Müsahibə

Qurban Qurbanov: “Bəlkə də bizi qarşıda növbəti məğlubiyyətlər gözləyir” – MÜSAHİBƏ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun idmanxeber.com saytına müsahibəsi:

– Komandanız Premyer Liqanın XX turunda “İnter”lə qarşılaşacaq. Hazırda kollektivdə vəziyyət necədir?

– Problemlərimiz var. Xeyli sayda futbolçumuz oyuna hazır deyil. “İnter”ə qarşı oynamaq həmişə çətin və maraqlı olub. “İnter” fərqli sistemdə oynayan rəqibdir. Çalışırıq ki, düzgün oyun quraq və meydandan maksimum nəticə ilə ayrılaq.

– Yəqin ki, əvvəlki oyunlardakı çatışmazlıqları özünüz bilirsiniz. “Qarabağ” “İnter”lə oyunda 3 xal qazanmaq üçün nə etməlidir?

– Futbol elə bir oyundu ki, qalib gələndə də çatışmayan cəhətlərimiz olur. Bəzən bunu aradan qaldıra bilirik, bəzən alınmır. Amma aydan-aya, ildən-ilə komanda istər-istəməz öz oyun üslubunda dəyişiklik edir. Biz bu gün əvvəlki oyunlardakı səhvlərimizi düşünsək, “İnter” bizə qarşı fərqli oyun göstərəcək. Çempionatın sonuna qədər bir neçə oyunumuz var və biz köhnə oyunlarımızı yox, bu ilin əvvəlindən bu yana keçirdiyimiz oyunları daha çox analiz edirik.

– Qurban bəy, Vüqar Nadirovla bağlı sualım var.  O, əvəzedici komandada çox uğurlu çıxış edir. Vüqarın əsas komandaya qayıtmaq variantı varı?

– Vüqar əsas komandadadır. Sadəcə formasını bərpa etmək üçün əvəzedicilərin heyətinə oyunlara çıxır. Son vaxtlar göstərdiyi oyunlar da pis deyil.

– Nadirovu qarşıdakı oyunlarda heyətdə görə biləcəyikmi?

– Bu cür davam etsə, formasını daha da yaxşılaşdırsa, əlbəttə ki, əsas komandanın heyətində oyunlara çıxacaq.

– Bəs, Arif Daşdəmirovun durumu necədir?

– Yox, Arif komanda ilədi, sağlamdı və heç bir problemi yoxdur. Sadəcə, müdafiə xəttində bəzi səbəblərə görə dəyişikliklər etdik. Düşünürəm ki, etdiyimiz dəyişiklik uğurlu alındı. Hərə öz üzərinə düşdüyü vəzifəni yerinə yetirə bildi. Arif bizim əsas oyunçularımızdan biridir. Sabah və ya başqa oyunlarda onu meydanlarda görə bilərsiniz.

– Rəşad Sadıqovun zədəsi nə yerdədir?

– Rəşad sağalıb və bu gündən komanda ilə birgə olacaq. Neçə gündü həkim nəzarəti altında məşqlər edirdi. Fiziki durumunu yaxşılaşdırıb. Durumu yaxşılığa doğru gedir.

– Əməliyyat olunan Dani Kintana ilə əlaqə saxlamısınız?

– Kintana ilə daima həkimlər əlaqə saxlayırlar. Hər şey qaydasında gedir. Müalicəsi düzgün qaydada gedir. Kintana 4-5 ay bizdən uzaq olacaq.

– Komanda “Qəbələ”yə məğlubiyyətin psixoloji gərginliyini üzərindən ata billibmi?

– Futbolçularımız peşəkardı. Əgər hər məğlubiyyətdən sonra psixoloji problemimiz olacaqsa, bu oyunu oynamağa dəymir. Çünki biz futbolçularımızla danışırıq, söhbət edirik. Uduzmağı da bacarmalıyıq. Məğlub olmuşuqsa, həmin məğlubiyyətin əvəzini növbəti oyunlarda çıxmalıyıq. Sadəcə, həmin oyundakı səhvlərimizi araşdırmalıyıq və bunu aradan qaldırmalıyıq. Hələ çempionatın ortalarıdır, bəlkə də bizi qarşıda növbəti məğlubiyyətlər gözləyir. Hazır olmalıyıq.

– Bu mövsüm “İnter”ə qarşı keçirdiyini oyunlarda qalib gələ bilməmisiniz. Növbəti oyunda qalib gəlmək üçün nələr edəcəksiniz?

– Dediyimi kimi, “İnter” fərqli sistemdə oynayan komandadır. Bəlkə bizə qarşı tam fərqli oyun nümayiş etdirəəklər. Hansı ki, biz buna hazır olmalıyıq. Ona görə qeyd etdim ki,, yanvar ayından bu yana keçirdiyimiz bütün oyunları düşünürük. “İnter”in son oyunlarına baxmışıq və lazım olanları qeydə almışıq. “İnter”lə oyunda qalib gəlmək üçün fərqli oyun göstərməliyik, heç vaxt istifadə etmədiyimiz vəziyyətlərdən hücumlar qurmalıyıq. Çalışacağıq ki, maksimum güc sərf edək.

– Sizcə çempionatın taleyini nə həll edəcək? “Qəbələ”nin daha çox istəkli görünməyi, yoxsa sizin daha çox təcrübəli olmağınız?

– Düşünmürəm ki, biz “Qəbələ”dən istəksizik. Hamı qalib gəlmək və çempion olmaq istəyir. Bizim istəyimiz heç kimdən az deyil. Çalışacağıq ki, bu mövsüm də çempion olaq. Çempion olmasaq, bu barədə yenə danışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43