuq. Ancaq əlbəttə, bu, 90 dəqiqənin hansısa bir hissəsində​ olur. İndi inanın ki, məğlub olmaqdan qorxmuram, əksinə,​ hücum edərək​ uduzmaqda özümdə bir qəbahət görmürəm. Azərbaycanlılar, Azərbaycan futbolu üçün bunu öz komandama​ daha çox önə çəkmək istəmişəm. Bu xalq olaraq​ hücum etməyi beynimizdə​ həkk etməliyik, bunu yaxşılaşdırmalıyıq, bu psixologiyanı bu kluba, komandaya yeritmək lazımdı. Ümumyyətlə, azərbaycanlılarda​ bu psixologiya​ olmalıdı ki, hücuma daha çox meylli olmalıyıq. Müdafiəni öz meydanımızda, qapımıza yaxın yox, daha çox öndə, minimum meydanın mərkəzində qurmalıyıq – bunu çalışmalıyıq aşılamağa futbolçulara. Əlbəttə, bu futbolçuda hərəkətliliyi, sürəti çoxaldır. Kimin​ sürəti varsa, bu, o demək deyil ki, sürətli​ komada olacaq. Yox, topun sürətini daim artırmalıyıq. Əvvəl​ topla çox oynayırdıq. indi daha tez oynamalıyıq. Bəzi elementlər var, sadəcə,​ bütün meydançalarımız​ buna imkan versə,​ şərait yaradılsa. Mütləq bunu tələb edərik. Ancaq meydançalarımız​ buna imkan vermirsə, düşüncələrimizin​ hamısı qalacaq kənarda,​ tam əksi​ olacaq.

– Necə ki “Aberdin”lə Bakıda o tempi verə bilmirdiniz,​ getdiniz orda tam fərqli futbol göstərdiniz…

– Orda fərqli temp verdik. Ancaq hər bir halda​ şərait olmalıdı.​ Təkcə oyun yox,​ məşq meydançalarımızda da. İldən-ilə futbol nəyi tələb edirsə, buna uyğunlaşmağa çalışmalıyıq. Heç vaxt öz oyun üslubumuzdan​ əl çəkməmişəm. Sadəcə, hər şeyi tələblərə, reallığa uyğun etməyə çalışmışıq. Şadam ki, komandama, oyunumuza belə dəyər verirsiniz. Ancaq bu o demək deyil ki, işlərimiz tam qaydasındadı. Bu il hər şey ideal olacaq – belə bir şey yoxdu. Hardasa komandanın​ durma nöqtəsi,​ yorğun vaxtları, oyunun getmədiyi vaxtlar var. Bu mövsüm bizdə fərqli​ yanaşma var, ancaq həmin “Neftçi”dən alınan məğlubiyyətə görə deyil.​ Sadəcə, bugünkü reallıq bunu göstərir ki, bu tələbləri yerinə yetirmək lazımdı. Həmişə bacardığım qədər maksimum​ çalışmışam​ Qarabağ adını qoruyub​ saxlayım. Ancaq əlbəttə,​ bu, tək mənim istəyimlə​ alınan bir şey deyil. Burda bütün kollektivimiz bunu dərk eləməli, başa düşməli idi. Şükürlər olsun Allaha ki, rəhbərliklə bir yerdə bütün komandayla bilib​ bu ad nə deməkdi, bütün Azərbaycan üçün nə deməkdi, məsuliyyətlə çalışmağa səy göstəriblər. Əlbəttə, səhvlərimiz olub, ancaq məsuliyyətsizliyimiz​ yox. Çalışmışıq ki, o səhvlərdən​ düzgün qərar çıxaraq. İndi tam​ rahat​ məğlub olmaqdan qorxmuram. Çünki bu gün uduzsaq, heç kim kənardan nəsə irad bildirə bilməz. Çünki dilləri​ qısadı. Rahatlıq​ deməzdim, özümüzə inam var.​ ​

 

“Kiprə uçuşumuz​ 2-3 saat gecikdi, texniki nasazlıq olduğundan təyyarəni dəyişdilər, saatlarla hava limanında qaldıq”

– “Qarabağ” “Aberdin”i Şotlandiyada, “Omoniya”nı​ Kiprdə udur, ancaq gəlib​ “Zirə”ylə, “Keşlə”ylə səfərdə heç-heçə edir.​ Premyer Liqada rəqib meydanında​ bu bərabərliklər, xal itkiləri hələ keçən mövsümdən davam edir. Səbəb nədi – motivasiya, yorğunluq, qazon amili, yoxsa..?

– Əvəllər Avropaya çıxanda, qorxmurduq, ancaq özümüzü cılız​ hiss edirdik. Lap milli komandanı, “Qarabağ”ı götürək, avrokuboklarda fikirləşirik ki, bir oyun udsaydıq, yaxşı olardı, onlar bizdən​ üstündürlər. Get-gedə oynadıqca isə Avropa futbolu sənə daha yaxınlaşır. Görürsən, 1, 2, 3 oyun oynamaq​ olar,​ yaxşı hazırlaşırsan, onlara uyğunlaşırsan. Çempionatda da istər-istəməz​ zəif saydığın komandalar görürsən ki, 1-2 oyun oynayırlar, görürlər nəsə eləmək olar. Zatən futbol bu cür inkişaf edir. Adicə müsahibə verməyi götürək, illərlə bunu etməyəndə görürsən ki, bir az yadırğayırsan, söz tapmırsan.

– Futbol diliylə desək, formadan düşürsən…

– Düşüncən var, ancaq fikirlərini tam ifadə edə, çatdıra bilmirsən. Ancaq​ bir neçə müsahibə verəndən sonra görürsən ki, daha rahat, sərbəst danışmağa başlayırsan. Futbolda da eyniylədi​ – daha çox qarşılaşdıqca,​ rəqiblər səni daha yaxından tanıdıqca sənə qarşı daha rahat oynayırlar. Futbol fəlsəfəmiz yaradıcı futboldu, ən çətinini seçmişik. Bunu kluba yeridə bilsək, 1 oyunda məğlub ola bilərik, ancaq əksərində qalib gəlmək ehtimalımız var. Bu gün uğur əldə edə bilmərik, ancaq​ gələcəkdə nəticə qazanmaq şansımız​ daha çoxdu. Yalnız müdafiəni düşünüb, əks-hücumda oynasaq, hardasa nəticə verə bilərik, bunu stabil edə bilmərik. Yaradıcı​ futbolu düşünsək, rəqibin nə qədər qapansa, sıx oynasa, əlbəttə, bizə o qədər çətin olur, nəticəni daim əldə edə bilmirik. Dediyim meydança amilinin burda böyük rolu var,​ bunlar da təsir göstərir. Yorğunluq da var, hər il 3 turnirdə iştirak edirik. Şükürlər olsun ki, 7 ildi durmadan​ bunu edirik. Hə, bəlkə kənardan rahat görünə bilər ki, oynamağa, bunu udmağa nə var, mütləq qalib gəlməlisən. Ancaq xırda detallar var ki, onun təsiri​ olur. Adi götürək son turdakı matçımızı. “Qəbələ”ylə görüşədək  son matçımızdan heç 3 sutka keçməmişdi. Hətta burdan Kiprə gedəndə bizdə problem oldu.

– Maraqlıdı, nə idi?

– Uçuşumuz​ 2-3 saat gecikdi. Texniki nasazlıq olduğundan təyyarəni dəyişdilər, saatlarla hava limanında qaldıq. Gecə çatdıq ora, səhər məşq,​ sonra oyun, səhər 7-də gəlmişik Bakıya. Burada sadəcə, fiziki, oyun​ yorğunluğu deyil. Təsəvvür edin ki, 7-dən ayaq üstəsən, bütün gecəni yol gəlirsən. Dəfələrlə yolda olmusunuz, yarım saat təyyarədə yatırsan, bu da yatmaq deyil. Beyin çox yorğun olanda gəlib yata da, istirahət edə də bilmirsən. Bakıda məşq eləməyə vaxt yoxdu. Düşünürük ki, futbolçular daha çox istirahət eləsinlər. Oyun günü​ səhər çıxıb məşq edirik, rəqibi analiz etməli, futolçularını​ oyunçularımıza göstərməliyik. Burda nə qədər​ xırda element var. Futbolçu da insandı, istər-istəməz bu qədər yüklənmə, yoğrunluq olmaz. Bəzən bu məqamlar ona gətirib çıxarır ki, istədiyin oyunu göstərə bilmirsən. Bu isə istədiyin nəticəni əldə edə bilməmək deməkdi. Azərbaycan daxilində də səfərə gedəcəyik – Qəbələyə, Sumqayıta. Bunlar hamısı bizim üçün səfərdi. Əlbəttə, bütün bunları​ analiz edirik. çalışırıq işimizdə hər şeyi​ ən yaxşı şəkildə edək ki, futbolçuları​ lazımı formada hazırlayaq. Yəni, belə xal itkilərimiz olacaq, qaçılmazdı.​ Təkcə özümüzə baxırıq – bu, “Qarabağ”dı, mütləq udmalıdı. Belə bir qayda yoxdu futbolda. Yaxud “Barselona” həmişə udmalıdı, belə şey yoxdu. Hətta ən yaxşı ulduzlar heyətində olanda da. Uğurlar oldu, bunları​ əldə qoruyub saxlamaq​ çox çətindi. Vacib olan klubu, komandanı, oyun fəlsəfəsini qoruyub saxlamaq və buna uyğun futbolçuları yığmaqdı. Əvvəlki “Qarabağ”ın güclü olduğunu deyirlər, onda Almeyda, Cumbinyo, Reynaldo, Leroyu 6​ ayın içində bir yerə yığa bildik. Öz futbolçularımızla bunların uyğunlaşması, tamamlamaq – bu işləri gördük.​ Belə bir komandayla 3-4 il yaxşı nəticə vermək iimkanımız oldu. Bu gün “Real” bir Ronaldo, “Barselona” bir Puyol tapa bilmir. Belə lider oyunnçuları yoxdu. Halbuki, hesablarında milyonlar, milyardlar oynayır. Əlbəttə,​ biz də bir anda Rəşad Sadıqov, Reynaldo tapa bilmərik. Hərənin​ bir üstünlüyü olur​ və sonda​ bir kollektiv əldə eləmək olur. Seleksiya baxımından əlavə bir neçə planım vardı, sadəcə, alınmadı, tamamlaya​ bilmədim. Ancaq hər bir halda komandamdan, futbolçularımdan​ razıyam, çox məsuliyyətlə çalışrılar, çox işgüzardırlar. Bu tərəfdən​ onlara heç bir sözüm yoxdu. Hər bir məşqçi, hər bir komanda istəyir ki, daha usta, bacarıqlı futbolçuları​ olsun.​ Hətta məşqçinin düşünmədiyi​ bir epizodda​ görürsən ki, oyunun taleyini həll edir. Belə futbolçular​ da böyük uğurlara gətirib çıxarır.​

 

“Ozobiçin Kadinin kölgəsində qalmasına gəlincə, ümumiyyətlə, belə şey düşünmürəm, pasportun da bura aidiyyatı yoxdu”

– Fərdlərə də toxunmaq istəyirik​ və başlayaq Filip Ozobiçdən. Onun “qab”ında olduğunu görmüşük. Ancaq bu mövsüm bir qədər kölgəyə çəkilib. Yeni transfer Kadi Borges onu kölgəyə çəkdi, yoxsa mili pasportu Filipi  arxayınlaşdırdı ki, onsuz da oynayacam? Yəni, geriləməni müşahidə edirik ki, Filip sanki öz “qab”ında​ deyil…

– Ümumən belə deməzdim. Ola bilər ki,​ bir az düşüşü var. O da buna görə ki, son 1 ildə 2 dəfə zədələndi – birində diz,​ digərində topuq nahiyəsindən. 30 yaşı var, ona formasını bərpa etmək heç də asan deyil. Ozobiç oyunun yükünü​ öz üzərinə çəkən oyunçulardandı. Orqanizm tam hazır olmayanda ondan çox şey tələb edirsənsə, daha çox yüklənməylə nəticələnir,​ öz formasının bərpa olunmasını gecikdirir. Kadinin​ kölgəsində qalmasına​ gəlincə, ümumiyyətlə, belə şey düşünmürəm. Hər futbolçunun​ üzərinə düşən funksiya var, çalışırlar onu doğru yerinə yetirsinlər.​ Sadəcə, fərqli oyunçulardı. Amma Filip ustalığı, qol vurmaq qabiliyyətinə görə ən yaxşılardandı komandada. Əlinə bir imkan düşsə, ondan istifadə etməyi bacarır. Pasportunun bura heç bir aidiyyatı yoxdu. Komandamda onun zəiflədiyini görmürəm. Sadəcə, axır oyunlarda həddindən çox yoruldu. 6 günə 3 oyun oynadı millidə, ondan əvvəl çempionat, bundan da öncə Konfrans Liqası. Ümuymiyyətlə, “Qarabağ”ın futbolçuları iyulun əvvəlindən bu yana klubda 14, millidə 5-ci matçı keçirəcəklər.​ ​ Bu, heç də az bir göstərici deyil. Futboluların psixoloji yorğunluğu fiziki yoğrunluğundan daha təhlükəlidi. “Fizika”ya 4-5 gün istirahət verə bilərsən ki, orqanizmi özünə gəlsin, bərpa olunsun. Sonra lap oyun oynamaz,​ sonrakılara tam hazırlaşar. Amma psixoloji yorğuynluq bundan xeyli ağırdı. Çempionat tam başqa ab-havadı, fərqli şeylər tələb edir. Milli fərqli, Konfrans Liqası fərqli, iqlim həddən artıq fərqli, tələblər, məşqçilər, komandalar tam fərqli. Ümumiyyətlə, futbolçunun, komandanın bu turnirlərdə stabil qalması çətindi, kim qala bilisə, ona əhsən deyirik. Çalışırıq onu qoruyub saxlamağa. Fikirləşirsən zədədən, psixoloji yoğrunluqdan qoruyum. O qədər xırda elementlər var ki… Bəli, Filipdən çox şey tələb edirəm. ondan daha çox şey gözləyirəm. Daha yaxşı nəticələr əldə etmək istəyiriksə, hər bir futbolçu daha yaxşı vəziyyətdə olmalıdı. Bunu bütün futbolçularıma bildirirəm. Bu gün bacardığımız qədər Ozobiçdən maksimumunu almağa çalışırıq. Elə oyunlar olur ki, 45 dəqiqə oynadıram, hardasa istirahət verirəm, rotasiyalar edirəm bəzi futbolçularla.​

– Bəs, yaxşı, məhsuldar oyun nümayiş etdirən Kadiyə necə qiymət verərdiniz?

– Həmişə demişəm ki, 1-2 oyun qol vurmaq, nəticə vermək hər şeyin ideal olduğu demək deyil. Bu futbolçu komanda üçün yaxşısı olacaq – belə bir şey yoxdu. Ən narahat olduğum da odur. Bəli, bunu ilboyu, növbəti il də davam etdirsə, hə, ondan fərqli futbolçu olacaq. Bəzən tələsməli, aldanmalı deyilik. Bəli, Kadi​ qollar vurdu, ancaq Ozobiç gedib İsraildə “Aşdod”da fərqləndi vacib anda, digərində məhsuldar ötürmə verdi, çempionatda dubla imza atdı.

– Ola bilər​ Ozobiç oyunboyu kölgədə​ olsun, ancaq bir anda səhnəyə çıxaraq öz sözünü deyə, vacib qol vura bilər…

– O, zatən belə futbolçudu. Filipin mövqe seçimi yaxşıdı, qol duyumu, qol vurmaq qabiliyyəti bəzi şeyləri kölgədə qoyur.​ ​

 

“Mahir yaxşı mənada sırtıqdı, Toral isə xarakteri daha da güclənməli, idmançı, kişi, insan kimi böyüməlidi”

– “Qarabağ” ilk “qaranquşunu uçurtdu” və şükür Allaha ki, ölkəni​ yaxşı təmsil edir, adını uca tuta​ bilir hələlik. Söhbət “Legiya”da uğurla çıxış edən Mahir Emrelidən gedir. Növbəti çemodanını qoltuğuna vurub yola salmağı planlaşdırdığınız uşaq Toral Bayramovdu, yoxsa başqasıdı?

– Toral bu gün hələ tam hazır deyil. Mahir bir az fərqli xarakterə malik oyunçudu. Ümumiyyətlə, onun fiziki gücü, dünyagörüşü bir az fərqlidi. Emreli üçün kənarda oynamaq bəlkə daha asandı, nəinki Bayramov üçün. Toral indi övladlarımızdan​ biridi, çox çətinliklər görüb, hələ uşaq xarakterindədi. Əlbəttə, onun idmançı, kişi kimi daha da formalaşmasına hələ ehtiyac var. İlk olaraq bunu aradan qaldırmalıyıq. Çünki bunlar olmayıb, futbolçu birdən ölkə xaricində olsa, xarakterindəki çatışmazlıqlar, əziyyətlərə dözə bilməmək​ ona mane ola bilər. Nəticədə oyunu orda alınmasın, sonra bir daha xaricə getməyi düşünməsin. Onda deyəcək ki, bir daha getmək istəmirəm​ Azərbaycandan kənara. Toralın çatışmayan cəhətləri çoxdu, xarakteri daha da güclənməli, idmançı, kişi, insan kimi böyüməlidi. Mahir futbol sahəsində yaxşı mənada sırtıqdı. Bu, onun üstün keyfiyyətlərindən biridi. Mahirdə məşqdə, oyunda çəkinmək, utanmaq yoxdu.

– Ancaq Toral elə deyil, utancaqdı…

– Ona görə deyirdim ki, o böyümək məsələsi Mahirdə tez getdi, əldə edə bildi. Toral isə hələ tam dərk eləmir ki, futbol, nəticə, uğur​ nədi. Özü də son vaxtlar gəlib “Qarabağ”da da, millidə də əsas heyət üzvü oldu, beynəlxalq matçlarda çıxış elədi. Ola bilər hələ tam anlamır ki, hardayam. Məni bu dəqiqə narahat edən məqam budu. Ümumən bu şeylər onun böyüməsi üçün böyük təkandı – bu yaşda ondan uğur​ tələb olunur və bunun üçün oynayır, məşq eləyir.​ Ancaq potensialı olan uşaqdı, Toral da, digər gənclərimiz də – Elvin Cəfərquliyev də, İsmayıl İbrahimli də. Sonuncular 2 ildi​ bizimlədirlər, komandada tam​ formalaşmağa başlayıblar. İndi böyük uğurun, onu əldə eləmək üçün böyük tələblərin içinə düşüblər.​ Onlar hələ böyüməlidirlər, o ağır yükləmələrə tam gətirilməlidirlər.​

– Yəqin ki, psixoloji cəhətdən…

– Bəli. Ümumiyyətlə, dərk eləməldiirlər ki, milli komandada nəticə nə olan şeydi, “Qarabağ”da, çempionatda nə olan şey. Çempionatda yaxşı olmalısan ki, avrokuboklarda yaxşı olasan. Orda yaxşı olmalısan ki, millidə yaxşı olasan və s. Bunlar bir-birini tamamlayır. Var potensiallı uşaqlarımız, təkcə “Qarabağ”da deyil, bütün Azərbaycanda. İnanıram ki,​ Mahirin orda yaxşı olması, o güvəni qazanması, istər-istəməz Azərbaycan futboluna diqqəti daha da artıracaq. Əlbəttə, çox istərdim ki, legionerlərimizin​ sayı çoxalsın.

 

“Milli komandamız haqda düz də desəm, səhv də desəm, yanlışqlıq olacaq”

– Həmin Mahirin, Toralın və digər istedadlı futbolçularımızın çıxış etdiyi millimiz evdə İrlandiyaya böyük hesabla uduzdu.​ Ölkəmizdə​ uşaqdan böyüyədək hər kəs üçün sevimli mütəxəssissiniz, hamı sizi bəyənir. Bəs, siz bəyəndiniz​ millimizin oyununu? Biz yaxşı oynadıqmı?

– Yəqin, özünüz görürsünüz, ümumiyyətlə, millidən son vaxtlar – millidən gedəndən sonra hər hansı fikir bildirmirəm. Sadəcə, həmişə ona uğular arzulamışam. Nəsə bəyəndim, nəsə bəyənmədim – mənim üçün düzgün çıxmaz. Düz də desəm, səhv də desəm, yanlışqlıq olacaq. İstər-istəməz​ fikirlər haçalanacaq – biri bir cür qəbul​ edəcək, digəri başqa​ cür.​ Amma məğlubiyyətə siz​ nə qədər üzülürsünüzsə, mən daha çox üzülürəm. Ona görə milliyə ancaq uğurlar arzulamaq istəyirəm. Həqiqətən​ futbolçularımıza görə çox üzülürəm. Oynayan bütün futbolçularımıza​ görə də məyus oluram, nəticəmizə görə də ki, belə bir hesab oldu​. Uğurlar arzulayırıq, ümidlə​ yaşayırıq, inşallah, hər şey yaxşı olar. Belə başa düşürəm ki, millinin oyununu nəsə müzakirə etməyim mənim üçün düzgün çıxmaz.

(Davamı olacaq)

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV (Sport24.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43