Ölkə futbolu

Qurban olmaq (Yazı)

UEFA Millətlər Liqasının adını ilk eşitdiyimizdə hamımızın milliylə bağlı həmişə arzuladığı xəyallar yenidən baş qaldırıb. Turnirin formatı, qruplardakı rəqiblərin “çəkisi” bizə nəsə xoş gəlmişdi. Millətlər Liqası bizə bəlkə də illərdir axtardığımız, xəyalını qurduğumuz günlərə keçmək üçün bir qapı olaraq görünür. Üstəlik millinin də başında Qurban Qurbanov kimi biri var. Son illərdə üzümüzün güldüyü məsələlərin böyük hissəsində payı olan biri. Azərbaycan futboluna imkansız olan zəfərlər yaşadan, peşəkarlıqla xarakterin eyni anda ola biləcəyini göstərən adam. Təbii ki, ona güvənəcəkdik. Ona da güvənməyib kimə güvənəsiyik ki ?

İlk oyunumuzu dünən Kosovoya qarşı keçirdik. Turnirdə ilk xalımızı alsaq da, qrupda liderlik üçün ən əsas rəqibimizi evdə məğlub etməliydik. Özü də etiraf edək ki, biz Bakıda daha fərqli Kosovo gözləyirdik. Rəqibin gözləniləndən bu qədər zəif oynaması bizim çox güclü olduğumuz mənasına gəlmir. Ki, buna sübut olaraq dünən oynadığımız oyunu göstərmək olar. Matçın əvvəlindən-axırına qədər nə etmək istədiyimizi doğru-düzgün anlayan olmadı. Oyun boyu gözə girən, can fəşanlıq edən bir futbolçu belə olmadı ki, vurğulayıb, adını çəkək. Qarşılaşmanın ardından Qurban Qurbanov oyundan və futbolçularından razı qaldığını dedi. Təbii ki, təcrübəli mütəxəssis nə oyundan, nə də oyunçulardan razı qalmamışdı. Sadəcə olaraq nəticədən razı qalmışdı. Bəli, Qurbanovu nəticə qane etmişdi. Qorxaq futbol oynadığımızı qəbul etməsə də, ilk hissədə ehtiyatlı oynamağa üstünlük vermək istədiklərini vurğuladı. Əslində ikisi arasında heç bir fərq yox idi.

Oyundan öncə keçirilən mətbuat konfransında isə bu turnirdəki uğursuzluğu faciə olaraq qiymətləndirməmək lazım olduğunu söylədi. O, bununla sanki öz üzərində olan təzyiqi azaltmaq və ya öz-özünə ürək-dirək vermək istəyirdi. Çünki xırda bir büdrəmədə üzərinə şığıyacaqlarının fərqindədi. Elə ilk oyundan da hədəf taxtasına çevrilmək istəmir. Başa düşür ki, hazırda media, azarkeş, rəhbərlik hər kəs ondan uğur gözləyir. Və üstəlik heçdə hamı onun uğurlu olmasını istəmir. O da bunun çox yaxşı fərqindədir. Elə buna görə də doğma meydandakı ilk oyun onun üçün çox vacib idi. Güclü rəqibə qarşı keçiriləcək ilk görüşdə hər cür nəticə ola bilərdi. Təcrübəli çalışdırıcı bu görüşdə nəyin bahasına olur-olsun məğlub olmamaq üçün meydana çıxmışdı. Və sizi əmin edirəm ki, dünənki bir xaldan sonra ən çox sevinib, dərindən nəfəs alan elə məhz özü oldu.

Bir adam düşünün ki, bir neçə gün öncə dörd bir tərəfdən tənqidlər blokadasına alınaraq Avroliqanın cavab matçına çıxır. Üstəlik ilk oyunda məğlub olub, hökmən qalib gəlməli olan bir matça. Və hər şeyə rəğmən rəqibinə aman verməyərək, darmadağınla qrup mərhələsinə vəsiqə qazanır. Üstündən heç bir həftə keçməmiş, haqqı ilə qazandığı zəfəri qeyd etmədən növbəti ağır yükün altına girir. Elə bir yük ki, hər an altında qala biləcəyi ehtimal olan bir yük. Bütün bunları nəzərə aldıqdan sonra onu hansısa heyət seçiminə , oyunçu dəyişikliyinə görə tənqid etməyə dəyməz. Əvvəla ona görə dəyməz ki, əlindəki oyunçuların potensialı aşağı-yuxarı hamımıza bəllidir. Hələ bu azmış kimi müəyyən itkilər və hazır olmayan oyunçular da var. Bunlar diqqətə alınması gərəkən, vacib məqamlardır.

Bir belə uğur qazanıb, sadə məğlubiyyətdə bu qədər “asılıb-kəsilən” çox az məşqçi olar. Amma neyləyəsən ki, həyat sənə bəxş elədiyi uğurlarla, zəfərlərlə yüzminlərin sevgisini qazandırsa da, bir o qədər də düşmən və paxıllar ordusu hazırlayır. Məhz bu səbəbdən Qurbanov dünən qorxaq futbol oynamadı, qorxdu. Ona görə qorxdu ki, illərdir zülmlə, min bir əziyyətlə qazandıqlarını az vaxta itirib heç edə. Qorxdu ki, zəfər anlarında onu ən çox tərif edib, üzünə gülüb, bir anda qaldırıb dağın başına qoyanlar, bir balaca fürsət düşən kimi elə o qoyduqları dağın başından aşağı salsınlar. O, rəqibdən yox, bunlardan qorxdu.

Bundan sonra nə olacağını, hansı nəticə qazanacağımızı bilmirəm. Bildiyim tək şey var ki, Qurban olmaq çox çətindir.
Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43