Müsahibə

Qurban Qurbanov: “Əfqanı bu gün komandadan uzaqlaşdırmışam”

Bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ” doğma meydanda AZAL-a 1:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Çətin qələbə qazandıq, amma futbolçularımdan razı qaldım. Çox səbrli oynadılar. AZAL təkcə müdafiə olunmağı yox, həm də topla yaxşı davranırlar. Heyəti daha da formalaşdıra biliblər. Tərlan müəllimə uğurlar arzulayıram. Belə bir çətin vəziyyətdə yaxşı komanda qurub.

– Yoxlama oyunda E.Abdullayev oynadı və qol vurdu. Onu hazır hesab etmək olarmı?

– O, 8 ay futbolsuz qaldı. Bu hər bir futbolçu üçün asan olmur. Formasını bərpa etməli və təcrübə yığmalıdı. Hazırda əvəzedicilərdə oynasa da, ehtiyatlı davranırıq. Qarşıda oyunlarımız var, çalışacağıq ki, əvəzedicilərdə oynadaq və təcrübə yığmalıdır.

– Az sonra əsas rəqibiniz “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Oyunu stadiondan izləyəcəksinizmi?

– Yox, çox güman ki, evdə olacam.

– “Qarabağ” hücumda əvvəlki tempdə oynamırdı…

– Bizim sürətli hücumlarımız olurdu. İstər-istəməz hücumda olduqda sürəti azca artırmaq lazımdı. Çoxlu epizodlarımız oldu. Komanda üzərinə düşən vəzifədən layiqincə gəlir.

– Bu gün klubun tərcüməçisi Əfqan Xəlillinin sosial şəbəkədə paylaşdığı yazı birmənalı qarşılanmadı…

– Mən həmişə demişəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Mən həmişə bunu tələb etmişəm. Bunu mən də oxumuşam. Məncə, bu mövzüda çox danışmağa dəyməz. Əfqanı bu gün  komandadan uzaqlaşdırmışam. Əfqanın işindən çox razı idim. Həmişə bir-birimizi başa düşürdük. Buna baxmayaraq, yaxşı işçimizi itirdik. Mənim qanunlarım var və heç kim buna qarşı getməməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43