Kateqoriyasız

Qorxulu nağıl (Yazı)

Son 10 gündə Qurban Qurbanovun komandaları  Kosovodan  4 , “Sportinq”dən 6 qol buraxdı. Hər iki oyunda da meydanda heçnə yox idi. Nə milli komanda, nə də “Qarabağ” dünənki oyunda meydana futbol adına nəsə qoymadı. Məğlubiyyətlər bir tərəfə, oyunçular meydanda mübarizə belə apara bilmirdilər. Aqressivlik, reaksiya, döyüşkənlik heçnə yox idi. Əvəzində ruhsuz, ümidsiz və aciz oyunçu topluluğu var idi.

Hərdən futbolda baş məşqçinin nə qədər önəmli olduğu müzakirə edilir. Hətta söhbət Avropanın böyük komandalarından gedəndə ordakı oyunçuların məşqçiyə ehtiyacı olmadığını deyənlər belə olur. Təbii ki, bu, yanlış və futboldan uzaq olan adamların yanaşmasıdır. Futbolda ən önəmli fiqur baş məşqçidir. Əgər baş məşqçi yerində rahat deyilsə, psixoloji yorğundursa və ən əsası durum bunları özünün dilə gətirəcəyi qədər ciddirsə artıq böyük problem var deməkdir. Qurban Qurbanovun milli və klubda yaşadıqları bir baş məşqçinin komandada nə qədər önəmli olduğunun bariz nümunəsidir. İki oyuna da komandanı hazırlaya bilməmişdi. Əgər Kosovo faciəsində nəzərlər daha çox meydanın içərisində olsaydı milli komandanın final ab-havasında çıxdığı matçda oyunu necə yolaverdiyi görünərdi. Adətən komandalar nə qədər uğursuz zolaqda olur-olsun əhəmiyyətli oyunlara daha fərqli hazırlaşırlar. Ən azından fərqli motivasiyada olurlar. Ancaq nə milli komanda da, nə də dünənki “Qarabağ”da bu yox idi.

Dünən “Qarabağ”ın oyununu analiz etsək müdafiədən hücuma, qapıya qədər hər şey dəhşətli dərəcədə rəzil durumda idi. Bütün bunlar böyük problem kimi görünsə də, əsl məsələ bu deyil. Əsl problem komandanın bitkin və tükənmiş vəziyyətdə olmasıdır. Eynən Qurban Qurbanovun ruh halı kimi. Baş məşqçinin hazırda durumu eynən komandaya yansıyır. Hər kəs Kosovo və bu oyuna Qurbanovun oyunçuları yaxşı hazırlaya bilmədiyində həmfikirdir. Əslində Qurbanov nəinki oyunçuları, heç özünü də bu oyunlara hazırlaya bilməmişdi. Və ya  Qurban Qurbanovun özünü bu oyunlara hazırlayan lazım idi. Görünən odur ki, artıq cəsarətli qərar verməyin vaxtı çatıb. Qurban Qurbanov erasının bitdiyini deyənlərin sayını artırmamaq üçün seçim vaxtıdır. Uğurlu başlayan hekayələrin sonları qorxulu da bitə bilər. Bütün qəhrəmanlar öz sonlarını özləri hazırlayır.  Qurbanovun milli komandaya gəlməklə sonunu hazırladığını demək hələki çətindir. Ancaq iki komandanı çalışdırmaq istəməklə sonunun faciəli bitəcəyi dəqiqləşir. Qurban Qurbanov ölkə futbolu üçün böyük işlər görüb. O, heç kimin xəyal edə bilmədiyini həyata keçirib. Bütün bu uğurları qazanan birini bu qədər tez itirmək çox acı olar.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43